Yazıçı Cavi Danın "Məhsəti" romanı nəşr olundu

 

“Bir qadın gətirin gözünüzün qarşısına... Gözəl, gənc, ağıllı, istedadlı, azad ruhlu bir qadın... Özünün şeir, musiqi, hətta şahmat məktəbi olan bir qadın... ŞƏRQ QADINI...

Və o qadının nə az, nə çox –
 düz 900 il bundan öncə yaşadığını düşünün.

Biz çox qədimik, yoxsa o, daha müasirdir? Şərq dünyasının yaradıcı qadına, onun azadlığına, ictimai fəaliyyətinə münasibəti 900 il əvvəl necə idi, indi necədir? Ümumiyyətlə, kimdir Məhsəti? Sarayların bəzəyimi? Sultanların rəfiqəsimi? Yoxsa sadə camaatın, rəiyyətin dostumu? Bu günümüzə qədər gəlib çatmış o zərif və cəsarətli rübailərin misralarında hansı ruh gizlənir? Necə bir ruh?...

Bütün bu suallara Azərbaycanın ilk şair, ilk musiqiçi və ilk şahmatçı qadını olan Məhsəti Gəncəvidən bəhs edən bu əsərdə dolğun cavablar tapa biləcəksiniz”.

Edebiyyatqazeti.az xəbər verir ki, yazıçı Cavi Danın yeni çap olunmuş “Məhsəti” romanı bu sözlərlə oxuculara təqdim olunur.

TeasPRESS Nəşriyyatı tərəfindən  çap olunmuş kitab müəllifin sayca dördüncü kitabıdır.

"Məhsəti"ni özünün ilk kitabı kimi qəbul edən yazıçı  çap şərtlərinin və nəşriyyat işinin hər zaman arzusunda olduğu standartlara uyğun şəkildə reallaşdırıldığını söyləyib. Cavi Dan bundan öncəki əsərlərini də yenidən reaktə edərək çap etdirmək fikrindədir.

Kitabın redaktoru yazıçı-publisist Kərim Kərimlidir.

Qeyd edək ki, roman Azərbaycanın ilk xanım şairi Məhsəti Gəncəvinin həyat və yaradıcılığından bəhs edir. Əsərdə şairin rübailərindən, “Əmir Əhməd və Məhsəti” dastanının süjet xəttindən istifadə olunub.

Kitab bütün Libraff mağazalarında satışdadır.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!