Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunub.
1996-ci ilin bu günündə Azərbaycan Respublikası gənclərinin I forumu keçirilib. Respublikamızda Gənclər Gününün qeyd olunması isə 1997-cı ildə Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.
Prezident İlham Əliyev isə 2005-ci il avqustun 30-da “Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” sərəncam imzalayıb. Proqram çərçivəsində görülən işlər gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi yönündə ciddi irəliləyişə gətirib çıxarıb.
Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü ayrıca bir ilin (2007-ci il) “Gənclər ili” elan edilməsində də göstərib.
Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədilə dövlət başçısı 19 dekabr 2011-ci il tarixində Azərbaycan Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə sərəncam verib. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub. Prezidentin qərarları ilə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis edilib.
Qeyd edək ki, Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı.
Dünyada yalnız 1999-cu ildə Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!