"Daxili dünya"nın dərinlikləri - “Toyuğun diri qalması”ndan “Dolça”ya - Nizami CƏFƏROV

"Elçin: yazıçının yaradıcılıq yolu" silsiləsindən altıncı yazı

Nizami CƏFƏROV

Elçinin "Povestlər" kitabına (1979) xalq yazıçısı Mirzə İbrahimov "Mənəvi saflığa  çağırış" adlı maraqlı bir ön söz yazıb və həmin ön söz hər şeydən əvvəl  ona görə maraqlıdır ki, sosializm realizminin köhnə ustası müəllifin yaradıcılığının  məhz o tərəfini təqdir  edir ki, sosializm realizminə, prinsip etibarilə, ziddir:

"Elçinin bədii idrakı və üslubu üçün səciyyəvi olmağa başlayan bir cəhət bu əsərlərdə də  aydın nəzərə çarpır: o, insanı daxildən, psixoloji aləminin mürəkkəbliyi ilə təsvir edir, rənglərin zənginliyinə fikir verir. Ancaq ağ və qara ilə məhdudlaşmır. Buna görə də  surətləri canlı  insanları xatırladır. İnandırıcıdır".

"Toyuğun diri qalması" povestinin qəhrəmanı Zübeydə gəncliyini hərcayı kef- əyləncələrdə,  eyş-işrətdə keçirib, nə ar- namus gözləyib, nə də  qoruq-qadağa. İşi o yerə çatdırıb ki, kəndin böyüyü də, kiçiyi də  ona sadəcə "Zübeydə" - deyir. Yəni ehtiyac duymurlar ki, adının arxasına heç olmasa adi nəzakət xatirinə "xala"dan, "bibi"dən bir şey artırsınlar… İndi üzü qocalığa doğrudur və gücü yalnız ona çatır ki, əlinə keçəni bazarda satıb qəpik-quruş qazansın…

"Zübeydə heç özü də yaxşı bilmirdi ki, neçə yaşı var, vaxtilə o qədər o tərəf-bu tərəf eləmişdi  yaşını ki, o qədər dolaşdırmışdı ki,  axırda özü də çaşbaş qalmışdı;  hər halda əlli altı ilə əlli səkkiz arasında olardı, artıq olmazdı, amma əskik də olmazdı".

Zübeydə hərdən oturub keçən günlər barədə düşünəndə yadına salır ki, "Şirinxanımgilə paltar tikdirməyə gəlib-gedən xanımlar… yuxarıdan aşağı baxırdılar Zübeydəgilə, bilirdilər ki, Zübeydəgil hansı yuvanın quşlarıdı, amma əslində ürəklərində həsəd aparırdılar Zübeydəgilə, həsəd  aparırdılar gözəlliklərinə, kef çəkməklərinə, utanmazlıqlarına…"

İllər keçdikcə, yaşın üstünə yaş gəldikcə "hər şey dağıldı… Qızıldiş Adili tutdular,  beşbarmaq Əsədağanı çopur Nəcəfqulu bıçaqla vurub öldürdü, özü də tutuldu getdi, Kəriş ağıllı çıxdı, tulladı hər şeyi…"

Zübeydənin xatirində namus-qeyrət mücəssəməsi naminə tək bircə ad qalıb… "Bu bürkülü yay gecəsi, bu küləfrəngidə o uzaq-uzaq illərin xatirəsini bir tar müşayiət edirdi, o tarı Zakir çalırdı və Zakirin güclü kişi barmaqları altında tarın simləri o xatirələrin boşluğundan, mənasızlığından, puçluğundan söhbət açırdı"… Xatirələri kimi həyatı da boş, mənasız və puç olan Zübeydə apardığı süpürgələri bazarda yaxşı sata bilmədiyinə  görə axşam evə qanıqara qayıdarkən Ağagülün Nisəni qaranlıqda əncir ağacının altında öpdüyünü görüb  haray- həşir salmaq istəyir. Özlərini tamam itirən gənclər ona yalvarırlar ki, bu barədə heç kəsə deyib onları biabır eləməsin…

Ancaq Zübeydənin hansı yuvanın quşu olduğunu kim bilmir?.. Günü səhərdən düşəcəkdi kəndin canına, birinin üstünə beşini qoyub onları elə biabır edəcəkdi ki, ölüm ondan yaxşıdır.

