Yazıçı Nüşabə Əsəd Məmmədlinin roman və hekayələrdən ibarət “Cavad xan” adlı kitabı Ankarada nəşr olunub. “Son çağ” nəşriyyatının məhsulu olan yeni nəşri türk dilinə Aynur Kahraman tərcümə edib.
Kitaba müəllifin “Cavad xan” romanı, “Yaşıl otlar cücərir” və “Özgə ömrü” hekayələri daxildir.
Tarixi mövzuda qələmə alınmış “Cavad xan” romanında görkəmli sərkərdə, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xan Ziyadoğlunun (1748-1804) Azərbaycanın istiqlaliyyəti uğrunda apardığı mübarizələrdən danışılır. Müasir mövzuda qələmə alınmış “Yaşıl otlar cücərir” və “Özgə ömrü” hekayələrində isə daha çox mənəvi-əxlaqi dəyərlər ön plana çəkilir.
Türkiyəli ədəbiyyatşünas Ənvər Uzun kitaba yazdığı “Ön söz”də müəllifin tarixi mövzuya bələdliyini, dərin müşahidə qabiliyyətini vurğulayaraq, əsərlərin bədii özəlliklərini konkret faktlarla səciyyələndirir.
Qeyd edək ki, indiyədək Nüşabə Əsəd Məmmədlinin bədii nəsr və dram əsərlərindən ibarət kitabları Polşa, Gürcüstan, Böyük Britaniya, ABŞ və başqa ölkələrdə çap edilib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!