Ankarada şair Vaqif Bəhmənlinin “Hüzünlü misralar” şeirlər kitabının təqdimatı olub.
Təqdimat mərasimində Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlu, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Azərbaycanın Beynəlxalq Türk Mədəniyyəti Təşkilatındakı (TÜRKSOY) rəsmi təmsilçisi Elçin Qafarlı, Qırğızıstanın Xalq şairi və TÜRKSOY-dakı nümayəndəsi Kojogeldi Kuluyev və digərləri çıxış ediblər.
Çıxışlarda şairin yaradıcılığından, onun dərin mənalı ömür yolundan bəhs olunub. Qeyd olunub ki, Vaqif Bəhmənli gözəl şair olmaqla yanaşı, yüksək şəxsi keyfiyyətləri ilə də insanların sevimlisinə çevrilib. Şair möhkəm dost, səmimi və qayğıkeş insan kimi cəmiyyətdə hörmət qazanıb. Onun poeziya yaradıcılığında Vətənə sevgi, torpağa bağlılıq, elə-obaya məhəbbət tərənnüm olunur. Xalq şairi Kojogeldi Kuluyev kitablarını Vaqif Bəhmənliyə hədiyyə edib.
Sonra “Hüzünlü misralar” kitabını Anadolu türkcəsinə uyğunlaşdıran, şairə Ülkü Taşlıova və toplunun redaktoru, yazıçı Havva Təkim çıxış ediblər. Vaqif Bəhmənlinin şeirlərinin poetik gücündən, onun misralarının qüdrətindən bəhs edən yazıçılar bildirib ki, “Hüzünlü misralar” Türkiyə poeziyasevərləri tərəfindən maraqla qarşılanacaq, bəstəkar və musiqiçilər üçün cəlbedici olacaq. Tədbir çərçivəsində şairin şeirlərindən nümunələr səsləndirilib.
Şeirlər toplusunun Türkiyədə nəşr olunmasını həyatının ən sevimli anlarından olduğunu deyən şair, nəşrə və təqdimata görə, Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğluna, həmçinin iştirakçılara təşəkkürünü bildirib.
Sonra “Hüzünlü misralar” kitabı oxuculara şairin imzası ilə hədiyyə edilib.
Qeyd edək ki, 92 şeirin daxil olduğu kitab Avrasiya Yazıçılar Birliyinin “Bengü” nəşriyyatı tərəfindən çap olunub. /Azərtac/
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!