Yazıçı Azər Qismətin “Çuğullar” adlı yeni romanı dərc edilib

Edebiyyatqazeti.az xəbər verir ki, “Xan” nəşriyyatı tərəfindən yazıçı Azər Qismətin “Çuğullar” adlı yeni romanı dərc edilib.  

Əsərdə baş verən hadisələr bir gəncin mənəvi dəyərlərlə gerçək tələblər arasındakı təbəddülat hisslərindən bəhs edir. Onun sındırılması üçün istər psixoloji, istərsə də fiziki təzyiq vasitəsinə əl atılır. Tələb isə çuğulluqdur. Əyalət gənci qan yaddaşında belə tələbin yaramazlıqla bir tutulduğunu anlatmağa çalışsa da, ondan zəmanəyə uyğun hərəkət etməsi gözlənilir. Əyalətin saf hissləri ilə şəhərin acı gerçəkliyi arasında qalan gənc dünyaca məşhur çuğullarla öz həyatını müqayisə etməklə, yaxud xəyalında ibtidai icma quruluşuna uçmaqla təsəlli tapır. Son vasitə isə tapılır. Həmin vasitə ətrafdakıları dəhşətə gətirir. Gənc çuğulluq edəcəkmi, yaxud ətrafdakıları hansı yola çəkəcək, bunu romanı sona qədər oxumaqla bilmək olar. (“çuğul” arxaik sözdür, “xəbərçi”, “şərləyən”, “şeytanlayan” mənasını daşıyır).  

Qeyd edək ki, kitabın dərc edilməsinin təşəbbüskarı Müşfiq Xan, redaktoru Səbuhi Şahmursoydur.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!