Sumqayıt Dövlər Texniki Kollecində Mikayıl Müşfiqin 110 illik yubileyi ilə bağlı tədbir keçirilib - FOTOLAR

 

Edebiyyatqazeti.az xəbər verir ki, bu gün – 24 dekabr tarixində Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecində Mikayıl Müşfiqin 110 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözüylə açan Kollecin pedaqoqu, yazıçı Günel Eyvazlı tədbir iştirakçılarını, qonaqları – Əli Kərim adına Poeziya Evinin rəhbəri İbrahim İlyaslını, Kollecin direktor müavini Mehman İsmayılovu, Əsəd Qurbanovu, müəllim heyətini, tələbələri salamlayaraq Kollecdə ədəbiyyat yönümlü silsilə tədbirlərin keçirilməsindən məlumat verib. Bu tip tədbirlərin, tələbələrlə işləməyin böyük əhəmiyyət kəsb etdiyindən söz açıb: “Baxmayaraq ki, Kollecimiz texniki yönümlüdür amma, tələbələrimizin ədəbiyyata marağı böyükdür. Onlar arasında olduqca bacarıqlı, istedadlı gənclərimiz var. Biz şairlərlə, yazıçılarla görüşləri də təşkil edə bilərik amma, düşünürəm ki, tələbələrlə işləmək daha əhəmiyyətlidir. Ötən tədris ilində Cümhuriyyətimizin 100 iliyi münasibətilə, Hüseyn Cavid yaradıcılığıyla bağlı tədbirlər keçirdik. Bundan sonra da fəaliyyətimizi zövqlə, şövq ilə davam etdirəcəyimizə söz veririk”. Sonra Mikayıl Müşfiq yaradıcılığından söz açan Günel Eyvazlı tədbir iştirakçılarına repressiya dönəmlərindən, ziyalılarımızın, düşünən beyinlərimizin haqsız olaraq həbs edilməsindən, güllələnməsindən, millətçi, pantürkist damğasıyla “Xalq düşməni” elan olnmasının ədalətsizliyindən söz açıb.

Qeyd edək ki, Mikayıl Müşfiqə həsr olunmuş tədbirdə tələbələr Günel Eyvazlının müəllifi olduğu “1109 nömrəli məhbus” birpərdəli pyesi oynayıblar, həmçinin Mikayıl Müşfiqin şeirlərini səsləndiriblər.

Sonda şair, tərcüməçi İbrahim İlyaslı tədbirin olduqca yüksək səviyyədə təşkil olunmasından danışaraq bu tədbirin Mikayıl Müşfiq yaradıcılığını, həyatını tamlıqla əhatə edə bildiyini vurğuladı: "Vaxtilə pantürkist damğasıyla günahlandırılsaq da indi türkçülüyün, Türk birliyinin daha da möhkəmlənməsini görə bilərik. Böyük Türk təşkilatları qurulmaqdadır. Belə təşkilatlar bizə eyni mövqe, eyni amal ətrafında toplaşmağımıza şərait yaradır. Türk dövlət başçılarının bir araya gəlməsi də bunun əyani sübutudur".

İbrahim İlyaslı Kollecin direktoru Mətanət xanım Pirquliyevanın belə əhəmiyyətli tədbirlərə dəstək verməsini alqışladığını bildirdi.

Sonda tədbir iştirakçıları, tələbələr xatirə şəkli çəkdiriblər.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!