Özbəkistanda ölkəmizə dair zəngin kitab kolleksiyasından ibarət sərgi açılıb

 

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən göndərilən zəngin kitab kolleksiyasından ibarət sərgi açılıb.

Kitab kolleksiyasında dövlətçiliyimiz, Azərbaycan tarixi, mədəniyyəti, iqtisadiyyatı, ədəbiyyatı, kulinariyası və s. mövzuda maraqlı kitablar yer alıb. Nəşrlər arasında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin son illər apardığı islahatlar haqqında kitablar da var.

Mədəniyyət Mərkəzində bir həftə davam edəcək sərgiyə gələn qonaqlar, buradakı kurs və dərnəklərdə iştirak edən gənclər və yeniyetmələr ölkəmizə dair nəşrlərlə tanış olmaq imkanı əldə edəcəklər. Maraqlananlar bu kitabları mərkəzin kitabxanasında oxuya, habelə onların surətlərini əldə edə bilərlər.

Sərgi başa çatdıqdan sonra kitab kolleksiyası Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinə hədiyyə ediləcək və bu kolleksiya burada yaradılacaq Məhəmməd Füzuli adına Azərbaycan Mədəniyyət, Təhsil və Tədqiqatlar Mərkəzinə veriləcək. Mərkəzə gələnlər internetlə Azərbaycanın elektron kitabxanalarından istifadə etmək imkanı əldə edəcək. Mərkəzdə Azərbaycan alimləri, ədəbiyyatşünasları ilə görüşlər, seminarlar, açıq dərslər, mühazirələr təşkil etmək də nəzərdə tutulur. /Azərtac/

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!