Alternativ Nobel Mükafatını Mariz Konde qazandı

 

Edebiyyatqazeti.az FrancetvInfo telekanalına və The Guardian-a istinadən xəbər verir ki, dünən İsveçin paytaxtı Stokholmda bu il üçün ədəbiyyat üzrə Yeni Alternativ Nobel Fondunun təntənəli mükafatlandırma mərasimi keçirilib. Əsas mükafata fransız yazıçısı (Qvadelupa vətəndaşı) 81 yaşlı Mariz Konde layiq görülüb.

Yeni Akademiyanın münsif prezidenti, Enn Polssonun (An Palsson) təsisçisi çıxışında qeyd edib ki, 81 yaşlı Mariz Kondenin bu mükafata layiq görülməsi olduqca ədalətli qərardır.  O, söyləyib ki, yazıçı dəqiq xətlərlə kolonializmin və xaotik postkolonializmin dağıdıcı təsirini daima öz yaradıcılıq nümunələrində təsvir edib.

Ona göstərilən bu etimadı yüksək qiymətləndirən Qvadelupalı yazıçı oxucu və münsiflərə öz təşəkkürünü bildirərək yazıçı olmaq istəyinin onda haradan yaranmasının tarixçəsindən danışıb. Hələ 12 yaşı olarkən anasının rəfiqəsi tərəfindən Emili Brontenin “Tufanlı yoxuşlar” kitabının hədiyyə olunmasından sonra “mən mütləq yazıçı olacağam” fikrinin onda qətiləşməsindən söz açıb. “Doğrudur, sonralar o xanım məni bu yoldan çəkinməyi təklif edib. Amma bu gün bu mükafata layiq görülüncə onun doğru fikirdə olmadığını anlayıram. Cinsindən, irqindən, milli mənsubiyyətindən, kiçik ölkənin vətəndaşı olmağından, rəng fərqliliyindən asılı olmayaraq – istənilən şəxs yazıçı ola bilər”.

Mariz Konde bir çox mükafatlara layiq görülmüş yazıçıdır. O, İncəsənət və ədəbiyyat Ordeninin komandoru, Legion Ordeninin Kavaleri, Kvabeka Akademiyasının fəxri üzvüdür.

Alternativ Nobel Mükafatının laureatları aşkar səsvermə nəticəsində seçilib. Səsvermədə jurnalist, aktyor, yazıçı, rəssam, digər incəsənət nümayəndələri olmaqla yüzə qədər şəxs iştirak edib.

Qeyd edək ki, ötən il, İsveç Akademiyasında seksual zorakılıq (Akademiya üzvü, şair Katarina Frostensonun həyat yoldaşı, məşhur fransız fotoqraf Jan-Klod Arnaultla əlaqəli istismar qalmaqalı ilə bağlı yaranmış müzakirələr qurumda böyük fikir ayrılıqlarına səbəb olmuşdu) və maliyyə məsələləri ilə bağlı yaranan səs-küylü qalmaqal nəticəsində Akademiyanın katibi Anders Olsson 2018-ci il üçün Nobel Mükafatının təqdim olunmayacağını söyləmişdi. Bununla da Cəmiyyət tərəfindən mükafatın etibarını qaytarmaq məqsədilə yeni Alternativ Nobel Mükafatı təsis olunmuşdu. Elə bu səbəbdən də Nobel finalistlərinin açıq səsvermə nəticəsində seçilməsi qərara alınmışdı.

 

Mətni tərcümə etdi - Günel Eyvazlı

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!