Moskvada böyük Azərbaycan şairi Füzuliyə həsr edilmiş tədbir keçirilib

 

Moskvada general Kərim Kərimov adına 1583 nömrəli məktəbdə böyük Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr edilmiş “Həqitətüs-süəda” adlı musiqili ədəbi tədbir keçirilib.

Akademik Fazil Qurbanovun rəhbərlik etdiyi Rusiya Azərbaycan diasporu və 1583 nömrəli məktəb tərəfindən birgə təşkil edilmiş tədbirdə Azərbaycanın Moskvadakı səfirliyinin, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin təmsilçiləri, şairlər və yazıçılar, mədəniyyət və elm xadimləri iştirak ediblər.

Tədbirin əvvəlində böyük şair və mütəfəkkir Füzulinin həyat və yaradıcılığından bəhs edən video-çarx göstərilib. Sonra şagirdlər Füzulinin şeirlərindən parçalar deklamasiya deyiblər.

Tarix elmləri namizədi Manaf Ağayev tədbiri açaraq qeyd edib ki, Füzuli ideologiyasında təsbit olunmuş dəyərlər bu gün də aktualdır. M.Ağayev deyib: “Bu gün şairin Azərbaycan, fars və ərəb dillərində yazdığı 16 əsəri məlumdur. Füzulinin əsərləri onun sağlığında da, sonrakı əsrlərdə də əlyazma şəklində yayılırdı. Bir sıra xarici dillərə tərcümə olunmuş bu əsərlər dörd əsrdən çoxdur ki, təkrar-təkrar nəşr edilib, onların əsasında gözəl miniatür illüstrasiyalar, opera və baletlər yaradılıb. Füzulinin əlyazmaları Berlin, Qahirə, London, Paris, Sankt-Peterburq, İstanbul və Tehranın ən zəngin kitabxanalarının qızıl fonunda saxlanılır”.

Manaf Ağayev Bağdad Universitetində təhsil aldığı dövrü xatırlayıb, Kərbəlada Füzulinin məzarını ziyarət etməsini qeyd edib. Alim vurğulayıb ki, bu gün Füzulinin xatirəsi ehtiramla yad edilir. Azərbaycanda bir rayona və onun mərkəzinə Füzulinin adı verilib, Bakıda ona abidə qoyulub. 1996-cı ildə isə Azərbaycan Prezidentinin fərmanı ilə Füzuli adına beynəlxalq mükafat təsis edilib.

Azərbaycan səfirlinin müşaviri Vüqar İmaməliyev Azərbaycan tarixinin, ədəbiyyatının və mədəniyyətinin populyarlaşdırılması üçün səfirlik tərəfindən keçirilən tədbirlər barədə məlumat verib. Sonra o, məktəbliləri qarşıdan gələn bayramlar – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.

Şair-publisist İlham Bədəlbəyli qeyd edib ki, Füzulinin əsərləri dünya poeziyasının ən mükəmməl nümunələrindəndir. Bu əsərlərdə insanın böyüklüyü, şəxsiyyət azadlığı tərənnüm edilir. İ.Bədəlbəyli deyib: “Füzulinin ədəbi irsi dərin poetik düşüncələrin və fəlsəfi baxışların vəhdəti olmaqla dövrün elmi-fəlsəfi mənasını ifadə edir. Füzulinin mədəni irsi Azərbaycan ədəbiyyatı tarixində ayrıca bir mərhələdir. Azərbaycan poeziyasının humanizm ideyaları və yeni məzmunla zəginləşməsində bu görkəmli şairin çox böyük xidmətləri olub”.

Azərbaycan diasporunun nümayəndəsi İlqar Hacıyev 1583 nömrəli məktəbin direktoru Svetlana Dvoryantsevanın şəxsində məktəb rəhbərliyinə və tədbirin bütün iştirakçılarına bu gecənin təşkilinə, Azərbaycan dilinə və Azərbaycan mədəniyyətinə qayğıkeş münasibətə görə akademik Fazil Qurbanovun adından təşəkkürünü bildirib. İ.Hacıyev deyib: “Sevindirici haldır ki, bu gün Füzulinin şeirləri azərbaycanlı məktəblilərlə bərabər başqa millətlərin nümayəndələrinin dilində də səsləndi. Bu, bizim tədbirə beynəlmiləl xarakter verdi”.

“Sodrujestvo” ansamblının solistləri “Arşın mal alan” operettasından Əsgər ilə Gülçöhrənin ariyalarını ifa etdilər. Şagirdlər tərəfindən Füzulinin qəzəlləri oxundu, “Leyli və Məcnun” poemasından səhnəcik göstərildi. Konsert proqramını Azərbaycanın Əməkdar artisti Qorxmaz Axundov və Yelena Afanasyeva təqdim etdi.

Tədbirin sonunda Füzuli əsərlərinin parlaq ifasına görə konsert proqramının iştirakçılarına Azərbaycan diasporu adından hədiyyələr verildi.

/Azərtac/

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!