Həyatından artıq sevdiyi, illərlə ardınca gəzdiyi, axır ki,  "həri"sini aldığı Nisə bu hadisədən  sonra Ağagülə demişdi ki, "qurban olum sənə, Ağagül, qoyma biyabır eləsin məni Zübeydə, get ona yalvar-yaxar, Ağagül, nə istəyir ver, Ağagül, qoyma məni biyabır eləsin, Ağagül, qardaşımın gözünə baxa bilmərəm, heç kimin gözünə görünə bilmərəm"… Əslində, bu  sözləri, nə qədər təbii (və yerində) olsa da, Ağagülə deməyə ehtiyac yox idi. Yaşı az olsa da, o, kişi idi və başında böyük qardaşı - indi əsgərlikdə olan Baladadaşın "aerodrom" papağını gəzdirirdi…

Yazıçının sənətkarlığı orasındadır ki, nə süjetdə (ideya planında), nə də kompozisiyada (forma planında) bir dənə də olsun artıq detal işlətmədiyi kimi, boş yer də qoymur:

"Ağagül "aerodrom" papağını başından çıxarıb köhnə divanın üstünə çırpdı və ürəyində yer üzündəki bütün pis adamlarçün, o cümlədən də,  təbii ki, Zübeydəyçün hansı söz lazımıydısa, o sözü də dedi"…

Ancaq məsələ söz deməkdə, ürəyini boşaltmaqda deyil, Ağagül elə iş görməlidir ki, Nisənin adına  söz gəlməsin; bununçün Zübeydənin ağzını yummaq lazım gəlirdi. Ancaq necə?.. Nə ilə?..

"Zübeydə yalvar-yaxar başa düşən deyildi, bunun özünü də səhər bir söz eləyib yayacaqdı aləmə ki, Ağagül gəlib ağlayırdı yanımda ki, qələt eləmişəm.

Zübeydənin, gərək, milisioner Səfər demişkən, maddi marağı olsun".

Və Ağagül çıxış yolunu onda tapır ki, qapılarındakı qırmızı çil toyuğu Zübeydəyə rüşvət  aparsın… Nəinki toyuğu aparır, həm də Zübeydənin "xahişi" ilə onun bağını sulayır, talvardakı üzümünü dərir. Ancaq yenə də inanmır ki, Zübeydə özündə güc tapıb qızı bədnam eləməyə…

Nə qədər qəribə olsa da (və Elçinin yazıçı məntiqi baxımından tam səmimiliyi ilə!), Ağagül yanılır… Səhər tezdən həmin qırmızı çil toyuğu Zübeydə gətirib atır Ağagülgilin həyətinə…

Çünki Ağagül gedəndən sonra Zübeydə bütün gecəni yatmamış, Zakirin cəbhədən ona göndərdiyi məktubu oxumuşdu:

"Sən məni istəyə də bilərsən, istəməyə də bilərsən, ancaq özünü istə. Mən müəllim deyiləm, sən də şagird deyilsən. Nəsihət eləməyəcəm sənə, ancaq o evə gedib- gəlmə. İşə gir. Özünü hayıf eləmə. Sən də bir kişinin qızısan, həmin kişinin papağını  yerə soxma"…

Mirzə İbrahimov yazır:

"…Zübeydə, Ağagül və Nisə nə qədər həyati surətlərdir! Yazıçı onların düşüncə və hissiyyatını, həyəcan və iztirablarını düşdükləri  vəziyyətə uğyun real boyalarla canlandırır. Təmiz, pak ürək çırpıntısı ilə ilk məhəbbətin ilk busəsini  dadan Ağagül və Nisəni kim sevməz? Kim onların  sevincinə, səadət duyğularına şərik olmaz?.."

Əlbəttə, məsələ onda deyil ki, bundan sonra Zübeydə adam olacaq ya yox; ondadır ki, həyatın adam kimi yaşamamış hər bir kəsin daxilində zaman keçdikcə, yaş öz işini gördükcə bir nisgil baş qaldırır: itirilmiş, puç olmuş həyatın, sevib-sevilərək (və kiməsə lazım olaraq!) yaşamağın nisgili…

"Şuşaya duman gəlib" povesti mükəmməl daxili  simmetriyası olan əsərdir və üç hissəyə bölünmüş povestin hissələrini təkcə  məzmunca yox, həm də formaca birləşdirən, ona nağıl- dastan strukturu (intonasiyası!) verən  maraqlı detallar vardır.

