"Bülbül" - Romandan parça - Kristin Xanna

Müasir Amerika yazıçısı Kristin Xanna 1990-cı ildə ilk romanını qələmə almışdır. Bir-birinin ardınca "Bacılar arasında", "Həqiqi rənglər", "Qış bağçası", "Gecə yolu", "Evdən çox uzaqda", "Ay bağçası", "Yaz yuxusu" kimi populyarlıq qazanan romanlar yazır. Yazdığı həyat hekayələri ilə oxucu sevgisi qazanan müəllif "Qızıl ürək", "Maggic" və "Beynəlxalq oxucu seçimi" mükafatlarını almışdır.

Daha çox sentimental sevgi romanları və ailə melodramları müəllifi kimi tanınan Kristin Xanna 2015-ci ildə çərçivədən çıxaraq böyük bir ədəbi uğura imza atdı. Onun II Dünya müharibəsi dövründən, müharibənin səbəb olduğu ailə fəlakətlərindən, ağrı-acıdan, ürək sızladan həyat hekayələrindən  bəhs edilən "Bülbül" romanı ilin ən çox oxucu sevgisi qazanmış romanıdır. "Bülbül"("The Nightingale") "New York Times"a görə 1 nömrəli bestseller hesab edilir.

1939-cu il. Fransa. Sakit və yuxulu bir kənd olan Karrivoda Vianna Moriak almanlarla döyüşə gedən yoldaşı ilə vidalaşır. O inanmırdı ki, nasistlər Fransaya girə bilər... Amma az sonra onlar evin lap yaxınlığına gəlirlər, tankların səsi guruldayır, bombardmançı təyyarələrdən səma görünmürdü. Müharibə sakit Fransaya da çatmışdı. Vianna qızı ilə birlikdə şəhəri zəbt etmiş almanlardan gizlənməyə məcbur olur. Viannanın bacısı on səkkiz yaşlı üsyankar və dəlisov bir qız olan İzabel Moriak isə işğalçılarla mübarizə aparmağa qərar verir. Düşünmədən həyatını təhlükəyə atmağa hazır olan bu qızı atası kəndə- böyük bacısının yanına göndərməyə məcbur olur. Alman bombardmanı altında qalan əhaliyə kömək edən İzabel xaosun və ölümün içində Qeytonla tanış olur və  dəlicəsinə vurulur. O geriyə baxmır və öz hərəkətlərinə görə heç də peşman olmur, dəfələrlə öz həyatını təhlükəyə ataraq insanları xilas edir. Bacıların hər ikisi fərqli xarakterlərdə olduqları kimi, müharibəni də fərqli yaşayırlar.

Bütövlükdə götürsək, "Bülbül" müharibə, onun qurbanları, çəkilən əzablar və yaşanmış böyük sevgilər haqqında romandır. Qadın cəsarətini və mətanətini simvolizə edən, ürək sızladan, maraqlı bir roman. Bütün zamanların və bütün insanların romanı.

9 aprel 1995-ci il Oreqano sahilləri

Uzun illər ərzində mən bircə bunu öyrəndim ki, sevgi bizi olmaq istədiyimiz kimi, müharibə isə əksinə, olduğumuz kimi göstərir. Hazırkı gənclər hamı haqqında hər şeyi bilmək istəyir. Onlar elə hesab edir ki, problemlər haqqında danışmaqla onu həll edə biləcəklər. Lakin mən o qədər fəal nəsildən deyiləm. Biz unutmağın və hər şeyi yenidən başlamaq həvəsinə düşməyin necə vacib olduğunu bilirik.

Bununla belə, son zamanlar mən yenə müharibə, keçmişim və itirdiyim insanlar haqqında düşünürəm.

İtirmişəm.

Elə səslənir ki, sanki sevdiklərimi hardasa əlimdən buraxıb bilinməyən bir yerdə qoymuşam və axmaqlığımdan tapa bilmirəm.

Yox, onlar heç də itirilmiş deyil. Onlar sadəcə olaraq gediblər. Və indi daha yaxşı dünyadadırlar. Mən uzun həyat yaşayaraq bilirəm ki, kədər  kimi əzab verən bir hiss bizim qanımıza girir və varlığımıza çevrilir.

