Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Gəncliyin səsi” festivalı çərçivəsində bir neçə gənc yazarla görüş keçirilib.
Edebiyyatqazeti.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin kinematoqrafiya şöbəsinin əməkdaşı Elşad Əliyev festival barədə ətraflı məlumat verərək ənənəvi olaraq festival günlərində yaradıcı gənclərin iştirakı ilə müxtəlif konsertlər, görüşlər və sərgilərin təşkil olunduğunu bildirib.
Çıxış edənlər bildiriblər ki, “Gəncliyin səsi” festivalı gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, əldə etdiyi nailiyyətlərin dəstəklənməsi, habelə, yeni simaların aşkar olunması məqsədi daşıyır. Paytaxtla yanaşı, bölgələri də əhatə edən festival gənclərin özlərini tanıtmaq, potensiallarını nümayiş etdirmək baxımından təqdirəlayiqdir.
“ASAN Könüllüləri” Gənclər Təşkilatının üzvlərinin də iştirak etdiyi tədbirdə gənc yazarlar - Tural Turan, İntiqam Yaşar, Emil Rasimoğlu, Fuad Cəfərli, Taleh Mansur öz şeirlərini səsləndirib, imzalı kitablarını iştirakçılara hədiyyə ediblər, onların suallarını cavablandırırblar.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!