Ramiz Qusarçaylının 60 illik yubileyi qeyd olunub

 

Edebiyyatqazeti.az xəbər verir ki,  Bəşir Səfəroğlu adına Quba Rayon Mədəniyyət Mərkəzində şair-publisist  Ramiz Qusarçaylının 60 illik yubiley tədbiri keçirilib.

Mədəniyyət Mərkəzinin foyesində şairin həyat yolunu əhatə edən sərgiyə baxışdan sonra tədbiri giriş sözü ilə respublikanın əməkdar artisti, bədii qiraət ustası Ağalar Bayramov açıb. Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev çıxış edərək şairin əldə etdiyi ədəbi uğurlardan geniş bəhs edərək onu  Fəxri Fərmanla təltif edib.

Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, şair Əjdər Ol, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev, Azərbaycan MEA Tarix İnstitutunun professoru, tarix elmləri doktoru, şair-tərcüməçi Şahin Fazil, Bakı Slavyan Universitetinin professoru, ədəbi tənqidçi Rüştəm Kamal, Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Nadir Məmmədli, AYB Qazax bölməsinin sədri, şair Barat Vüsal, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının sədri, şair Əkbər Qoşalı, Dərbənddən gəlmiş qonaqlardan -Rusiya Yazıçılar İttifaqının üzvü, şair-tərcüməçi Fəxrəddin Oruc Qəribsəs, şairlərdən Zeynəb Dərbəndli və Safiyat Calğanskaya, Təbrizdən gəlmiş şair Səttar Mahmudoğlu, AYB Şabran bölməsinin sədri, yazıçı Aydın Tağıyev, Xaçmazın “Ulduzlar”, Şabranın “Şabran”, Qusarın “Şahdağ”, Qubanın “Gülüstan” və “Ay işığı” ədəbi məclislərinin üzvləri, yerli ağsaqqallar və ziyalılar  yubilyarı təbrik edib, Ramiz Qusarçaylı poeziyası haqqında ürək sözlərini söyləyiblər.

Bildirilib ki, Ramiz Qusarçaylı 1958-ci ilin dekabrın 25-də Qubanın Çartəpə kəndində anadan olub. Uşaqlıq illərindən yaradıcılığa başlayan Ramiz Qusarçaylının “Bağban” adlı ilk şeiri 1975-ci ildə “Azərbaycan gəncləri” qəzetində dərc edilib. 17 yaşında ikən Xalq şairi Osman Sarıvəlli ona “Qusarçaylı” təxəllüsünü verib, mətbuat səhifələrində yaradıcılığı barədə məqalə ilə çıxış edib.

1993-cü ildə Qubada bölgə yazarlarını özündə birləşdirən “Ay işığı” adlı ədəbi məclis yaradıb,1994-cü ildə həmin məclisin bazası əsasında Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsi təsis edilib, 2002-ci ildən 2015-ci ilə kimi bölməyə sədrlik edib.

Ramiz Qusarçaylı “Çörəyim daşdan çıxır”, “Ömür qapıları”, “Bir çiçək axşamı”, “Nə özəldi yolun, Allah”, “Almalı kitab”,”Gedəsən dünyanın axırınacan” adlı şeirlər, “Göyəm ağacı” adlı tərcümə kitablarının, “Quba” adlı fotoalbomun, “Ay işığı” adlı beş almanaxın, onlarla elmi, bədii və publisistik məqalənin müəllifidir. Şeirləri ingilis, rus, ukrayna, fars,qazax,özbək dillərinə tərcümə edilib, kitabları Rusiya, Ukrayna, İran və Türkiyədə nəşr olunub.

Xalq şairləri Osman Sarıvəlli, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Məmməd Araz, Söhrab Tahir, Zəlimxan Yaqub, eləcə də Musa Yaqub, Famıl Mehdi, Məmməd Aslan, Vaqif Arzumanlı, Şahin Fazil, Şahmar Əkbərzadə, Ramiz Əskər, Tofiq Mütəllibov, Rüstəm Kamal, Vaqif Yusifli, Allahverdi Eminov, Nazif Qəhrəmanlı və başqaları onun yaradıcılığına həsr edilmiş məqalələrlə respublika mətbuatında çıxış ediblər.

Filologiya elmləri doktoru, professor Vaqif Arzumanlı “Təbiət, qeyrət, həqiqət şairi”, şair-publisist Zakir Məmməd “Haqqın cəlalı Qusarçaylı şeirində”, ədəbiyyatşünas Gülarə Aydın isə “Məni yaman tutub şeir havası” adlı kitablarını şairin həyat və yaradıcılığına həsr ediblər.

Qeyd olunub ki, Ramiz Qusarçaylının ədəbi külliyyatında Vətənimizi tərənnüm edən, xalqımızın dünənini və bu gününü əks etdirən şeirlər xüsusi yer tutur. Şairin “Azərbaycan bayrağı” şeiri 8-ci siniflər üşün “Azərbaycan dili” dərslik kitabında və 9-cu siniflər üçün Dövlət İmtahan Mərkəzinin test  kitabında, eləcə də Milli Ordunun nizamnamə kitabında yer alıb. Şair təkcə ədəbi fəaliyyətlə məşğul olmur. O, uzun illərdir ki, ədəbiyyatımıza neçə-neçə gənc şair və yazıçıların gəlməsində, eləcə də şimal bölgəsində ədəbi mühitin inkişafında yaxından iştirak edir.

Əldə etdiyi ədəbi uğurlara görə 2009-cu ildə Prezident təqaüdü ilə, dəfələrlə Fəxri fərman, diplom və mükafatlarla  təltif olunmuşdur.

Tədbirdə şairin şeirləri bədii qiraət olunub, əsərlərinə bəstələnmiş mahnılar səslənib. Yubilyar ona göstərilən diqqət və qayğıya, yubiley tədbirinin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirib.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!