Yoldaşımın ölümündən sonra  mən sürətlə qocalmağa başladım, xəstəliyimlə bağlı xəbər bu prosesi daha da sürətləndirdi. Dərim qırışaraq elə bil təkrar istifadə üçün hamarlanmağa çalışılmış kağıza bənzəyirdi. Görmə qabiliyyətim də məni tez-tez məyus edirdi - qaranlıqda, yağış vaxtı far işıqlarında. Dünyanın bu etibarsızlığı məni soyuqqanlı qalmağa qoymur. Ola bilsin ki, məhz buna görə də mən tez-tez keçmişə baxıram. Məhz orada indi məhrum olduğum aydınlığı tapıram.

İnanmaq istəyirəm ki, bu həyatdan getməklə bütün sevdiklərim və itirdiklərimi tapa biləcəm. Ən azı, məni bağışlayacaqlar.

Amma özümü aldatmayım, elə deyilmi?

Mənim meşə maqnatının "Piki"  adlandırdığı, 100 ildən də əvvəl tikilmiş evim satışa qoyulub. Köçməyə hazırlaşıram, çünkü oğlum hesab edir ki, belə daha yaxşıdır.

O çalışır ki, qayğıma qalsın, bu çətin zamanlarda məni nə qədər sevdiyini göstərsin və mən onun hər şeyi idarə etmək arzusu ilə hesablaşıram. Harada ölməyin nə əhəmiyyəti var? Amma həqiqətən də problemdi. Harada yaşamağın nə əhəmiyyəti var? Öz yaşantılarımı toplayacağam; bu sahildə mən demək olar ki, yarım əsr bundan əvvəl məskunlaşmışam. Bir hissəsini özümlə aparmaq istəyirəm. Lakin bir məsələ var.

Qatlama çardaq nərdivanının dəstəyini çəkirəm. Pilləkənin pillələri  mədəni şəkildə əl uzadan centlmen kimi bir-bir açılaraq tavandan düşür.

Yavaş-yavaş  kif iyi verən çardağa çıxdıqca çürük pilləkənlər ayaq altında əyilirdi. Tavandan bircə lampa asılmışdı. İşığı  yandırdım.

Bu sanki köhnə paraxodda həbsdə olmağa bənzəyirdi. Ağacdan hazırlanmış taxta divar; lövhələr arasındakı çatlarda topalaşaraq küncləri bürüyən  gümüşü hörümçək toru. Tavan o qədər alçaq idi ki, mən öz boyumla çardağın ancaq ortasında dayana bilirdim. 

Nəvələrim kiçik olanda istifadə etdiyim yırğalanan kreslo, köhnə uşaq yatağı, cırılmış, burjinləri paslanmış yırğalanan at və qızımın təmir etdirdiyi kreslo. Divar boyunca üstü yazılmış qutular düzülmüşdü: "Yeni il, "Şükranlıq günü", "Pasxa", "Hellouin" , "İdman". Onlarda mənə bir daha lazım olmayan, lakin ayrıla bilməyəcəyim şeylər vardı. Etiraf edə bilmərəm ki, bir daha yeni il ağacı bəzəyə bilmərəm- bu istənilən halda təslim olmaqdı və mən bunu heç vaxt bacarmamışam. Mənə lazım olanlar isə qıraqdakı küncdə idi: səyahət strikerləri ilə bəzənmiş köhnə sandıq.

Çətinliklə də olsa ağır sandığı sürüyərək  ortalığa, düz işığın altına çəkirəm. Diz üstdə çöksəm də, oynaqlardakı ağrıdan oturmağa məcbur oluram.

30 ildə ilk dəfə sandığın qapağını qaldırıram. Üst hissələri uşaq əşyaları ilə doldurulmuşdu: körpə papışları, şirniyyat qəlibləri, karandaşla çəkilmiş - adam və gülümsəyən günəş şəkilləri, məktəb tabelləri, uşaq bayramlarının şəkilləri.

Ehtiyatla üst qatı götürüb digər tərəfə qoyuram.

Sandığın alt hissəsində nizamsızlıq hiss olunurdu: bir neçə rəngi solmuş, dəri ilə örtülmüş qeyd dəftərçələri; mavi atlas lentlə bağlanmış bir yığın köhnə açıqcalar; bir küncü əzilmiş karton qutu; Jülyen Rossinin şeirləri olan bir neçə nazik kitabça; çoxlu ağ -qara şəkillər olan ayaqqabı qutusu.

Yuxarıda isə saralmış kağızlar var idi.

