"Ədəbiyyat" - Valerinin “Sənət haqqında” əsərindən - ESSE

Daima hərəkətdə olanlar, çalışqanlar, yaradanlar...

İstər-istəməz bütün kitablar müəllifin daxili monoloqudur. İnsan yoxsa - ruh səninlə danışır? Bu daxili söhbətlərdən müəllif nə isə götürür. Sonra yaratdığı əsərə nəzər salan müəllif, ya özünü sevir, ya da nifrət edir.

Əgər qələmə alınan monoloq tamlıqla əlimizdə olsaydı, o zaman tənqidçilərin verə biləcəyi suallara cavablar əldə edə bilərdik.

Bəs tənqid nədir? Tənqid müəllifə toxunmadan əsərə verilən qiymətdir. Tənqidçi oxucu olmamalıdır. Oxucunun şahidi olmalıdır. O, oxucunu izləməli və onun nədən həyəcanlandığını hiss etməlidir. Bəzən tənqidçi müəlliflə çox məşğul olur. Olunan tənqidi, yalnız bir fraza ilə də xarakterizə etmək mümkündür: “Mən tənqidçi olaraq, məsləhət gördüyüm kitabı filan temperamentli insanların, filan əhvalda olması zamanı oxumağı məsləhət görürəm”.

Müəllifin kitabı dərc olunduqdan sonra deyilmiş bütün tənqidlər yersiz görünür.

Məsələn, əgər mən Pyerin portretini yaradıramsa, kimlərsə bu portretdə Jakı görürlərsə, mübahisə etməyin mənası yoxdur. Bir fikir, digər fikrə söykənə bilər.

Siz kitab yazmaq istərdinizmi?

Bununla nə əldə edəcəksiniz? Siz yüksək ideya axtarışındasınız, yoxsa publika qarşısında uğur və şöhrət, mənfəət əldə etməyi düşünürsünüz? Yayımlanmaqla kimlərinsə diqqətini cəlb etməyi düşünmüsünüzmü? Kimi əyləndirmək istəyirsiniz? Kimi heyrətləndirmək, kim ilə müqayisəyə girmək, kimlərin qibtəsinə nail olmaq istəyirsiniz? Kimləri qarabaqara izləyib, gecələr kabusuna çevrilmək istəyirsiniz?

Hörmətli müəllif, siz kimin itaətindəsiniz? Kimə qulluq edirsiniz? Demosa, Sezara, yoxsa Allahamı? Bəlkə Veneraya? Bəlkə hərəsindən bir az…

Gəlin sizin istifadə etdiklərinizə nəzər salaq:

Hər hansı bir dildə  mükəmməl, qüsursuz yazmaq illüziyadır. Alimlər bu qənaətdədirlər. Mən bununla hardasa razı deyiləm. Dilin məlum təmizliyi, orqanikliyi illlüziya kimi görünə bilər. Dil-statistik və yenilənən məhsuldur. Məlum normalara malikdir. Hər kəs dilə öz töhfəsini vermək iqtidarında ola bilər. Kimsə onun imkanlarını daraldar, kimisə onun imkanlarını genişləndirə bilər.

Sintaksis - ruhun bacarığıdır. İnsanlıq ən çox nədədir?

Bəziləri düşünür ki, yaradıcılıq nümunələrinin həyati bacarıqlar “insanlıq” xüsusiyyətindən asılıdır. Onlar doğruluğa yetməyə çalışırlar. Bəs fantastik əsərlərin uzun ömürlü olmasına nə deyə bilərsiniz?

Uydurulmuş, nağılvari əsərlərdə daha çox maraq və insanlıq var, nəinki reallıağa söykənmiş əsərlədə.

Müəllifin öz əsərinə münasibəti

Hər bir şair əvvəl-axır yaratdığı əsərlərinə tənqidi nəzərlə yanaşmaqla qiymətləndirir. Yazı ilham sənətidir. İlhamlaşmaq isə hipotezadır. Məhz bu hissin köməyi ilə müəllif, müşahidəçiyə çevrilməyi bacarır.

