Yazıçı-dramaturq Kamran Nəzirlinin “Narkoman” pyesi növbəti dəfə səhnədə

 

Sumqayıt Dövlət Dram Teatrı (SDDT) daha bir maarifləndirici səhnə əsəri ilə tamaşaçıların qarşısında çıxış edib.

Edebiyyatqazeti.az xəbər verir ki, yazıçı-dramaturq Kamran Nəzirlinin müəllifi olduğu “Narkoman” psixoloji dramı növbəti dəfə teatr səhnəsində oynanılıb.


Ali məktəbi qırmızı diplomla bitirmiş Ramin adlı gənc iş tapmaq üçün bir çox idarələrə baş çəksə də istədiyinə nail ola bilmir. Getdiyi bütün idarələrdə savadlı olmasına baxmayaraq müxtəlif bəhanələrlə uzaqlaşdırılır. Əvəzində isə qat-qat savadsız kadrlar pul gücünə, tanışlıqla işlə təmin olunaraq ən layiqli postlarda təmsil olunmağa başlayırlar.

İşsiz qalaraq ruhdan düşən Ramin narkotikaya qurşanır. Narkotik maddələrə olan tələbatı onu əyri yollara sövq edir. Ramin artıq ev, anasının zinət əşyalarını satır. Yaranmış vəziyyət nəticəsində ailədaxili psixoloji durum özünü göstərməyə başlayır. Baş verən hadisədə hamı bir-birini günahlandırmağa çalışır. Ana “camaatdan ayıbdır”, “adımız, sanımız var” deyib  oğlunu müalicə almaq üçün Narkoloji dispanserə yerləşdirmir. Sonda dərdə dözməyərək dünyasını dəyişir. Ailəsi Ramini tərk edir.

Həyatdan güclü zərbələr alan Ramin nəhayət ki, iradəsinin köməyi ilə narkomaniyadan canını qurtara bilir.

Finalda Raminin ailəsi yanına qayıdır. O, anasının ruhu qarşısında and içir. Beləliklə, tamaşa nikbin sonluqla bitir.
Quruluşçu rejissor Naxçıvan Muxtar Respublikası xalq artisti Kamran Quliyevdir. Baş rolda Əməkdar artist Cəlal Məmmədov. Digər rollarda Yeganə Məmmədvəliyeva, Şəhla Məmmədova, Rövşən Əsgərov, Mətləb Səfərli, İradə Zeynalova, Sevda Hüseynova  və başqaları ifa ediblər.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!