Edebiyyatqazeti.az xəbər verir ki, Azərbaycan Universitetində XX əsr Azərbaycan ədəbiyyatının görkəmli siması, şair, yazıçı və dramaturq Hüseyn Cavidin 135 illik yubileyi qeyd olunub. Azəbaycan dili və ədəbiyyat kafedrasının təşkilatçılığı ilə keçirilən “Hüsnü-xuda şairi” adlı tədbirdə Hüseyn Cavidin Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi kimi xüsusi yer tutduğu qeyd olunub, yaradıcılığının müxtəlif mərhələ və aspektlərinə toxunulub, Azərbaycan ədəbiyyatının dünya ədəbiyyatına yaxınlaşmasında xidmətləri və irsinin öyrənilməsinin vacibliyi qeyd olunub.
Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Ülviyyə Rəhimova bildirib ki, tariximizin ən çətin dövründə yaşayıb yaradan, keçən əsrin 30-cu illərinin repressiya burulğanına düşən Hüseyn Cavid XX əsrin nadir sənətkar və görkəmli şəxsiyyətlərindəndir. Yaradıcılığı ədəbi-nəzəri fikrin daim diqqət mərkəzində olmalıdır. Bu gün biz “Mənim tanrım gözəllikdir, sevgidir”, “Yerə enməm də səma şairiyəm” deyən “Hüsni-xuda şairi” Hüseyn Cavidin yaradıcılığının bəzi maraqlı məqamları ilə onun tədqiqatçısı Azər Turan vasitəsilə tanış olacağıq.
Filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan çıxışında Hüseyn Cavidin Azərbaycan ədəbiyyatı və fikir tarixindəki yeri, əsərlərinin strukturu, janr xüsusiyyətləri haqqında məlumat verib. Azər Turan qeyd edib ki, görkəmli sənətkarın irsindəki tədqiq edilməli məqamlar aydınlaşdıqca Azərbaycan fikir tarixi daha da zənginləşmiş olacaq.
Azərbaycan Universitetinin professoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Kamran Əliyev Hüseyn Cavidin Azərbaycan ədəbiyyatına onu dünya arenasına tanıdan əsərlər bəxş etdiyini diqqətə çatdırıb. Kamran Əliyev deyib: “Onun ədəbiyyata gətirdiyi zamanlar tarixin dönəm möhürləridir. Şekspir dramaturgiyası kimi Hüseyn Cavidin də əsərləri dünyanın bütün teatr səhnələrinə yaraşır”.
Azərbaycan Universitetinin professoru Asif Hacıyev Hüseyn Cavidin yalnız şair və dramaturq kimi deyil, filosof kimi də tədqiq edilməsinin əhəmiyyətini vurğulayıb.
Sonda tələbələrin sualları cavablandırılıb, xatirə şəkili şəkdirilib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!