Fevralın 13-də Azərbaycan Yazıçılar Birliyində Xalq şairi, ədəbiyyatşünas alim Bəxtiyar Vahabzadənin vəfatının 10-cu ildönümü ilə əlaqədar “Ustada sayğı gecəsi” adlı tədbir keçirilib.
Tədbir Bakı Yunus Əmrə İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) və Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşkilatçılığı ilə reallaşıb.
AYB-in sədri, Xalq yazıçısı Anar tədbiri açaraq bənzərsiz şair, dramaturq, istedadlı ədəbiyyatşünas alim, gözəl pedaqoq, böyük vətənpərvər Bəxtiyar Vahabzadənin əziz xatirəsinin türk xalqlarının qəlbində əbədi yaşayacağını vurğulayıb.
TİKA-nın Bakı nümayəndəliyinin əlaqələndiricisi Teoman Tiryaki, Bakı Yunus Əmrə İnstitutunun müdiri Cihan Özdəmir çıxışlarında bildiriblər ki, Bəxtiyar Vahabzadə türk dünyasının şairidir. Onun əsərlərinin üslubu, məzmunu Azərbaycan hüdudlarını aşaraq kənarda da böyük sevgi qazanmışdı. Ömrü boyu türk dünyasına xidmət etmiş, millətimizin könlündən keçənlərin carçısı olan böyük şairin xatirəsi qəlblərdə daim yaşayacaq.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, AYB-in katibi Rəşad Məcid və başqaları görkəmli şair və ədəbiyyatşünas, ictimai xadim B.Vahabzadənin həyat və zəngin yaradıcılığından söhbət açıblar.
Qeyd edilib ki, B.Vahabzadə çağdaş Azərbaycan ədəbi-bədii, ictimai-siyasi həyatında tanınmış şəxsiyyətlərdən olub. O, zəngin yaradıcılıq yolu, elmi və pedaqoji fəaliyyəti, fəal vətəndaşlıq mövqeyi ilə müasir Azərbaycan ziyalılığının salnaməsinə qiymətli və yaddaqalan səhifələr yazıb. Azərbaycanda milli mənəvi dəyərlərin inkişafında xüsusi xidmətləri olan Xalq şairi ictimai xadim, vətəndaş kimi ana dilimizin də fəal təbliğatçısı və qoruyucusu olub.
Sonra Türkiyənin Atatürk Universitetinin professoru Sedat Adıgözəl “Bəxtiyar Vahabzadənin şeirində millət, vətən və dil”, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Esmira Fuad “Bəxtiyar Vahabzadə yaradıcılığında türkçülük”, İzmir Katib Çələbi Universitetindən Selçuk Türkyılmaz “Millətə yol göstərən şair: Bəxtiyar Vahabzadə”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru Pərvin Nurəliyeva “Bəxtiyar Vahabzadə və Şəki” mövzularında məruzələrlə çıxış ediblər. Məruzələrdə görkəmli şairin XX əsr Azərbaycan ədəbiyyatına verdiyi töhfələrdən danışılıb, onun yaratdığı obrazlardan, şeirlərindən, dramaturgiyaya gətirdiyi yeniliklərdən bəhs edilib. Bildirilib ki, B.Vahabzadə əsərlərində insanı daim mənəvi ucalığa səsləyib, poetik-fəlsəfi məzmunlu yaradıcılığı ilə poeziyamıza layiqli töhfələr verib. Onun yaradıcılığında azadlıq, istiqlaliyyət, vətənpərvərlik ideyaları, Vətənə, xalqa, torpağa dərin məhəbbət ruhu xüsusi önəm daşıyır. İstedadlı və vətənpərvər şair saf əqidəsi, fəal mövqeyi, mübariz və məğrur ruhu ilə xalqımızın yaddaşında əbədiyaşarlıq qazanıb. /Azərtac/
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!