1958-ci ildə "Nobel"ə o layiq görülmüşdü - Boris Pasternak

XX əsr rus ədəbiyyatının unudulmaz simalarından biri - yazıçı, şair, tərcüməçi Boris Leonidoviç Pasternak 10 fevral 1890-cı ildə Moskvada, yaradıcı yəhudi ailəsində andan olub. Atası Peterburq Akademiyasının üzvü, rəssam Leonid Osipoviç (İsaak Osipoviç), anası isə pianoçu Rozaliya İsidorovna Pasternak idi. Müxtəlif vaxtlarda ailənin qonaqları dövrün böyük musiqiçiləri, yazıçıları, sənət adamları, eyni zamanda L.N.Tolstoy kimi dahi ədib olub. 1909-cı ildə ailə Moskvada Rayner Mariya Rilke ilə tanış olub.

Pasternak uşaq və yeniyetməlik dövründə fortepiano dərsləri alıb. 1912-ci ildə Moskva universitetini bitirsə də, 20974 saylı diplomu almağa getməyib və həmin sənəd universitet arxivində qorunur.

İlk şeirlərini 23 yaşında çap etdirib. Şeirlərində əsasən dini mövzulara, təbiət mənzərələrinə, adət-ənənə motivlərinə yer ayırıb. 1955-ci ildə ona böyük şöhrət gətirən "Doktor Jivaqo" romanını bitirib və ədib üç il sonra ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Mükafat yzıçıya "çağdaş lirik poeziyada qazandığı böyük uğurlara və ənənəvi rus epik roman janırına gətiridiyi yeniliklərə görə" verilib. Sovet rejiminin təzyiqlərinə məruz qalan ədib mükafatdan imtina etmək məcburiyyətində qalıb. Dünya şöhrətli yazıçı 1960-cı ildə Moskva vilayətinin Peredelkino qəsəbəsində dünyasını dəyişib.


DOKTOR JİVAQO
(romandan parça)

BİRİNCİ KİTAB
ALTINCI HİSSƏ - MOSKVA OBASI

1

Yol boyu darısqal kupenin tərpənməz oturacağına söykənəndə adama elə gəlırdi ki, hərəkət edən təkcə qatardır, zamansa dayanıb, hələ heç günorta da deyil.

...Faytonçu doktoru gətirdiyi yüklərlə bir yerdə qarşılayıb Smolenskiyə tələsən kütlənin arasından az qala addım-addım uzaqlaşdıranda hava qaralmaq üzrəydi.

Faytonçu bazar meydanıyla kəsişən küçələrdən birinə buruldu.

Faytondan enib alaqapıdan içəri girəndə, qapıya yaxınlaşıb əlini zəngə atanda Yuri Andreyeviçin özündən asılı olmayaraq nəfəsi daraldı, ürəyi şiddətlə  döyünməyə başladı. Zəngdən bir şey çıxmadı. Yuri Andreyeviç zəngi bir də səsləndirdi. Bu cəhdlər nəticə vermədikdə o, ruhunu saran narahatlığı dəf etməyə çalışaraq, qısa fasilələrlə zəngi durmadan səsləndirməyə davam etdi. Yalnız dördüncü cəhddən sonra içəridən cəftəylə zəncir səsi eşdildi və bir qədər  sonra yana açılan qapınan arxasında az qala tamamilə görünməz olan Antonina Aleksandrovnanın başı göründü. Gözlənilməz görüşdən çaşdıqları üçün hər ikisi bir anlıq donub qaldı, nə danışdıqlarını, nə çığırdıqlarını eşitmədilər. Bir əli hələ də qapıda olan Antonina Aleksandrovna əlini ayırıb ixtiyarsız olaraq, qollarını yana açdı, onun bu hərəkəti hər ikisini cana gətirdi, dəli kimi bir-birinin boynuna sarıldılar. Az sonra bir-birinin sözünü kəsərək sualı sual ardınca yağdırmağa başladılar.

 - De görüm, salamatçılıqdı?

