Kitab məsələsi - Azər Qismət - Azər QİSMƏT

Azər QİSMƏT

Ötən həftə beynimin inkişafı və (hərdən belə proseduru həyata keçirirəm) təxəyyülümün genişləndirilməsi və təkmilləşməsi üçün kitab götürüb kafeyə girdim. Bunun üçün sakit və müştəriləri təkəm-seyrək görünən kafe nəzərimi cəlb etdi. Zahirən sakit görünən içərinin personalının dayazlığı ara mahnısından və cəmiyyətin lap son dayanacağına söykənən danışıqlarından göründü. Geri qayıtmadım, çünki kabinetlərdən birində əyləşib öz işimdə olacaqdım. Kitabı oxuyan zaman ofisiant oğlanla aşpaz qızın şit-şit zarafatlarının tonunu Saramaqonun mükəmməl cümlələri ilə hələlik ört-basdır edirdim. (Saramaqonun əsərini nahaq yerə götürməmişdim, çünki çətin cümlələri anlamaq istəyi məhz təxəyyülü təkmilləşdirir).

Dəqiqələrdən sonra mənim barəmdə danışdıqlarını eşitdim ki, "kitab oxuyub alim olacaq". Bir azdan, ironiya ilə olsa da, tarixin qızıl fondunda saxlanacaq atmacalarını kabinetin yaxınına gəlib eşitdirdilər. Görünür, bütün bunların mənasızlığını anlayıb mahnının səsini zilə qaldırdılar. Ofisiant oğlan irişə-irişə gəlib soruşdu ki, "mahnı maneçilik etmir?". Əlbəttə, belə gəncin sinirimə toxunacaq gücü olsaydı, özümü bağışlamazdım. Mən gülə-gülə "əladır, bu mahnını xoşlayıram" dedim. Gənc o mahnını dayandırıb hansısa türk kanalına atdı və oradakı sinirləri qıcıqlandıran reklam çarxlarının səsindən prinsipiallığıma görə pis olmadım. Əksinə, başqa hadisə yaşandı. Kafenin yanındakı proflaktoriyanın işçisi içəri girib qışqırdı ki, "burda kar var? Əlinizdən kliyentlərim bezdi". Səsi azaltdılar. Amma şit-şit zarafatların səsini getdikcə artırdılar. Bir azdan daşın qayaya rast gəlməsi anlamına gəlib sakitləşdilər. Sonra bildim ki, hansı səbəbə görə sakitləşiblər. Sən demə, içəri girən 2 (deyəsən, kriminala meyilli şəxslər idilər, kiminləsə hansısa haqq-hesabdan danışırdılar) nəfərin piti yeməsindən sonra səslərini alıblar.

Əslində, bütün bunlar niyə baş verdi? Çünki bu kafeyə yad bir nəsnə daxil olmuşdu. Onların düşüncəsinə yad olan bir nəsnə. Sanki şüuraltı düşüncələrə zərbə vuran kitablı insanın içəri girməsi mağara adamlarının həyat zövqləri və həyat cəbrlərinin istənilən bucaqları ilə tən gəlmirdi. Bu elementar məsələdir. Məni daha çox düşündürən başqa məsələ oldu: Görəsən, cəmiyyətdə bəzən ürəyi ağrıdıcı təsir bağışlayan belələri (əlbəttə, nisbətən oxumuşların nəzərində) hardan bilirdilər ki, kitab oxuyan adama sataşmaq o cəhətdən mümkündür ki, üz-üzə durub savaşmayacaq və qışqırmayacaq. Bəlkə özləri də nə vaxtsa kitab oxuyanda (müəllimin və "əzazil" valideynlərin məcburiyyəti altında) görüblər ki, mütaliə adamı hadisələrə sakit prizmadan baxıb izləyir, əsəbləri möhkəm olur. Hər halda məsələ açıq qalır.

Mən daşdöyən qəlbimlə bunun haradan qaynaqlandığını təxmini belə tuturdum ki, belələrinin dünyasında kitab oxumaq "zapadlo" sayılır. Hələ orta məktəb dövründən "bu gün dərs danışana söyüş qoymuşuq" anlamlı əmrlərin təsirindən çıxa bilməyənlər, təəssüf ki, estafeti davam etdirirlər. Belə estafeti genişləndirib şaxələndirirlər: əvvəl özləri oxumurlar, sonra həmyaşıdlarını qoymurlar, üçüncü mərhələ oxuyanlara atmacalarla bitir. Səbəb olmasa, cəhd də olmaz. Səbəb - elələrinin qısırlığıdır. Qısırlığı olanlar kompleks keçirirlər: "Biz bunu bacarmırıq, o, daha üstündür".

