Ötən həftə Azərbaycan Dillər Universitetinin akt zalında yazıçı, publisist Sərdar Aminin “Su sərgisi” romanının təqdimat mərasimi keçirilib.
Təqdimatda tanınmış ziyalılar, ədəbiyyatşünaslar, gənc yazarlar, oxucular və media nümayəndələri iştirak ediblər.
“Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turan Sərdar Amini müasir ədəbiyyatımızda öz dəstixətti olan yazıçı, jurnalist kimi dəyərləndirib, onun hər zaman hadisələrə, ədəbiyyata, sözə öz yanaşma tərzi olduğunu vurğulayıb.
Müəllifi yeni kitabı münasibətilə təbrik edən natiq “Su sərgisi” romanının da öz mövzu və ideyası, səlis, rəvan müəllif təhkiyəsi ilə oxucuların qəlbini fəth edəcəyinə inandığını bildirib.
Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri Səlim Babullaoğlu çıxışında Sərdar Aminin yaradıcılığından söz açıb, yeni roman haqqında fikirlərini bölüşüb.
Qeyd edək ki, “Su sərgisi” müəllifin sayca ikinci romanıdır. Roman ömrünə bir ay qaldığını öyrənən gəncin son günlərindən bəhs edir. Ölüm qarşısında laqeydləşən gənc son ümid yeri olan qoca təbibdən xəstəliyini gizləyir. Bu yalandan xəbər tutan müdrik, gəncə sağaldığını söyləyərək yalana yalanla cavab verir. İki müqəddəs yalan bir həyatı xilas edə biləcəkmi? Bəs təbiət - o, hər an insanla vəhdətdə deyilmi? Bütün bu suallara cavabı romanla tanış olduqdan sonra tapmaq mümkündür.
Sonda kitabın çapında əməyi olan, tədbirdə iştirak edən və çıxış edən hər kəsə təşəkkürünü bildirən müəllif, qonaqlar üçün kitabını imzalayıb.
“Qanun” Nəşriyyatında çap olunan “Su sərgisi” romanı “Azərkitab”, “KitabAl” mağazalarında satışdadır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!