Kiyev şəhərinin mərkəzi parklarının birində ölkəmizin Ukraynadakı səfirliyinin sifarişi ilə Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin heykəlinin ucaldılması üçün iki variantda eskiz layihələri hazırlanıb.
Bu barədə açıqlamasında Ukraynanın Xalq rəssamı, tanınmış heykəltəraş həmyerlimiz Seyfəddin Qurbanov məlumat verib.
Onun sözlərinə görə, milli ornamentlər nəzərə alınmaqla heykəlin eskiz layihələri hazırlanaraq səfirliyə təqdim olunub. Kiyev şəhər Dövlət Administrasiyası və səfirliyin birgə təsdiq olunmuş variantından sonra heykəl hazırlanacaq. Tuncdan hazırlanacaq heykəl layihəsinin hündürlüyünün beş metr olacağı nəzərdə tutulur.
Nəsiminin heykəlinin ucaldılması ilə bağlı artıq, Kiyev Şəhər Dövlət Administrasiyası ilə ilkin razılıq əldə edilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan olunub. /Azərtac/
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!