 - Hə, hə, narahat olma. Hər şey qaydasındadı. Sənə axmaq-axmaq şeylər yazırdım. Bağışla.  Ancaq söhbət eləyərik də. Nədən teleqram göndərmədin? İndi Markel gəlib sənin yüklərini yerbəyer eləyər. Deyəsən qapını Yeqorovna açmadığı üçün təşvişə düşdün? Narahat olma, Yeqorovna kənddədir.

 - Sən çox arıqlamısan ha. Amma daha da qəşəngləşmisən, cavanlaşmısan! Gözlə, faytonçunu yola salım, gəlirəm.

- Yeqorovnanı un gətirməyə yollamışam. Qalan hamısını buraxdıq getdi. Bir nəfər təzə dayəmiz var, sən onu tanımırsan, adı Nyuşadır, Saşenkaya baxır, başqa heç kəs. Qayıdacağından xəbər tutublar, hamı səbirsizliklə yolunu gözləyir. Qordin, Dudorov, hamı.

- Saşenka necədi?

- Allaha şükür, pis deyil. Biz az olar yuxudan durub.  Yoldan gəlməsəydin gedərdik yanına.

- Ata evdədir?

- Yazmamışdım ki? Səhərdən axşama qədər rayon dumasında olur. Sədrlik eləyir. Təsəvvür eləyirsən də. Sən faytonçunun pulunu verdin? Markel! Markel!

Yolu kəsən səbətlərin, çamadanların əhatəsində səkidəcə dayanmışdlar, yanlarından ötüb keçənlər onları başdan-ayağa qədər süzür, bir müddət dayanıb taybatay açıq qalan qapıdan içəri boylanır, uzaqlaşan faytonun arxasınca baxır, maraqla nəsə baş verəcəyini gözləyirdilər.   

Cavan bir cənabla qoşalaşıb dalandar kartuzunu  əlində tutan, əynindəki çit köynəyinin üstündən jilet geyən Markel darvaza tərəfdən qaça-qaça, çığıra-çığıra gəlirdi: 

- İlahi, görəsən doğrudan Yuroçkadır? Əlbəttə odur! Özüdür ki, var, bizim şahin oğlan! Yuri Andreyeviç, gözümüzə işıq gəldi, ağzı dualı fəqirləri nə yaxşı unutmamısan, dogma yurd-yuvana dönmüsən! Bəs sizə nə lazımdır? Nədi, adam-zad görməmisiz? - Marağını gizlədə bilməyib bu mənzərənin tamaşasına yığışan adamların üstünə acıqlandı. - Buyurun, keçin, cənablar! Tamaşa qurtardı! Keçin gedin!

- Salam, Markel, gəl səni bağrıma basım. Ay axmaq, kartuzu başına qoy. De görüm nə var-nə yox? Arvadın necədir, qızlar nə təhərdi?

- Necə olacaqlar. Böyüyürlər özləriyçün. Yaxşılıqdır hələ ki. O ki, qaldı təzə nə var-nə yoxa, sən oralarda cəngavərlik eləyəndə, biz də buralarda ayağımızı ayağımızın üstə aşırıb qalmamışıq.

Aləm bir-birinə elə qarşıb ki, qardaş, bu qarışıqlıqdan heç fələk də baş açmaz! Küçələr süpürülmür, dam-baca təmir olunmur, qarnımız boşdur, bağırsaqlarımız bir-birinə dolaşır, acından günorta dururuq yuxudan.

- Markel, səndən Yuri Andreyeviçə şikayət eləyəcəyəm. Yuroçka, bax o həmişə belədir. Daha onun axmaq söhbətlərinə qulaq asmağa səbrim çatmır. İndi də yəqin sənə görə belə eləyir, sənin könlünü ələ almağa çalışır. Amma ağlı başındadır, buna söz ola bilməz. Əl çək, əl çək Markel, özünə haqq qazandırma! Səndən baş açmaq çətin məsələdir, Markel. Ağlını başına yığ. Bura doktor evidir, yem alverçisinin evində yaşamırsan ey.

