Elçilər çox gəldi-getdi, bəklərəm öz növbəmi - Nəriman Qasımoğlunun qəzəlləri

 

 

 

***

 

Bir suyun üstündədir əksim dalıb aləmlərə,

Candı tənimdən çıxıb varmış alayı dəmlərə.

 

Bir təbəssüm sayrışır əsdikcə rüzgar əksimə,

Dalğa-dalğa ol təbəssüm son qoyur bax qəmlərə.

 

Göydən endi əksim üstə, canıma nur qatdı gün,

Halələndim, məndə itdi-batdı gün birdən-birə.

 

Haləmin də əksi düşdü, çütlənir əksim suda,

Bax kim olmuş həmdəmim bir ayədir həmdəmlərə.

 

Əksimi ayaqlayıb gəzir suda Məsih İsa,

Öylə ki, gördüm bunu hey gözlərim tilsimlənər.

 

Bağla ayaqlarına, Rəbbim, onun, ucalt məni,

Suyla qalxan surətim min damlada yağsın yerə.

 

Ol yağışın sim-sim olmuş göylərə bağlar yeri,

Qasımoğlunu toxundur çaldığın bu simlərə.

***

Səndənəm, yazındanam, endirmisən, tək kəlmənəm,

Aç məni mənə, İlahi, mənasını bilmənəm.

 

Bilmənəm cahil neçin gülmüş bu məchul halıma,

Mən ki, bax cahil olursam həmdəmimə gülmənəm.

 

Elçilər çox gəldi-getdi, bəklərəm öz növbəmi,

Almayınca vəhyi Səndən dinmənəm, dillənmənəm.

 

Bir həyat iksiridir ol kəlmənin şərhi mənə,

Öylə çağlar ki, gözümdən, təşnələrçün sellənəm.

 

Kim bilir, rəhimliyəm, ya qızmışam kafirlərə,

Batsalar bu sel içində göz yaşımı silmənəm.

 

Rəbbini göstər deyə əl çəkməyir cahil yenə,

Vur boyanı kəlmənə, Rəbb, istərəm şəkillənəm.

 

Qasımoğlunun Özün çək rəsmini, ver şərhini,

Eylə əfv gər şərhinə, təsvirinə düz gəlmənəm.

 

***

 

Can dedim, duydun bayaqdan, dal sözümün canına,

Yat, qulaq kəsil, əzizim, könlümün sultanına.

 

Duy necə eşq nəğməsin O vəhy verir aşıqlərə,

Sən də bir pay al bu vəhydən canımın ünvanına.

 

Tək qılıb cüt canı Ondan ötrü olduq iç-içə,

Nəğmələndik bir oxuyla ol Təkin tək şanına.

 

Tənimizdən canımız köçmüş alayı aləmə,

Rəbbimiz bir eşq ilən almış bizi Öz yanına.

 

Bir hüzur içindəyik san tazədən yapmış bizi,

Gözlərin dikmiş mələklər cüt könül sahmanına.

 

Həp bərabər yolladıq can kəlməsini dərgaha,

Eylədik bu kəlməni həkk göylərin tavanına.

 

Aç gözünü, Qasımoğlu, doğdu güntək can sözü,

Həmdəmini çək yenə bu can sözü divanına.

 

***

 

Çək sığal yaddaşıma, Rəbbim, kərəm qıl, faş elə,

Aç oxusunlar məni aləmlərə həmyaş elə.

 

Öz Yazındı yazmısan yaddaşıma, min sirrini

Kim açar məndən alayı bir ağıllı baş ilə.

 

Milyon il əvvəldəyəm, ərşin sular üstündədir,

Dalmışam bu şəklə, Rəbbim, Sən təkin Nəqqaş ilə.

 

Çoxlarının zənnidir yoxdan yaratdın hər şeyi,

Qup-quru ehkamları sal ol sulara yaş elə.

 

Min-min ayət bir an içrə çeşmimi sarmış yenə,

Heyrətimdən şaşqınam, gərdişini yavaş elə.

 

Adəməm, səhv etmənəm ta, gəl dəyişdir hökmünü,

Mən qalım qoy, iblisi ol səhnədən çıxdaş elə.

