“Ata” poema-eposunun təqdimat və müzakirə tədbiri keçirilib

Edebiyyatqazeti.az xəbər verir ki, ötən gün Azərbaycan Yazıçılar Birliyinin «Natəvan» Klubunda “Şöhrət” ordenli xalq şairi Söhrab Tahir Azər-Azərin “Ata” poema-eposunun təqdimat və müzakirə tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə xalq şairi, AYB-nin birinci katibi Fikrət Qoca açdı. Daha sonra AYB katibi, xaıq yazıçısı Çingiz Abdullayev, Azərbaycanın xalq şairi Sabir Rüstəmxanlı, DAMM İB-nin I vitse-prezidenti, İctimai Nəzarət Koalisiyası İH-nin sədri Rasim Məmmədov, "Şur” nəşriyyatının direktoru Musa Ələkbərli, görkəmli tarzən, Azərbaycanın xalq artisti Ramiz Quliyev, Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri Sayman Aruz, Söhrab Tahirin qızı, AYB-nin üzvü, yazıçı-publisist Nəsibə Tahir Anadil, Mikayıl Müşfiq və "Qızıl qələm" mükafatları laureatı, AYB-nin üzvü, şair Oqtay Rza Söhrab Tahir Azər-Azərin "Ata” poema-eposunun yaranma tarixindən, əsərin Azərbaycan ədəbiyyatındakı rolundan, şairin ədəbi, ictimai-siyasi fəaliyyətindən danışdı. Qeyd edildi ki,  "Ata” poema eposu Azərbaycanın tarixi-multikultural dəyərlərinin poetik ensiklopediyasına daxil edilib. Şairin mənəvi oğlu Rasim Məmmədov Söhrab Tahirin oğlu Tahir Tahirinin tədbir təşkilatçılarına və iştirakçılarına təşəkkür məktubunu oxudu. 

Qeyd edək ki, Azərbaycan ədəbiyyatında irihəcmli poetik əsər hesab edilən “Ata” poema-eposunun qədim şeir forması – qoşma şəklində yazılb. Poema-epos ümumilikdə 2048 səhifə təşkil edir. Eposun 6 girişi, 13 bölməsi, bölmələrin isə ümumilikdə 46 bölümü, hər bölümün isə 216 söylənci özündə birləşdirir. Poema-epos on min il əvvəl Yaxın, Orta, Uzaq Şərq genişliklərində yaşayıb yaradan, varlığını, vilayətini isbat edən türkdilli qəbilə, tayfa və xalqların, xüsusilə, Azərbaycan xalqının eramızın əvvəllərinə qədərki həyat və məişətinin bədii-tarixini özündə əks etdirir.

“Ata” xalq danışıq dilində yazıldığı üçün burada demək olar ki, ərəb, fars sözlərindən istifadə edilməmişdir.

Sonda tədbir iştirakçıları əsərin ədəbiyyatşünaslar, türkoloqlar tərəfindən dərindən öyrənilərək tədqiq olunmasının zəruriliyini vurğulayıblar.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!