Hadisələr Şuşada, Şuşa sanatoriyasında cərəyan edir.

Universitetin tələbəsi Cavanşir yay tətilini dostları ilə birlikdə Moskvada keçirmək istəsə də, övladlarından narahat olan ata- anası onu nənəsi ilə birlikdə Şuşa sanatoriyasına istirahətə göndərirlər. Artıq böyüdüyü, müstəqil həyata hazır olduğu halda, valideynlərinin ona hələ uşaq kimi baxmalarından rəncidə olan  Cavanşiri hər şey əsəbiləşdirir və nə edəcəyini bilmir…

"Üç gün idi gəlmişdilər Şuşa sanatoriyasına və düz üç gün idi ki, Cavanşir öz taleyinin uğursuzluğu barədə fikirləşirdi, həyatın cansıxıcılığı və yeknəsəqliyi barədə fikirləşirdi, heç kimin  onu başa düşə bilməyəcəyini, cavan yaşında ikən qocaldığını fikirləşirdi"…

Nənəsi çalışır ki, Cavanşir axşamüstü sanatoriyanın həyətində çalıb-oynayanlara qoşulub şənlənsin, ancaq bu gülünc, bayağı şənlənmə proqramı Cavanşirin heç xoşuna gəlmir: nə doppa Dadaşın kamançası, nə yerli şair Hüsaməddin Alovlunun Tambovdan gəlmiş Marusyanın şəninə özü yazdığı rusca bir bənd mənasız şeiri təkrar-təkrar deməsi, nə də ondan bir kurs aşağıda oxuyan Dürdanənin onu qarabaqara izləməsi…

Axşamı necə keçirəcəyini bilməyən Cavanşir sanatoriyanın həkim-diyetoloqu İsgəndər Abışova - subay cavan  oğlana təklif edir ki, gedib bir az turş çaxır içsinlər, o da razılaşır… Və bununla  povestin birinci hissəsi bitir.

İkinci hissə Əbülfətin məşhur kababxanasında Cavanşirlə İsgəndər Abışovun çaxır içməsilə başlasa da, çox romantik bir sonluqla başa çatır… Kababxanadan çıxıb parkda gəzərkən qarşılarına bir qadın  çıxır…

"Qarşıda, Ay işığında Şuşa parkındakı  ağaclara, gül-çiçəyə baxa-baxa hündürboylu, şümal bədənli, əyninə çox gözəl, çox yaraşıqlı, çox zövqlə tikilmiş tünd kostyum geymiş, başına kənarları çox enli böyük şlyapa qoymuş bir qadın  addımlayırdı və bu qadın hər dəfə addım atdıqca elə bil ki, bu addım Şuşa parkına, ümumiyyətlə, bütün bu yerə-göyə bir minnət idi…

…Bu qadın çox gözəl idi; bu qadının qırx yaşı olardı və özü  də bu yaşı gizlətmək fikrində  deyildi, əksinə, bu qadın elə bil ki, öz yaşından da zövq alırdı"…

Cavanşir özündə cəsarət tapıb qadına yaxınlaşır, ilk dəqiqələr ondan ötrü nə qədər həyəcanlı, gərgin keçsə də, qadın tanışlıq üçün şərait yaradır və məlum olur ki, dünyanın çox yerlərini gəzmiş bu qadın memardır, "Şuşanın Xan sarayı, Qala hasarı,  məscidi bu qadın üçün misilsiz abidələrdir"…

Povestdə qadının daxili aləmini açan bir maraqlı detal da odur ki, Şuşa teatrında "Kleopatra" oynandığını biləndə Cavanşirə deyir:

"Qəribədir… Az qala iki min il keçib, ancaq bu gün də Kleopatra haqqında əsərlər yazırıq, onu tamaşaya qoyuruq… Gedib baxırıq… Hər şey qocalır dünyada, hər şey yox olub gedir, ancaq hisslər qocalmır… insan hiss-həyəcanları, insan ehtirasları, insan ürəyinin çırpıntıları, görünür, daimidir…"

Müəllif povestin bu hissəsini həm yazıçı, həm rəssam, həm də bəstəkar kimi işləmişdir…

"…Gecə saat on birə qalırdı. Mədinə  xanım əlini Cavanşirə uzadıb:

- Sağ olun, - dedi. - Gecəniz xeyrə qalsın.