Markel doktorun yükünü daşıyıb dəhlizə yığandan sonra bayır qapısını örtüb sakit səslə, ərklə davam etdi:

- Antonina Aleksandrovna yaman hirslənir, özün gördün. Həmişə belədir. Deyir ki, Markel, sənin için qapqaradır, eynən his basmış boru kimisən,  mənə deyir. Deyir ki, nəinki indinin uşaqları, indinin ev tulaları da özünü səndən ağıllı aparır. Nə deyim, vallah, durub mübahisə eləyən deyiləm, ancaq Yuroçka, istəyirəsən inan, istəyirsən inanma, ancaq savadlı, oxumuş adamlardan eşitmişəm, deyirlər, guya yüz qırx il daş altında yatan massonlar oyanıb, mənim ağılıma gələn odur ki, bizi satıblap, Yuroçka, başa düşürsən, satıblar bizi, özü də qəpik-quruşa, zir-zibilə, bir ovuc tütünə satıblar. Ora bax, görürsən, Antonina Aleksandrovna mənə ağzımı açmağa imkan vermir, görürsən, barmaq silkələyir mənə.

- Silkələməyim, neyniyim? Yaxşı, az danış. Şeyləri qoy döşəmənin üstünə, özün də çox sağ ol, gedə bilərsən, Markel. Əgər bir şey lazım olsa, Yuri Andreyeviç səni çağırar.

   2

- Axır ki, yaxandan əl çəkdi. Sən inan ona, inan. Oyunbazın biridir. Özgələrin yanında özünü gic yerinə qoyur, ancaq əslində, saman altından su yeridəndi. Bilmirəm bu kazanlı yetimçə ilə neyləyəcəyəm.

- Yaxşı, sən də çox dərinə getmə! Məncə içkilidir, ona görə belə sarsaqlayır, fikir vermə.

- Əşşi, onun ayıq vaxtı olur ki? Düz deyirsən, qoy cəhənnəm olsun başımızdan. Bilirsən, Saşenkaya görə narahatam, qorxuram yenə naxoşlayar. Bu yatalaq epidemiyası olmasaydı… Sənin üst-başını bit-birə basmayb ki?

- Məncə, yox. Bilirsən necə rahat gəlmişəm, lap müharibədən əvəlki vaxtlarda olduğu kimi. Nə deyirsən, yuyunum? Hələ ki, əl-üzümü yuyum. Sonra əməlli-başlı çimib təmizlənərəm. Hara gedirsən? Niyə qonaq otağından keçirmirsən? Başa düşmədim, yolu dəyişmisiz?

- Ah, hə də! Axı sənin çox şeydən xəbərin yoxdu. Atamla çox düşünüb-daşınandan sonra qərara aldıq ki, evin aşağısından bir hissəni Kənd təsərrüfatı akademiyasına verək. Onsuz, qışda heç özümüz qaldığımız otaqları əməlli-başlı qızdıra bilmirik. Yuxarı da pis deyil, genişdir.

Oranı da təklif eləmişik. Hələ fikirləşirlər. Burda onların alimlərinin kabinetləri yerləşir, herbariləri, toxum kolleksiyaları… Siçan-siçovul yığışmasa, yaxşıdır. Baxma da, hər halda taxıldı axı. Ancaq hələ ki, otaqlar təmizdi. İndi bura yaşayıs sahəsi adlanır. Bura gəl, bura. Niyə gözlərini döyürsən? Hərlənib ehtiyat pillələrindən qalxacağıq. Başa düşdün? Ardımca gəl, indi hər şeyi sənə göstərərəm.

- Otaqları verməkdə yaxşı iş görmüsüz. Mənim işlədiyim hospital da əvvllər bir ağanın evi imiş. Saysız-hesabsız yanaşı otaqlar, bəzi yerlərdə parket də necə var elə qalmışdı. Çəlləklərdə palmalar vardı, gecələr onların kölgələri barmaqlarını kabus kimi oynadıb çarpayıların altına sürünrüdü. Yaralılar, döyüşlərdə odun-alovun içindən keçənlər qorxub yuxuda çığırırdılar. Nə isə, vəziyyəti yaxşı olmayanlar, kantuziya alanlar daha çox çığırırdı. Məcbur olub onları götürdük. Deməyim odur ki, varlıların evlərində də nəsə qeyri-adi şeylər olur. Artıq şeylər. Evdə artıq mebelin, artıq otaqların olması adamda gərəksiz hisslər, lazımsız fikrilər oyadır. Evi kiçiltməkdə ağıllı iş görmüsüz. Amma bu da azdır. Bir az da kiçiltmək lazımdır. Bir balaca da…

- O nədi elə başın çıxardıb? Aaa, quş dimdiyiniə oxşayır, ördək başı! Necə də gözəldir! Vəhşi ördəyə oxşayır! Bu hardandı belə? Gözlərimə inana bilmirəm! İndiki zəmanədə bunun bir xeyli qiyməti var!