Bülbül belə, nə üçün oxuduğunu dərk etmir. Ona səbəb məlum deyil. Biz özümüz də bülbülün bu vəziyyətinə baxıb, onun hansı ab-havada olmasını, nə hiss etməsini təyin edə bilmərik. O, bütünlükdə özünü ritmə verir. Poetik fikir də belədir. Əsl hissin təzahürü banaldır. Biz həqiqi olduqca banalıq. Hisslərimizi bütünlükdə çəkib daxilimizdən çıxarmağı bacarırıqsa, banallığı daha çox çəkib çıxarmağa cəhd edirik əslində. Bunun öhdəsindən gələ bildikcə, ədəbiyyatda daha möhtəşəm deyimlərin, deyilməmiş sözlərin əsasını qoymağa nail ola bilirik.

Mükəmməllik yeganə daldanacaqdır. Burada sərçə kimi yüngül və qıvraq olmaq lazımdır, lələk kimi yox. 

“Rəngli” üslub. Üslubu bəzəmək

Üslubu, aydınlığı bilən yazıçı bəzəyə bilər.

Yazıçı və oxucu arasında əhval fərqləri var. Əgər sən oynaq yazırsansa, oxucu gərgin və ehtirasla oxuya bilər. Və ya əksinə.

Kitablarla insanların düşmənləri eynidir: alov, nəm, zaman.

Fikir və hiss çılpaqlığı, insanın çılpaqlığı qədər köməksizdir.

Fikir ikicinslidir: o özü-özünü mayalandırır və daşıyır. Şeriyyət düşüncənin bayramına çevrilməlidir. Bayram oyundur, şənlikdir, düzəndir. 

Poeziya - sözün tək və cəm formalarında müxtəlif üsullarla artikulyasiyasına cəhddir. Bu cəhd çığırtı, göz yaşı, əzizləmə, nəfəs və.s hissləri tazahür etməyə köklənir. Əslində bu hiss izaholunmaz bir duyğudur.

Poeziya ilkə, əvvələ qayıdışdır. Onu büt və illüziyalardan təmizləyib, “yaradıcılıq dili”  adlandırıblar. Şerin süjeti, insanın ismi qədər vacib olan nüansdır.

Lirika açıq çığırtıdır. Hərəkətin səsidir. Zamanlardan üzü bəri insan səsi ədəbiyyatın əsas prinsiplərindən olub. Bu səs keçmişin temperamentini, formasını özündə daşıyıb. Vaxt gəldi səsli oxunu, hərflər əvəz etməyə başladı. İnsanlar gözləri ilə oxumağa vərdiş etdilər. Məhz o vaxt ədəbiyyat tanınmazlığa qədər dəyişdi. Ritmdən aniliyə keçid oldu. Bütün keyfiyyətlər insanın səsinin köməyi ilə öz əksini poeziyada tapmalıdır. Səsi, gözəl deyilmiş ifadələr, hisslərlə dolu sözlər əvəz etməlidir.  Bu, haradasa cəzbetmədir. Səs, ideya və sözün vəhdətində doğulur. Əsas - gözəl səslənmənin davamlı olmasına çalışmaqdır. İlhamlaşmanın ideyası özündə bunları birləşdirir: İlahidən bəxş olunmuş vergi əvəzolunmazdır. Qiymətli olan hər şey vəhylə gəlməlidir.

Dilə kar olmaq, sözün, metaforanın, fikirlərin uyğunsuzluğuna diqqət yetirməmək, əsərin inkişaf strukturunu dərk etməmək, köməyə ehtiyacı olmamaq eybli yazmaq deməkdir... 

İki cür şeir var: Vəhylə gələn və düşünülmüş şeir.

Hətta prozada necə istəyiriksə, elə yaza bilmərik. Şeri heç nə üzərində qurmaq mümkün deyil. Şeirdə yalnız poeziya olmamalıdır. Əgər əsərdə, şeirdə poetizmdən başqa heç nə yoxdursa, fikir çəkisi gözə dəymirsə, o zaman əsərə poetik əsər deyə bilmərik.

Şeir heç vaxt bitmir. Onun yaranma prosesi bitə bilər. Şeir ötürmələrlə yaşayır. Fikirdən qələmə, qələmdən kağıza, kağızdan oxucuya və bu sonsuzluğa qədər davam edir. Yaradılan ədəbi məhsula təcrübə kimi baxmağa ixtiyarımız yoxdur. Oxucu reaksiyasını bilmək üçün yaratığımız cızma-qaranı auditoriyaya çıxara bilmərik.

Hər hansı bir sözün, fikirdə qaralaması, yaxşılığa doğru çevrilişə səbəb ola bilər. Bu, yeni bir cərəyanın, məktəbin yaranmasına şərait yaradacaq.