Qısırlıq varlı-kasıb məsələsindəki fərqin nisbətində, boy ölçüsünün uzun-qısalığında, kifir-yaraşıqlı xiffətində yayılıb qara yaraya çevrilir. Bir pendirin qırx gün duza qoyulmaması ucbatından brüselyoz kimi xəstəlik yaradıb, hətta sonsuzluğa gətirib çıxarmasının bəlası bəzən o duzun tapılmamasındadır. Əvvəlki axşam məktəblərində oxuyub heç olmasa yazı-pozu öyrənməyə çalışan qoca fəhlələrin qəlblərinin işığı indi çatışmır. Mahnının səsini artırıb aşpaz qızın yanında öz əskikliyini qonşu kabinetdə kitab oxuyan insana atmacaları ilə ört-basdır edən, tapdığı çıxış yolundan "qürrələnən" yeməkdaşıyan oğlan (yox, onu dünyanın məşhur brend restoranlarındakı mədəni ofisiantlarla müqayisə etməyək, sadəcə yeməkdaşıyan adlandıraq) necə başa salasan ki, Yusif Vəzir Çəmənzəminli gələcək taleyini kitabların sətirlərinə əsasən bilməyə çalışar və əksər hallarda bu, düz çıxarmış. Necə anladasan ki, Hitler öz hakimiyyətinə əsas düşməni bəzi filosofların kitablarında görüb meydanlarda qalanan tonqallara atdırıb. Mən o oğlanın gözlərində "Avropa" kreyserinin ilk yaylım atəşindən sonra Qış Sarayına hücum çəkən, ziyalıları məhv edənlərin gözlərindəki qorxulu alovu gördüm. Özündə olmayan məhv edilməlidir, yoxsa savadsızlıq üzə çıxar. 

Telejurnalistlər yaxşı bilir ki, ən çətin işlərdən biri sorğu götürməkdir. Əslində, hər hansı məsələyə dair adamların fikirlərini öyrənmək lazım gələndə ictimaiyyət arasına çıxıb bunu etməyə məcbursan. Bəs, niyə məcbursan? Əslində, bu iş sevinclə və könüllülük əsasında həllini tapmalıdır. Məsələ burasındadır ki, adamlardan sorğu götürmək mümkün deyil. Xoş əhvalla, gülə-gülə yaxınlaşırsan, hələ sualının nə olduğunu bilməmiş uzaqlaşırlar. Yaxud uzaqdan mikrofonu görüb yolunu dəyişənlər də tapılır. Haradasa elə şəxslər var ki, iş fəaliyyətləri ilə əlaqədar ekranda görünmələrini lazım bilmirlər. Amma görəndə ki, səndən tələbə qız və oğlanlar da qaçır, bunu kompleks hissi ilə əlaqələndirirsən. Sonra bu peşənin pillələri ilə irəlilədikcə məlum olur ki, burada heç bir kompleks yoxdur. Məsələn, 1980-ci illərin sonlarında sorğu götürmək çətinlik yaratmırdı. Adamlara verilən suallara sakitcə cavab verirdilər. 2000-ci illərdə isə tamam başqa vəziyyətdir. Bayaq söylədiyim kimi adamlar kompleks hissi keçirmirlər. Sadəcə, veriləcək suala cavab tapmağa çətinlik çəkirlər, məhəlləvari danışıqları ilə özlərini rüsvay etməkdən çəkinirlər. Biz bunu dəfələrlə müşahidə etmişik. Sual adi olsa belə məntiqli cavab eşidilmir. Yaxud, burada başqa nüans da var. Efirə çıxan adamın sonradan dostlar və qohumlar tərəfindən lağa qoyulması hallarını da eşidirik.

Telejurnalistlərin ən çox əziyyət çəkdiyi məsələlərdən biri ictimai nəqliyyatda, bazarda və sair yerlərdə çəkilişin aparılmasıdır. Müsahibə alan zaman kimsə arxadan boylanır, hoppanır, söz atır. Mən indi anlayıram ki, Mirzə Cəlil bazara gedib ev üçün alış-veriş edəndə hansı hisslər keçirib, hansı sözlər atılıb, yaxud görmək istədiyini müşahidə etməyəndə nələr yaşayıb. Kefli İsgəndər məhz buna görə içirdi. Avropa təhsili alan bir insanın Vətənə gəlib belələrini görəndə içməkdən savayı əlacı qalmırdı. Mən kafedəki yeməkdaşıyan oğlana necə anladaydım ki, Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında olanda da çarpayısının yanında kitab saxlayıb. Hətta vəfat edəndə də dolabın üstündə açılı kitab görüblər.

Bax, bütün bunları anlatmaq həm də ona görə çətindir ki, adamlar kitab oxumurlar. Bizə bəzən elə gəlir ki, siyəsətçi, elm adamı, müğənni bədii əsər oxumamalıdır. Hər kəs öz ixtisasına uyğun biliyini artırmalıdır. Anlamaq heç də çətin deyil ki, bədii əsər nitq qabiliyyətinin artırılması, surətlərin dili ilə həyatdakı gerçəkliyin başa düşülməsidir.               

Saramaqo isə eynəyinin arxasından mənə baxıb gülümsəyirdi. Deyəsən, demək istəyirdi ki, kafedəki vəziyyətdən çıxış yolunu bircə qışqırıqla həll edib yekunlaşdıra bilərdin, mənim çətin cümlələrim səni çətinliyə saldı.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!