- Vaqonda bağışladılar. Uzun söhbətdi, sonra danışaram. Nə deyirsən, qoyaq mətbəxdə qalsın?

- Hə, əlbəttə. İndi Nyuşanı çağıraram, qoy gəlib yonsun, içini təmizləsin. Bu qışdan yaman danışırlar, deyirlər möhkəm soyuqlar düşəcək, aclıq baş alıb gedəcək.

- Əşşi, belə şeyləri hər yerdə danışırlar. Bir az əvvəl vaqonun pəncrəsindən bayıra baxıb fikirləşirdim. Bu dünayda adamın ailəsindən, işindən əziz başqa nə ola bilər?

 Qalan şeylər bizim iradəmizdən asılı deyil. Görünür, çox adamı qarşıda bədbəxtlik gözləyir. Bəziləri canını qurtarmaq üçün cənuba, Qafqazlara çıxıb getmək barədə fikirləşir, buralardan bacardığı qədər uzaqalara. Belə fikirlər mənim qaydalarıma ziddi.

Adam dişini-dişinə sıxmaqla da olsa, dogma diyarının taleyinə şərik olmalıdır. Mənə elə gəlir ki, bu qaçılmazdır. O ki, qaldı sizə, bu başqa məsələdir. Sizi arxayın bir yerə göndərmək istəyərdim, Finlandiyaya-zada. Nəisə, hər pillənin üstündə yarım saat qalası olsaq, bü gün çətin yuxarı çıxa bilərik.

- Dayan. Qulaq as. Təzə xəbər var! Özü də necə xəbər! Mən də az qala unutmuşdum. Nikolay Nikolayeviç qayıdıb.

- Hansı Nikolay Nikolayeviç?

- Kolya dayı.

- Tonya! Ola bilməz! Ondan nə əcəb?

- Görürsən ki, olur. İşveçrədən qayıdıb. Hərlənib-fırlanıb gedib Londona da çıxıb. Özü də Finlandiyanı keçməklə.

- Tonya, zarafat eləmirsən ki? Siz onu görüb eləmisiz? Hardadı? Onunla görüşə bilərəm? Özü də vaxt itirmədən, elə bu dəqiqə?

 -Səbirsizlik eləmə! Şəhər kənarındadı, kiminsə bağına gedib. Sabah yox  biri gün qayıdacaq, söz verib. Çox dəyişib, görsən tanımazsan. Yolüstü Peterburqa da baş çəkib, bir müddət ilişib qalıb orda.

Atam nəfəsi kəsilənə qədər onunla mübahisə eləyir. Doğrudan ha, niyə hər pillədə bu qədər dayanırıq? Gedək. Demək, qarşıda bizi yaxşı heç nə gözləmədiyi barədə şayiələri sən də eşitmisən, çətinliklər, təhlükələr, anlaşılmazlıqlar, eləmi?

- Mən özüm elə fikirləşirəm. Nəsə. Çətinliklərə boyun əyən deyilik. Görək axırımız necə olur. Hamı necə, biz də elə.

- Deyirlər odunsuz qalacağıq, susuz, işıqsız qalacağıq. Pullar dəyişəcək, deyirlər. Yükdaşınmanı saxlayacaqlar.  Yenə dayandıq. Gedək.

Gör nə deyirəm. Arbatdakı emalatxanaların birində dəmirdən yastı peçlər düzəldirlər, camaat yaman tərifləyir. Deyirlər içində qəzet yandırmaqla üstündə yemək bişirmək olur. Ünvanı mənə veriblər. Nə qədər alıb daşımayıblar, birini almaq lazımdır.

