Bu günlərdə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində şair Qardaşxan Əzizxanlının 60 illik yubileyi münasibətilə yaradıcılıq gecəsi keçirilib. Şairin "İlkim də sən, indim də sən, sonum sən" adlı son şeirlər kitabının təqdim edildiyi törəndə icra hakimiyyəti aparatının əməkdaşları, Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin üzvləri, müxtəlif təbəqədən olan poeziya həvəskarları, mədəniyyət, təhsil, səhiyyə işçiləri və məktəblilər iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə yubilyarın yaradıcılığına dair "Qardaşxan Əzizxanlı-60" adlı sərgi ilə tanış olublar. Sonra müğənni İlqar Muradovun ifasında şairin sözlərinə Asif Kərimovun bəstələdiyi "Yaşayırıq" mahnısı proyektor ekranına verilib.
Tədbir AzTV-nin Qardaşxan Əzizxanlıya həsr etdiyi "Qaşla göz arasında" adlı qısametrajlı filmdən fraqmentlə başlayıb və xalq şairi Məmməd Arazın Qardaşxan haqqında dediyi sözlər səsləndirilib: "O, görüm, duyum şairidir... Sözünü öz ürəyindən alan şairdir... Qardaşxan dəmirçidir. Körpü inadı döyən dəmirçi... Döşünü yaman sellərə verən dəmirçi...".
Şair, yazıçı, kinodramaturq, AYB-nin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi giriş sözündə deyib: "Azərbaycan Yazıçılar Birliyi və M.F.Axundzadə adına Milli Kitabxananın birgə təşkilatçılığı ilə Qardaşxan Əzizxanlının Bakıda düzənlənən yubiley tədbiri və son kitabının təqdimat mərasimi "Bu gün gərək hər anımız vətən desin!" devizi altında keçirilirdi. Bugünkü təqdimatımızın, obrazlı desək,- gerbi, bayrağı, sərhədi ana dilimizdir. Qardaşxan fərqli formatları sevir".
İ.Fəhmi 100 cildlik "Fikir antologiyası"nın baş redaktoru, "Məmməd Araz Poeziya günü" layihəsinin rəhbəri kimi də Qardaşxanın xidmətlərini qeyd edib. O, əlavə edib ki, mən hələ Qardaşxandan başqa kunq-fu üzrə "qara kəmər" sahibi olan ikinci şair tanımıram. İ.Fəhmi Qardaşxan poeziyasının poetik şifrəsi kimi diqqətiçəkən və onun neçə-neçə şeirində əsas poetik açar rolunu oynayan "Pəncərədən daş gəlir" obrazı ilə əlaqədar şairə maraqlı suallar ünvanlayıb.
Tədbirdə çıxış edən "Ədalət" qəzetinin baş redaktoru, unudulmaz şairimiz Məmməd Arazın qızı əməkdar jurnalist İradə Tuncay Qardaşxanı tələbəlik illərindən həmişə atasının yanında gördüyünü, onu Məmməd Arazın gənc dostu, qardaşı kimi tanıdığını deyib. İ.Tuncay: "Qardaşxan mənə azərbaycançılığın timsalıdır, elə Azərbaycan deməkdir", - deyə bildirib.
Millət vəkili Aqil Abbas Qardaşxanın gözəl şeirləri ilə yüksək insani keyfiyyətlərinin tən gəldiyini vurğulayıb, onun nəinki doğulduğu, yaşadığı yerdə, bütün Azərbaycanda başını dik tutub, alnıaçıq gəzməyə haqqı olan bir oğul olduğunu söyləyib.
AYB Lənkəran bölməsinin ədəbi məsləhətçisi Ağamir Cavad, yubilyarın məktəb yoldaşı Cəfər Fətullayev, Lənkəran Peşə Liseyinin müəllimi Etibar Nəhmətli öz çıxışlarında Qardaşxanın yaradıcı insan olaraq maraqlı xüsusiyyətləri, şeirlərinin poetik məziyyətləri barədə söz açıblar.
Məktəblilər Qardaşxanın şeirlərindən ibarət ədəbi kompozisiya ilə çıxış edərək, ana dilimizin gözəlliyinə, onun poetik imkanlarına Qardaşxan şeiri ilə ayna tutublar.
Lənkəran şəhər C.Cabbarlı adına 1 saylı Uşaq Musiqi məktəbinin müəllimləri Əlirza Yuniszadə, Təranə Şərifovanın müşayiətilə xanəndə İmanverdi Ağayev Qardaşxanın şeirlərini muğam üzərində oxuyub.
Qardaşxan Əzizxanlı tədbirin gedişində şeirlərindən nümunələr söyləyib, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.
Tədbirin sonunda İlham Əsgəroğlunun ifasında "İncəgülü" saz havası üzərində Qardaşxanın "Gömgöy" qoşmasının səsləndirilməsi törənə gözəllik gətirib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!