Şuşa istirahət evinin darvazası üstündən  asılmış elektrik lapmpasının işığında Mədinə  xanımın ala gözlərində bir mehribanlıq vardı və elə bil ki, bu gözlər daha nəsə deyirdi və  elə bil ki, Mədinə xanımın Cavanşirin ovcundakı  əli də gözlərinin dediklərini təsdiq edirdi.

… - Sağ olun, - dedi və bütün kişiliyini köməyə çağırıb soruşdu:

- Sabah görüşəcəyik?

Mədinə xanım eyni mehribanlıqla gülümsədi və:

- Görüşərik, - dedi".

Bu sözləri bu təbəssümlə gecənin bu vaxtı belə bir xanım kimə desəydi, o həmin gecənin səhərini, dirigözlü açar, həmin səhərin axşamına qədər ölüb-dirilərdi… Ancaq bir nigarançılıq vardı; gələcək, ya yox?..

Və üçüncü hissə başlayır…

Gəlir!.. Özü də necə?..

"…Əynində açıq rəngli geniş don vardı və  bu zövqlə tikilmiş açıq rəngli və geniş don da bu saat bir sevincdən, azadlıq və sərbəstlikdən xəbər verirdi. Mədinə xanım başına şlyapa qoymamışdı, saçlarını da yığmamışdı və Mədinə xanımın uzun qızılı saçları üzünə, boynuna, çiyninə, sinəsinə tökülmüşdü və bu qızılı saçlar da bu saat sevincdən, azadlıqdan və sərbəstlikdən xəbər verirdi…"

Hara gedək məsələsi ortaya çıxanda Cavanşir, təbii ki, öz zövqünə (və imkanlarına!) uyğun olaraq "gedək parka… kababxanaya…" deyir, Mədinə xanım isə  ayrı təklif edir:

"- Bilirsiz… Gəlin gedək mənim otağıma. Mən otaqda təkəm, başqa heç kim olmur…"

Razılaşırlar… Və Mədinə xanım otağını həyətdən Cavanşirə göstərib özü qabağa düşür, "beş- altı dəqiqədən sonra siz gəlin" - deyir…

Müəllif bundan sonra yazıçıdan, rəssamdan, bəstəkardan daha çox, sehrkardır…

"Birdən Cavanşirə elə gəldi ki, ürəyində nə vaxtdandı bir yağış həsrəti var: bir şıdırğı yağış istəyir ürəyi, bir ildırım çaxsın, göyün qaranlığında bir ildırım parlasın, hər tərəfi bir ildırım səsi lərzəyə gətirsin; Cavanşir bütün bədəni ilə bu şıdırğı yağışı hiss etdi"…

Cavanşir Mədinə xanımın  otağına getmək istəmir… "…Əmin idi ki, həmin otağa girəndə Mədinə  xanım onu əyninə geydiyi yaraşıqlı uzun xələtlə qarşılayacaq və Mədinə xanım divanda oturanda xələtin ətəkləri arasından  çılpaq baldırları görünəcək.

Ən pisi, ən dəhşətlisi bu idi ki, o çılpaq baldırlar bu saat Cavanşirə heç bir sirli  aləmdən, heç bir kefdən, məstlikdən xəbər vermirdi və elə bil ki, o çılpaq baldırlar, o təmiz, gözəl  ağappaq baldırlar Cavanşirin ürəyindəki yağış həsrətini çirkləndirirdi, lap çirkaba batırırdı".

Cavanşir bu sehrlə hara desən gedə bilərdi, bircə Mədinə  xanımın otağından başqa…

Və Şuşaya duman gəlir… "…Cavanşir hər tərəfi bürümüş bu duman içində Dürdanənin  gözlərini, üzünü, saçlarını aydınca gördü…"

Mədinə xanım obrazı, belə məlum olur ki, müəllifin əlində bir sehr çubuğu imiş… Şuşanın dumanında… Və bu sehr çubuğunun işləməsi üçün Şuşaya duman gəlməli imiş…

"Şuşaya duman gəlmişdi, amma Sadiq müəllimin meydana toplaşanlarla sağollaşmasından qabaq Hüsaməddin Alovlu ondan icazə aldı, meydanın ortasına çıxıb bu gün yazdığı  yeni şeirini oxumağa başladı:

Nevesta budeş

Tı materi moy!

Oçen xoroşo!

Oçen xoroşo!.."

