Daşkənddə Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbirdə Azərbaycan da təmsil olunub

 

Banqladeşin Özbəkistandakı səfirliyi və UNESCO-nun Daşkənddəki nümayəndəliyinin təşəbbüsü ilə Beynəlxalq Ana Dili Günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə səfirlər, beynəlxalq təşkilatların nümayəndələri, mədəniyyət mərkəzlərinin rəhbərləri və təmsilçiləri iştirak ediblər.

Banqladeşin Özbəkistandakı səfiri Mosud Mannan “Sülh üçün şeir” adlı layihə haqqında danışıb, UNESCO-nun dəstəyi ilə keçirilən Beynəlxalq Ana Dili Günü və bununla bağlı təşkil olunan tədbirlər barədə məlumat verib.

UNESCO-nun Özbəkistandakı nümayəndəliyinin rəhbəri Mariya del Pilar Alvares-Laso 1999-cu il noyabrın 17-də təşkilatın baş konfransında Banqladeşin təklifi ilə hər il fevralın 21-nin Beynəlxalq Ana Dili Günü kimi qeyd olunması haqqında məlumat verib.

Tədbirdə müxtəlif ölkələrin səfirləri və digər diplomatlar öz ana dillərində şeirlər səsləndiriblər.

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi direktorunun müavini Polad Zeynalov böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin “Ana dili” və “Latın dili” şeirlərini söyləyib. /Azərtac/


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!