Türkiyənin “Temrin” ədəbiyyat jurnalı Mirzə Ələkbər Sabir yaradıcılığına geniş yer ayırıb

 

Edebiyyatqazeti.az xəbər verir ki, Türkiyənin nüfuzlu "TEMRİN" dərgisi 93-cü sayını Azərbaycanın satirik qələm ustası Mirzə Ələkbər Sabirə həsr edib. 

Jurnalda şairin altı şeiri, Anarın ""Molla Nəsrəddin" yüz on il sonra" başlıqlı yazısı, Nazim Nəsrəddinovun "Mirzə Ələkbər Sabirin müəllimliyə gedən keşməkeşli yolu", Alhan Bayramoğlunun "Mirzə Ələkbər Sabirin həyatı və sənəti" adlı yazıları, Dr. Ömər Küçükmehmetoğlunun "Dahi şair Mirzə Ələkbər Sabir" adlı qısa məqaləsi, Əbdülqadir Özkanın şairin şəxsiyyəti və həyatının önəmli dönəmlərindən bəhs edən "Mirzə Ələkbər Sabirdən 150 il sonra" başlıqlı yazısı, Prof. Dr. İsa Həbibbəylinin "Molla Nəsrəddin ədəbi məktəbi və Molla Nəsrəddinçilik" adlı yazıları dərc olunub.

Dərgidə həmçinin arxiv materialları vasitəsilə aşkara çıxmış beş önəmli reportaj da yayımlanıb. İlk reportaj - Salman Mümtazın M.Ə.Sabirə verdiyi suallar və aldığı cavablar dərginin ən dəyərli materiallarından hesab olunur. 

Eyni zamanda Ömər Küçükməhmətoğlunun 4 önəmli görüşməsi - rəssam Arif Hüseyovla, M.Ə.Sabirin nəvəsi, Sabir Fondunun təsisçisi və prezidenti Sevda Tahirli ilə söhbətləşməsi, Prof.Dr. Ziyadxan Əliyev və şair, Sabir Poeziya Günlərinin bədii rəhbəri Əjdər Ol ilə söhbətləşməsi də dərgidə yayımlanıb.

Qeyd edək ki, yazıçı-publisist Şərəf Yılmazın rəhbərliyi ilə fəaliyyət göstərən “Ferfir” yayınçılıq şirkəti Azərbaycan ədəbiyyatının, şair və yazıçılarımızın təbliğinə üstünlük verir.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!