Onu götürməyə qərar verəndə əllərim əsdi. Bu, carte d'identite,  müharibə dövrünün şəxsiyyət vəsiqəsi idi. Uzun müddət gənc qadının bu balaca şəklinə baxıram. Juliette Gervaise.

-Ana?

Oğlum cırıldayan  pillələrlə qalxır, addım səsləri ürək döyüntüm kimi səslənirdi. Yəqin ilk dəfə deyildi ki, məni çağırırdı.

-Ana! Sənə buraya gəlmək olmaz. Lənət şeytana, pilləkən etibarsızdı.- O, yaxınlığımda dayanır. - Dalğınlıqla büdrəyəcəksən və...

Yüngülcə ayağına toxunuram, başımı yelləyirəm, üzünə baxmağa halım yoxdu.

-Əyləş, - pıçıldayıram.

O, dizi üstə çökür, sonra yanımda oturur. Ondan yüngül və ətirli təraş lasyonunun iyi gəlirdi, həm də bir qədər tütün iyi - gizlincə küçədə çəkib. O, neçə il əvvəl siqareti atmışdı, amma mənim xəstəliyimi biləndə yenidən başladı. Mənim deyinməyə əsasım yoxdu: o, həkimdi axı, daha yaxşı bilər.

İlk cəhdim kağızı sandığa qoymaq və cəld qapağını bağlamaq olardı. Gözdən uzaq eləmək. Bütün həyatım boyu məhz belə eləmişəm.

Amma indi ölürəm. Bu nə o qədər sürətlə, nə də həddən artıq yavaş-yavaş baş verəcək. Amma hiss edirəm ki, yaşanmış illəri sakitcə nəzərdən keçirməliyəm.

-Ana, sən ağlayırsan?

-Bilinir?

İstəyirəm ona həqiqəti deyim, amma alınmır. Məni öz qorxaqlığım utandırır. Mənim yaşımda heç nədən qorxmaq lazım deyil - xüsusən də öz keçmişindən.

Amma mən yalnız "bu sandığı  götürmək istəyirəm"- deməyə cəsarət edirəm.

-Bu çox böyükdür. Mən əşyaları daha kiçik qutulara yığaram.

Nəvazişlə məni qorumaq arzusuna gülürəm. "Səni çox istəyirəm və xəstəyəm. Buna görə də mənə kömək etməyinə icazə verirəm. Amma hələ sağam. Və bu sandığı götürmək istəyirəm".

-Sən əminsən ki, bütün bu lazımsız şeylər sənə vacibdir? Bunlar bizim şəkillərimiz və mənasız şeylərdi.....

Əgər əvvəllər ona həqiqəti desəydim, əgər özümə daha çox oxumaq, içmək və rəqs etməyə imkan versəydim, ola bilsin ki, o öz köməksiz, darıxdırıcı anasında -məni tapa bilərdi. O, tam olmayan-yarımçıq anasını sevir. Amma mən həmişə məhz bunu istəyirdim ki, məni təkcə sevməsinlər, həm də mənimlə fəxt etsinlər. Yəqin ki, cəmiyyətin bunu etiraf etməsini istəyərdim.

-Bunu mənim son ricam kimi qəbul elə.

O açıq-aydın etiraz etmək istəyirdi, amma mənim belə danışmamağım üçün susdu, qorxurdu ki, səsi titrəyəcək.

-Sən iki dəfə öhdəsindən gəlmisən,- öskürərək nəhayət, oğlum dilləndi, - indi də bacaracaqsan.

Biz ikimiz də bilirik ki, bu doğru deyil. Mən çox zəifləmişəm. Təkcə müasir tibb sayəsində rahat yatıb , normal yemək yeyə bilirəm.

-Hə, əlbəttə.

-Mən sadəcə sənin üçün narahat oluram.

Mən gülümsəyirəm. Amerikanlar necə də sadəlövhdürlər.

Nə vaxtsa mən ona optimizmi aşılamışam. Dünyanı təhlükəsiz yer hesab edirdim. Lakin çox-çox əvvəllər.

-Jülyet Jerve kimdir?- Jülyen soruşur və mən dəhşətə gəlirəm.

Gözlərimi bağlayıram. Kif və keçmiş qoxuyan qaranlıqda, yaddaşım illər boyu uzanan təqvimin səhifələrini çevirməyə başlayır. İstəyinin əksinə olaraq -bəlkə də razılığı ilə, kim bilir -mən xatırlayıram.

Təqdim etdi:
Nərmin Cahangirova


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!