Hüseyn Cavidin “Seçilmiş əsərləri” Daşkənddə özbək dilində işıq üzü görüb

 

Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM), Bakıdakı “Kaspi” qəzeti və “Kaspi” Təhsil Şirkətinin layihəsi ilə böyük Azərbaycan şair və dramaturqu Hüseyn Cavidin “Seçilmiş əsərləri” paytaxtdakı “Kamolak” nəşriyyatında özbək dilində çap olunub.

Edebiyyatqazeti.az Azərtac-a istinadən xəbər verir ki, kitabda çap edilən “Əmir Teymur”, “Şeyx Sənan” və “Səyavuş” dramlarını mərhum özbək tərcüməçi Usman Kuçkar, “Peyğəmbər” əsərini isə özbək dilinə şair Tahir Qahhar çevirib.

Layihənin rəhbəri AMM-nin rəhbəri Samir Abbasov, kitabın tərtibçisi Qulu Kəngərli, elmi məsləhətçi filologiya elmləri doktoru Sona Vəliyevadır.

Kitaba yazdığı “Ön söz”də akademik, AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli qeyd edir ki, Hüseyn Cavid XX əsrin Azərbaycan romantik şeirinin istedadlı nümayəndələrindəndir. Alim yazıda Azərbaycan ədəbiyyatının orta əsrlər dövründə keçdiyi inkişaf mərhələsindən söz açır, ədəbi cərəyanlar haqqında fikirlərini bölüşür, Hüseyn Cavid yaradıcılığı barədə məlumat verir, əsərlərini təhlil edir və onun şeir üslubunun fərqli cəhətlərini, romantik-fəlsəfi mahiyyətini oxucularla bölüşüb.

İsa Həbibbəyli Azərbaycan ədəbiyyatı tarixində ilk dəfə dram janrında əsər yazan romantik sənətkarlardan olan Hüseyn Cavidin ölkəmizdə romantik dramaturgiya məktəbinin əsasını qoyduğunu qeyd edib.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!