 

Qalx ayağa, Qasımoğlu, Rəbbin hüzurundasan,

Bax Ona, gör öz üzünü tazə bir yaddaş ilə.

 

***

 

Bəxtimə öymək düşüb, Rəbbim, Sənin ol şanını,

Mutluyam ki, gəzdirir bəxtim Sənin nişanını.

 

Ayətindir, şanına tərif deyir hər dəm dilim,

Ki, oyatsın tərifə yatqınların vicdanını.

 

Kim dilər vicdanə gəlsin, məst olar, çünki bular

Ayətindən mey çəkən hər kəlməmin ünvanını.

 

Ünvanında sakinəm, göstər mənə seyr eyləyim

Bu şəhadət aləminin qeybə tən hər anını.

 

Hər şeyi cüt-cüt yaratdın, bəs hanı ikinci mən?

Hə, görür gözüm mənə tay qeybin ol insanını.

 

Oxşarım da şanına tərif demiş mənsiz demə,

Eyləmiş Rəbbim demə cüt cana vəhy ehsanını.

 

Öz tayı varkən nə dəxli, söyləsin cahil yenə

Lül dəm olmuş Qasımoğlu cüt görür tək canını.

 

 

***

 

Mutluyam, döndərmisən məni yenə həmdəminə,

Bax zamansız hikmətin çəkmiş məni öz dəminə.

 

Həsbi-halam Sənlə, Rəbbim, milyon ildi, axırı

Güzgü yapdın bəndəni bu insü-cin aləminə.

 

Eyblərini məndə bulmuş, məndə bilmiş çoxları,

Qoymamışlar fərq neçin bu güzgünün yöntəminə?

 

Meraca qaldır məni, Rəbb, qoy durulsun gözləri

Hey baxınca mat-məəttəl nur saçan bir gəminə.

 

Lap əzəldən canımı məsh eylədin bir lütf ilən

Ol zaman ki, yoxdu tənim... Şükranam kərəminə.

 

Kim əlac qılmaq dilər öz dərdinə gəlsin yaxın,

Növbəyə dursun qapımda bir Məsih məlhəminə.

 

Cərgə-cərgə düz hamını dinləsinlər kəlməni,

Ayətindi Qasımoğlu milyon adəm cəminə.

 

***

 

Durmuşam durmuş zaman içində, Rəbbim, bax necə,

Ol qədər ki, olmuşam axır Səninlə iç-içə.

Həm dünəndə, həm bu gündə, həm sabahda sakinəm,

Mənzilim Sənin qatında bərqərardır böyləcə.

Hər nə olmuşsa, olursa, ya olarsa gördüyüm

Olmuş həkk göz yaddaşımda, varmaz əsla bir heçə.

Milyon ildir gözlərim bax qaynadıqca qaynayır,

Kim dilər baxsın Sənə, bu cüt bulaqdan su içər.

Qoy bəsirət təşnəsi içsin məni Səndən yana,

Çün Sənə gedən yolu görsün gəlib məndən keçər.

 

Rəbbə varmaq istəyən əvvəl məni tapsın gərək,

Rəbb mənə varanları məndən süzüb bir-bir seçər.

Qasımoğlu mənzilində gözləyir aşiqləri,

Öylə bir məclis qurar ki, keyfi milyon il çəkər.

 

***

 

Bir ulu nemətdi ki, Səndəndi əla hər nə var,

Hikmətindən sərgi yap gözümdə, Rəbbim, sər nə var.

 

Eylə tuş bu sərgiyə insanları birər-birər,

İçlərindən əhli-eşqə gördüyümdən ver nə var.

 

Ver ki, dönsün başıma aşiqlərin izninlə hey,

Böylə tür səyyarələrdən ətrafımda sür nə var.

 

Sür ki, merac dərsini versin bu bəndən aləmə,

Sevgidən çiçək-çiçək könüllərə əkər nə var.

 

Bar verincə əkdiyi, çəkdin quluna məshini,

Qul da məsh ətirlərindən canına çəkər nə var.

 

Mən ikinci Adəməm, İlahi, solmaz gördüyüm,

Bax şəkil-şəkil enən vəhyindən tazə-tər nə var?

 

Bir Məsih yapmış da sərmiş aləmə Rəbbim məni,

Bax özündə, Qasımoğlu, Allahından gör nə var.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!