Uğurlu iş, uğursuzluğun transformasiyasından yaranır. Mükəmməllik zəhmət tələb edir.

Yazıçı bəzən elə formaya yaxınlaşır ki, oxucunun rolunu məhdudlaşdırır. Əslində səhvlər üzərində dəfələrlə işləyərək mükəmməl formaya malik olmaq olar. Demək forma təkrarın nəticəsidir.

Yaradıcılq məhsulunun həcmi kiçik olsa belə, kiçik detalın effekti böyük mətnlərdə olduğu kimidir.

Proza elə bir şeydir ki, məqsəd digər mətndə də izhar oluna bilər. Yazıçılara məsləhət, iki sözün arasında seçim etmiş olsanız, ən qısasını seçin.

Əgər yazıçının stili gözəldirsə, yazılan ifadə əsərin canına hopur. Söz işıq kimi təmiz qalır. Nəyə toxunsa belə  rəngarəngliklərin içində həll olunmağı bacarır.

Fəlsəfi poeziya

İnsan əzablarının bütövlüyünü sevirəm. Bu, söz xatirinə deyilmiş fikir deyil. Bəlkə də insan əzabında heç bir böyüklük yoxdur. Yəni bu hələ kəşf olunmayıb. Hər halda bu, mərhələ olaraq mükəmməldir. “Böyüklük” və “əzab” sözlərin bütöv mənasının akkordlarını yaradır. Diş ağrısında, darıxmaqda, ruh düşkünlüyündə möhtəşəm, böyük heç nə yoxdur. Sadalananlarda məna axtarmaq belə mənasızdır.

Aydınlıq

“Bu qapını aç” ifadəsi kifayət qədər aydındır. Hətta bu sözü dolayı yolla da başa düşmək mümkündür. Hər şey dinləyənin diqqətindən asılıdır.

Mən dolanbac fikirləri və ifadələri sevirəm. Bu, düşüncənin xarakterik reaksiyasını üzə çıxarır. Düşüncə təkrarı sevmir. Qarışıqlıq, dolanbaclıq bu təkrarın qarşısını almaq üçün istifadə olunur.

Üç milyon insanın sizin əsərlərinizi bəyənməsi haqqında düşünün.

Paradoks: Minlərlə insanın xoşuna gəlmək üçün azdan başlamaq lazımdır. Zamanla milyonların sevimlisinə çevrilənlər təkəbbür nümayiş etdirirlər. Şöhrəti sevmək üçün insanları dəyərləndirmək lazımdır. Onlara inanmaq lazımdır.

Heyrətləndirmək sənətin məqsədidirmi? Bəzən hansı incəsənət növünün sənət adlandırılmasında səhvə yol verirlər? Bəlkə onun nədən ibarət olmasını ömrümüzün sonuna qədər təyin edə bilmərik.

Ən gözəl yenilik - keçmişin məqsədləri üzərində qurulandır.

Əsərlərin uzunömürlülüyü

Bütün dahi insanlar illüziya ilə yaşayıblar. Onlar gələcəyə nə ötürə biləcəkləri haqqında beyinlərini məşğul ediblər. Uzunömürlülük elə buna deyilir. Zaman əlçatmazdır. Ona qarşı çıxanları uğurla dəf edə bilir. Hər hansı bir əsər üzdə qalmağı bacarırsa, o sonra da mübarizə etməyi bacarır. Demək zamanın yaddaşında qalmağı bacarmış əsərlər digərlərindən nəyləsə fərqləniblər.

Əsərlərin uzunömürlülüyü, əsərin lazımlığından asılıdır. Keçmiş bildiyimiz, ölmüş bildiyimiz əsərlər nə zamansa canlılıq qazana bilər. Biz insanların hər zaman gətirəcəyimiz misallara, ifadələrə, sözlərə ehtiyacı var. Məhz bu axtarışlar bizi keçmişə yollanmağa, unudulmuş kitabları bir daha vərəqləməyə sövq edə bilər. Bax, bu zaman ölmüş bildiyimiz əsərlər yenidən dirilir. Hər hansı bir əsər sirli olmağını bu günə qədər qoruyub saxlaya bilirsə, o, ölməz əsərə çevrilir.

Tərcümə edən:
Günel EYVAZLI


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!