Elçin "Dolça" povesti ilə ona (və onun oxucularına doğma olan) Abşeron mövzusunu davam etdirir…

Ağabacı əri Ağababanı yola gətirmək istəyir ki, evin üst mərtəbəsini yayda dincələnlərə kirayəyə versinlər, ancaq Ağababa heç cür razı olmur…

Elçinin Abşeronunu - hər kəndini, hər insanını, dənizini, havasını, meyvəsini, qumunu,  qayasını… nəyi varsa, hamısını… necə varsa, o cür sevməmək mümkün deyil…

Və hətta göy-göyərtisini, toyuq- cücəsini, it-pişiyini…

"Abşeron Abşeron deyildi bu dəm, Abşeron bir cənnətməkan idi, elə bir cənnətməkan ki, bu dəm bu qayalıqdan, bu qumluqdan aydın,  o açıq üfüq xəttinə kimi bir aynası var idi və bu ayna bu saat göz qamaşdırırdı, günün altında par-par parıldayırdı, gömgöy idi, sakit idi.

Dolça dənizə baxa-baxa sahil boyu qayalıqlara tərəf qaçırdı və bu it elə bil ki, dənizin bu cür sakitliyindən, bu cür göylüyündən həzz  alırdı…"

Elçin ana dilini tar kimi çalır və elə  xallar vurur ki, bu dili ən gözəl bilənin də  heyran olmaması mümkün deyil; hadisələri  nağılçı- dastançı məharətilə danışır… Və bu  üslub, müasir terminologiya ilə desək, ən azından neofolklorizmdir…

"Baladadaş məktubla belə bir xəbər  göndərmişdi ki, Xantı- Mansidən Amur vilayətinə  əsgərliyə gəlmiş bir oğlanla tanış olub və həmin oğlan  guya ki qarovulçu Həsənullanın elə bil ki, burnundan düşüb və ümumiyyətlə kənddə deyirdilər ki, o tərəflərdə qarovulçu Həsənullaya oxşayan oğlan, qız çoxdu…"

Ağababanın dalına düşüb gələn yiyəsiz it küçüyünə baxan itbilicisi qarovulçu Həsənulla əvvəl demişdi ki, bu, "mansı- xantı itidi", sonra demişdi ki, "yox, bu, komi- mansı itidi", sonra da demişdi ki, "net, net, bu, komi-xantı itidi…"

Həsənulla ona dolçada süd verdiyindən uşaqlar küçüyün adını Dolça qoyurlar… Və Dolça gəlib dörd yaşına çatır…

Kəndin bütün itləri gündüzlər çimərlikdə  sülənir, buraya gələnlərdən qalan artıq-urtuğu yeyərdilər, Dolçadan başqa… "Çünki Dolçanın yiyəsi Ağababa belə şeylərə çox pis baxırdı…  Əslində, Ağababanın evində on bir ağız yox, on iki ağız var idi. - Böyüklər, uşaqlar, bir də Dolça.

Dolça  kolbasanın dadını, bəlkə də, heç bilmirdi, bilmirdi ki, belə dadlı bir təam var, çünki Ağababagil kolbasa yemirdi…"

Ağababa axır ki, razılaşır ki, evin üst mərtəbəsi kirayəyə verilsin, özləri köçsünlər  yarımzirzəmi olan birinci mərtəbəyə…

İmkanlı kirayənişinlərin şit hərəkətləri elə ilk gündən ev yiyələrinin xoşuna gəlmir, o cümlədən də Dolçanın; Ağabacıdan başqa  hamı çalışır ki, evdən qaçsın, evə gecə yarısı, kirayənişinlər yatandan sonra gəlsin… Ağabacı isə  anlayır ki, "bir qələtdi eləmişəm atabaatamla"…

Həyətdə hər gün bişirilən kababın iyi Dolçanı haldan- hövsələdən çıxarır: həm ağzının suyu axır, həm də kənar adamın verdiyini yemək istəmir…

"Son on gün ərzində Dolça tamam arıqlamışdı. Dolçanın qabırğalarını saymaq olardı. Dolçanın  gözləri elə bil iriləşmişdi və bu gözlərdə bir işıltı əmələ gəlmişdi, amma bu işıltı nəsə xəstə bir işıltı idi… Ortada bir Dolça həyət- bacada göy ot yeməyə başladı və Ağabacı başa düşdü ki, Dolçanın başı ağrıyır"…

