Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Özbək ədəbiyyatında dramaturgiyanın banisi, tərcüməçi, pedaqoq, tanınmış azərbaycanlı Maqsud Şeyxzadənin anadan olmasının 110 illiyi münasibəti ilə elmi konfrans, habelə Mərkəzin layihəsi ilə hazırlanmış və Maqsud Şeyxzadəyə həsr olunmuş “İki xalqın iftixarı” adlı sənədli filmin, “Özbək şeir çələngi” adlı kitabın təqdimatı keçirilib.
Tədbirdə Səfirliyimizin, Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Özbəkistan Milli Elmlər Akademiyası, Nəvai adına Ədəbiyyat İnstitutu, Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universiteti, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin müəllim və tələbələri, yerli azərbaycanlılar və media nümayəndələri iştirak ediblər.
Öncə Maqsud Şeyxzadənin yaradıcılığına həsr olunmuş kitab sərgisi ilə tanışlıq olub, Şeyxzanin əsərlərinin yer aldığı “Özbək şeir çələngi” adlı kitabı iştirakçılara təqdim olunub.
Konfransda giriş sözü ilə çıxış edən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan mühacirət ədəbiyyatının tanınmış nümayəndəsi Maqsud Şeyxzadənin yaradıcılığı, onun Özbək ədəbiyyatına verdiyi töhvələrdən danışaraq, ədibin Özbək xalqının qəhrəmanı "Cəlaləddin Mənguberdi", hökmdar "Mirzə Uluğbəy" kimi tarixi şəxsiyyətlərə dair yaratdığı ölməz əsərlərlə Özbək dramaturgiyasının əsasını qoyduğunu bildirib.
Diplomat Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihələri ilə Özbəkistanda yaşayıb yaratmış, tanınmış azərbaycanlıların irsinin geniş təbliğ edildiyini qeyd edib və bu məsələnin daim Azərbaycan dövlətinin, ölkə başçısı cənab İlham Əliyevin diqqətində olduğunu söyləyib.
Elmi konfransda Özbəkistan Yazıçılar Birliyinin nümayəndəsi Risalət Xaydarova təbrik çıxışı edərək görkəmli alim Maqsud Şeyxzadənin xidmətlərinin Özbəkistan dövlət tərəfindən yüksək qiymətləndirildiyini və onun dövlət tərəfindən “Böyük xidmətləri üçün” ordeni ilə təltif olunduğunu qeyd edib. O, Özbəkistan prezidenti Şavkat Mirziyoyevdən sitat gətirərək Maqsud Şeyxzadənin tarixi və mənəvi qohumluğumuzun parlaq rəmzi olduğunu və XX əsr Özbəkistan ədəbiyyatının ən yaxşı nümayəndələrinin fəxri siyahısına daxil edildiyini virğulayıb.
Daha sonra sənədli materialların, həm də bədii parçaların yer alacağı “İki xalqın iftixarı” adlı sənədli film nümayiş etdirilib.
Maqsud Şeyxzadənin həyat və yaradıcılığı, onun Azərbaycan və Özbək xalqlarının ədəbiyyatına verdiyi töhvələr, yaratdığı ölməz əsərlərin yer aldığı filmdə bir sıra arxiv materiallarından istifadə edilib, Azərbaycan və Özbəkistanın tanınmış elm, ədəbiyyat nümayəndələrinin müsahibələri öz əksini tapıb.
Konfrans məruzələrlə davam etmişdir.
Özbəkistanın represiya qurbanları muzeyinin baş elmi işçisi, akademik Naim Kərimov çıxışında öz fəaliyyəti ilə iki xalq arasında dostluq körpüsü yaradan dahi dramaturq Maqsud Şeyxzadə yaradıcılığına nəzər salaraq, onun dünya şöhrətli özbək şairi Əlişir Nəvai irsinin ən əsas tədqiqatçısı olduğunu qeyd edib.
Akademik Naim Kərimov Maqsud Şeyxzadənin yaradıcılığının Özbəkistanda geniş tədqiq edərək, ədibin dram əsərlərini Şekspirin əsərləri ilə müqayisə etdi və onun “Mirzə Uluğbəy”, “Cəlaləddin Mənguberdi” kimi əsərlərinin nəinki Özbəkistanda dünyada şöhrət qazandığını bildirdi.
Digər məruzəçilər tanınmış ədəbiyyatşünas alimlər Nurbay Cabbarov, Atxambek Alimbekov, Baxadur Karimov, Abdulmurad Tilavov, Şuxrat Salamov öz məruzələrində Maqsud Şeyxzadənin yalnız şeir, poema, pyes və məqalələrində deyil, bütün yaradıcılığında iki xalqın adından cəsarətlə danışmış, özbək klassik əbədiyyatını öyrənmiş, tədqiq etmiş, özbək əbədiyyatı tarixini, ədəbiyyatşünaslıq nəzəriyyəsini təkmilləşdirmiş və onu yeni-yeni elmi axtarışlarla zənginləşdirdiyini qeyd ediblər.
Məruzəçilər Maqsud Şeyxzadənin Özbəkistanda böyük tərcümə məktəbinin də əsasını qoyduğunu və onun Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundov, Aleksandr Puşkin, Mixail Lermontov, Viliyam Şekspir, Corc Bayron, Şota Rustaveli və bir sıra başqa dünya klassiklərinin əsərlərini özbək dilinə tərcümə etdiyini vurğuladılar.
Onlar Maqsud Şeyxzadənin daim öz tarixi vətəni Azərbaycana bağlı olduğunu və Azərbaycan ədəbiyyatını qardaş Özbəkistanda geniş təbliğ etdiyini qeyd ediblər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!