Kukla teatrı səhnəsində yeni tamaşa - “Piter Pen”

 

Mütəmadi repertuarını zənginləşdirən, məşhur uşaq nağıl və pyeslərini səhnələşdirərək balacaların zövqünü formalaşdıran Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı növbəti tamaşanın məşqlərinə başlayıb.

Edebiyyatqazeti.az-a teatrın mətbuat xidmətindən verilən məlumata görə bu dəfə balaca teatrsevərlər sevimli səhnələrindən məşhur isveç nasir-dramaturqu, Nobel mükafatı laureatı Ceyms Barrinin “Piter Pen” pyesi əsasında “Piter Pen: Yoxlandiyaya səyahət”  adlı tamaşasını izləyəcəklər.

Balacaların bədii və cizgi filmlərindən tanıyıb sevdiyi bu  sehrli qəhrəman və dostlarının sərgüzəştlərinin səhnə həllini teatrın quruluşçu rejissor Anar Məmmədov edir.

Uşaqlara dürüstlük, humanizm, yardımsevərlik və cəsarət aşılayan tamaşanın əsas ideyası öz gücünə inam və qətiyyətdir.

Fərqli kukla texnikası və işıq həlli ilə  tərtib olunan tamaşanın quruluşçu rəssamı Əfşan Əsədovadır.  Uşaqları sirli nağıllar dünyasına səsləyən bu quruluşda hərəkətli dekorasiyalar da üstünlük təşkil edir.

Müxtəlif mexanizmlərlə işlənmiş  kuklalardan hazırlanan birhissəli  uşaq tamaşasında  obrazları Elnur Abbasquliyev, Səriyyə Mansurova, Cavid Telman, Elmira Hüseynova, Rəhilə İbadova, Aygül Ağayeva, Elgün Həmidov, Samirə Nəcəfova, Araz Həsənli və Adil Dəmirov canlandırırlar.

Musiqi tərtibatı əsasında hazırlanan tamaşa dekabrın ortalarında tamaşaçıların ixtiyarına veriləcək.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!