- Düz deyirsən. Alarıq. Mənim ağıllı Tonyam. Sən bir işə bax da, demək, Kolya dayı gəlib çıxıb! Hələ də ağlıma sığışdıra bilmirəm! 

- Mənim belə bir planım var. Yuxarıda, evin bir tərəfində biz, ata, Saşenka da Nyuşayla bir yerdə, tutaq ki, iki, ya da üç otaqda yerbəyer olaq, lap iç-içə otaqlarda da olar, evin qalan hissəsini boşaldaq. Küçə tərəfdən aranı kəsək. Həmin o yastı, dəmir peçlərdən birini alıb qoyaq otağın ortasından, tüstü borusunu da uzadıb nəfəslikdən çıxardaq bayıra, paltar yumaq, yemək bişirmək, nahar, qonaq qəbul eləmək, nə bilim, elə hər şeyi orda eləyək, evi birtəhər qızdıraq, Allahın köməkliyilə görək qışı necə başa vururuq.

- O nə sözdü? Əlbəttə qışı başa vuracağıq. Buna qətiyyən şübhən olmasın. Ancaq bunu çox yaxşı fikirləşmisən. Halaldı sənə. Bilirsən nə var? Sonra da sənin planını qeyd eləyərik. Gətirdiyim ördəyi qızardarıq, necə deyərlər, təzə evə köçməyimiz münasibətilə Kolya dayını də qonaq çağırarıq. 

- Möhtəşəm. Qordondan xahiş eləyərəm spirt tapıb gətirər. Bir laboratoriya var, ordan gətirir. Bura bax. Sənə dediyim otaq budur. Bax buranı seçmişəm. Bəyənirsən? Çamadanı qoy yerə, düş get səbəti gətir. Kolya dayıdan, Qordondan başqa, İnnokentini, bir də Şura Şlezingeri də dəvət eləyərik. Etiraz eləmirsən ki? Yəqin bizim əlüzyuyanın yeri yadından çıxmayıb hələ? Oralara dezinfeksiya dərmanlarından çiləmək yadından çıxmasın. Mən də gedim Saşenkanı gətirim, Nyuşanı aşağı göndərim, bir azdan səni çağıraram.

3

Moskvada onunçün əsas və maraqlı xəbər oğlunun varlığı idi. Saşenka anadan olandan az sonra Yuri Andreyeviçi cəbhəyə göndərdilər. Oğlu haqqında nə bilirdi o?

Bir dəfə yola düşməzdən əvvəl, Yuri Andreyeviç toplanış məntəqəsindən çıxıb Tonyanı görmək üçün birbaşa klinikaya gəlmişdi. Onun gəlməyi uşaqların yedirdilmə vaxtına təsadüf etmişdi. O vaxt doktoru arvadının yanına buraxmamışdılar.

Dəhlizdə oturub gözləmişdi. Elə bu vaxt mamaça otağına gedən uzun dəhlizin o başında, anaların uzandığı palatanın yanında eyni vaxtda on-on beş uşağın xorla ağlamaq səsi gəlmişdi.

 Dayələr körpələri soyuğa verməkdən ehtiyatlanıb onları cüt-cüt qoltuqlarına vurub əmizdirmək üçün tələskənliklə analarının yanına aparırdılar, kənardan baxanda sanki alış-verişə tələsirdilər.

- İnqə, inqə, - körpələr vəzifə borclarını yerinə yetirirlərmiş kimi, bir not üstə ağlayırdılar, ancaq bu unisonun içindən bircə səs o birilərindən seçilirdi. Həmin uşaq da "inqə, inqə" - deyib çığırırdı, onun da səsində insan əzabının bütün çalarları hiss olunurdu, amma bu körpə o birilərindən fərqli olaraq vəzifə borcunu yerinə yetirməkçün deyil, sanki acığını, hirsini büruzə vemək üçün bas səslə, qəsdən mızıldayırdı. 

Yuri Andreyeviç elə o an oğluna qayınatasının şərəfinə Aleksandr adı   vermək qərarına gəldi. Bu cür ağlağan körpənin məhz onun oğlu olduğuna hansı səbəbdən qərar verməyi özünə də qəribə gəldi, çünki bu çığırtı fizionomiyayla bağlı bir şey idi, bu çığırtıda insanın gələcək xarakteri əks olunurdu, bu ağlaşma səsində sanki oğlanın adı da əks-səda verirdi - Alekandr və Yuri Andreyeviç bunu eşitdi.

