Meksikanın ən nüfuzlu və Latın Amerikasının ən böyük Universiteti olan, məşhur Meksika Milli Avtonom Universitetində (UNAM) UNAM Universiteti ilə ölkəmizin Meksikadakı səfirliyinin təşkilatçılığı ilə dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.
Meksikalılardan ibarət yerli “Nur Ər Riyad Rəqs Qrupu” tərəfindən Nizami Gəncəvinin ölməz “Yeddi Gözəl” poemasının motivləri əsasında hazırlanmış “İpək Yolu” rəqs tamaşasını çoxsaylı qonaqlara nümayiş edilib. Tamaşa zamanı “Yeddi Gözəl” poemasından parçalar oxunub, orada adı çəkilən məmləkət və dövrün rəqsləri, o cümlədən Azərbaycan milli rəqsləri nümayiş etdirilib.
Tədbirin açılışında çıxış edən ölkəmizin Meksikada müvəqqəti işlər vəkili Məmməd Talıbov Azərbaycan mədəniyyətinin meksikalılara təqdim olunması üçün bu imkanın yaradılmasına görə UNAM Universitetinə təşəkkürünü bildirib. O, Azərbaycan ədəbiyyatının xalqımız üçün nadir xəzinə olduğunu qeyd edib. Nizami Gəncəvinin ədəbiyyatımızın ən parlaq nümayəndələrindən olduğunu, onun yaradıcılığının dünya ədəbiyyatında dərin iz qoyduğunu vurğulayıb.
Diplomat Nizami Gəncəvi irsinin araşdırılması və onun dünyada təbliğ olunması məqsədi ilə uğurlu addımların atıldığını bildirib.
Tamaşa böyük maraqla qarşılanıb.
/Azərtac/
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!