Gəldikləri gündən Dolçaya yemək gətirib onunla dost olmaq, oynamaq istəyən Ofelyaya arxa çevirən, atdığı yeməkləri yeməyən Dolça birdən  başlayır nə versə yeməyə… "Həmin gündən sonra Ofelya Dolça ilə oynadı, sonra Dolça ilə dalaşdı,  sonra Dolçanı ələ saldı, qovdu, Dolçaya güldü, amma Dolça Ofelyadan  əl çəkmədi"…

Dolça daha Ağabacının arpa unundan çaldığı yala, düzəltdiyi kütə gözünün ucu ilə də baxmır və kirayənişinlərin bişirdiyi kabablardan, atdıqları kolbasalardan yeyib kökəlir, hətta  bir az da sırtılır… Ancaq bir məsələ vardı: "Dolça çalışırdı ki, Ağababanın gözünə görünməsin və Ağababa həyətə girən kimi Dolça yox olurdu, hərdən də kənarda dayanıb oğrun-oğrun Ağababaya  baxırdı və bu zaman Dolçanın qara gözlərinin lap dibindən bir kədər axıb gəlirdi".

Adət etmədiyi "həyat tərzi" Dolçanı sındırmışdı, ancaq "daxil"ində hələ  müqavimət imkanları vardı, "vicdan"ını tamam itirməmişdi…

Kirayənişinlər elə bir alçaq iş tuturlar ki, vaxtından əvvəl rədd olub getməli  olurlar…

"Dolça hasarın üstündə oturub bu qaranlıq gecədə, aysız-ulduzsuz, küləkli Abşeron gecəsində qayalığa tərəf baxırdı; qayalıq görünmürdü, amma xəzri köpüklənib qaranlıqda ağaran dalğaları qayalara çırpırdı və Dolça qayalara çırpılan dalğanın səsinə tərəf baxırdı…

Ağababa belə hiss edirdi ki, Dolça kirayənişinlərin xiffətini çəkir və Dolçanın belə yaramaz adamların xiffətini çəkməsi Ağababanın ürəyində qübar bağlayırdı"…

Məsələyə yenə Ağabacı qarışır, o Ağabacı ki, evi də kirayəyə o vermişdi, ailəni də (Dolça da daxil olmaqla) bu günə o salmışdı…

"…Ağabacı yenə arpa unundan yal çaldı və yalı gətirib qoydu Dolçanın qabağına, amma Dolça yenə də yala dilini vurmadı, dəmir nimçəyə baxdı, Ağabacıya baxdı və Ağabacıya hürdü.

Ağabacı Dolçanın bu hürməyindən çox pərt oldu…

…- - A- a- a… Allah haqqı, kabab istəyir bu! - dedi.

Və bu vaxt Nailə quyunun yanında paltar yuya- yuya dedi:

- Elə mən də kabab istəyirəm…

…Sabahı gün isə Dolça yoxa çıxdı".

Təbiət Ağabacının içində gec partlayacaq bir təhlükə becərirmiş. Və bu təhlükədən heç Ağabacının  özünün də xəbəri yoxmuş… Ailəsi üçün - övlad-uşaq üçün çalışırmış, ancaq övlad-uşaq ayrı şey istəyirmiş - o cümlədən Dolça!..

O dolça ki, insan deyildi, it idi…

"Dolça bir də bu həyətə gəlmədi…"

O həyətdən ki, bərk ayaqda hamı qaçır, it niyə qaçmasın?..

"Sürpriz" kababı"na  ("Epiloq əvəzi"nə) ehtiyac varmı?..

Var!..

Birincisi, ona görə ki, Ağababa ilə Ağabacının ailəsi kirayənişinlərin verdikləri pulu bir gündə xərcləyib qurtarırlar, ikincisi isə, kababxananın  həyətində Dolçaya rast gəlirlər:

"Üç dənə it gümüş Məlikin kababxanasının dalında sür-sümük yeyirdi və bu itlərdən biri Dolça idi.

…Dolça bir müddət Ağababagilə baxdı. Dolçanın qara gözləri günün altında parıldayırdı və Ağababa bu gözlərdə açıq-aşkar bir kədər oxudu".

Əlbəttə, Dolça insan deyildi ki, Ağababa ilə Ağabacının insan həyatını (bütün dözümü ilə!..) yaşasın… O,  heyvan idi… Və heyvan həyatını da yaşayacaqdı…   

Nizami Cəfərov


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!