Yiri Andreyeviç səhv etməmişdi. Sonradan həmin o bas səslə ağlayan körpənin həqiqətən də Saşenka olduğu məlum olmuşdu. Oğlu haqqında ilk bildiyi bu idi.

Yuri Andreyeviç çamadanı qaldırıb mətbəxdəki pəncərənin yanındakı üzü mahud örtüklü masanın üstünə qoydu. Bu otaq əvvəllər necəydi görəsən? Doktor xatırlaya bilmədi. Görünür, Tonya otaqdakı mebelləri çıxatrmış, ya da divar kağızlarını dəyişmişdi. 

Doktor ülgücü götürmək üçün çamadanı açdı. Düz pəncərəylə üzbəüzdəki kilsə zənglərinin sütunları arasından aydın, bütöv Ay görünürdü. Elə ki, Ay işığı çamadanın yuxarı tərəfindən yığılan ağların, alt paltarlarının, kitabların üstünə düşdü, otaq bir başqa cür işıqlandı və doktor harada olduğunu xatırlaya bildi.

Doktor bir müddət eləcə dayanıb xəyala daldı, sonra səbəti gətirmək üçün aşağı endi.

Elə Anna İvanovnanın keçmiş anbarına təzə girmişdi ki, arvadı ikinci, ya da üçüncü otağın dərinliyindən onu səslədi:

- Gələ bilərsən, Yura!

Saşenkanın yanına tələsdi.

İndiki uşaq otağı bir vaxtlar Tonyayla onun böyüdüyü uşaq otağıydı.  Çarpayıdakı oğlan uşağı fotolarındakı kimi gözəl olmasa da, bir alma kimi Yuri Andreyeviçin mərhum anası Mariya Nikolayevna Jivaqoya oxşayırdı, bu, heyrət ediləcək oxşarlıq idi, ən çox da Yuri Andreyeviçin yaddaşında, xatirələrində qalan təsvirə oxşayırdı.

- Saşenka, bax, ata, bu kişi sənin atandır, ataya əl ver, - Antonina Aleksandrovna atasının uşağı rahatca qucağına alması, onu rahat qucaqlaya bilməsi üçün oğlunu çarpayının üstünə qoydu.

Saşenka bu tanımadığı üzü tüklü kişini bir qədər yaxına buraxdı, sanki qorxdu, tez balaca əllərilə onu itələdi, Yuri Andreyeviç oğluna sarı əyiləndə oğlan çevrilib anasının köynəyinin yaxasından yapışaraq qadının sifətini əsəbiliklə şapalaqlamağa başladı. Bir qədər də cəsarətlənən Saşenka dəhşət içində anasının sinəsinə çökdü, üzünü qadının sinəsinə sıxan oğlan çarəsz uşaq məsumluğuyla hönkür-hönkür ağladı.

-Şşşş, şşş,  - Antonina Aleksandrovna uşağı sakitləşdirməyə çalışdı. - Belə olmaz, Saşenka. Ata elə bilər ki, sən yaxşı oğlan deyiləsən, elə bilər ki, Saşa tərbiyəsizdi.

Ataya göstər adamı necə öpməyini. Ağlama, ağlamaq olmaz, niyə axmaqlayırsan?

- Rahat burax uşağı, Tonya, - doktor dedi. - Əziyyət vermə ona, özün də kefini pozma. Tanıyıram da səni, Allah bilir nələr fikirləşirsən. Nə bilim, indi deyəcəksən bu, pis əlamətdi, filan… Boş şeylərdi hamısı. Özü də çox təbiidir. Uşaq birinci dəfədir məni görür.  

Görərsən. Sabah öyrəşəcək, aramzdan su da keçməyəcək.

Doktor özü də otaqdan islanmış cücə kimi pərt çıxdı, içində qəribə bir hiss vardı, nəsə bədbəxtlikdən xəbər verən bir hiss.

Rus dilindən tərcümə edən:
Əyyub QİYAS


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!