Qida rasionu hər bir insanın fəaliyyətində böyük rol oynayır. Qida insana stimul verir, yaxud xəstələndirir. Yazıçılar da insandır və onlar da qidalanır. Yəni, qələm adamları üçün xüsusi qida rasionu mövcud deyil. Sadəcə, hər bir yazıçı əsərinin janrına, üslub tərzinə, eləcə də quruluşuna əsasən qidalanmağı bacarmalıdır. Eyni zamanda zərərli vərdişlər də əsərə təsir göstərmək gücündədir.
Yazıçılar üçün vacib şərt beyinə qanın yaxşı işlməsidir. Çox təəssüf ki, dünya yazıçılarının əksəriyyəti siqaret çəkir. Bir siqaretin çəkilişi damarı 45 dəqiqə sıxır, bu da qanın öz axarı ilə işləməsində problemlər yaradır. Ürək və beyin lazımi qədər qanla qidalanmır. Düzdür, qanın tərkibi zəngin ola bilər. Amma bu, hər iki vacib orqanın qidalanmasına imkan vermir. Beyin qanla norma daxilində qidalanmayanda yazıçının ağlına ideya gəlişində çətinliklər yaranır, yaxud söz bazası zəifləyir, bəzən şöhrətli yazıçıların əsərlərində də yaddaşsızlıq halları ilə rastlaşmaq mümkündür. Məsələn, əsərin bir yerində qəhrəman daz kimi təsvir edilir, digər yerində gursaçlı surət formasında ortaya çıxır və sair. Bütün bunlar yazıçının siqaret və digər zərərli vərdişləri ilə əlaqəlidir. Yaxud, siqaret çəkən yazıçıların əsərləri süjet baxımından zəngin görünmür. Onlar bir mövzunu dəfələrlə çək-çevir edirlər ki, bu da oxucunu bezdirir.
Məşhur Kolumbiya yazıçısı Qabriel Qarsia Markesi xatırlayaq. Yazıçı özü də qeyd edirdi ki, siqaretin təsiri orqanizminə mənfi təsir etməyənə qədər beynində onlarla əsərin mövzusu yatıb. Markes günortaya qədər əsərlərini siqaret dumanı əhatəsində qələmə alıb. Günortadan sonra isə özünün də qeyd etdiyi kimi zəhəri canından çıxarmağa çalışıb. Xatırladaq ki, Markes mədəsindən qanaxmaya görə cərrahiyyə əməliyyatına məruz qalıb. Bundan başqa Markesin əsərləri üzərində xeyli redaktor çalışıb. Belə ki, Qabriel sadəcə yazırmış, redaktorlar isə cümlələri yerinə düzməklə məşğulmuş. Bu da qida və siqaretin nəticəsidir, çünki Markesin əsərlərini redaktə etməyə səbri çatmırmış.
Braziliya yazıçısı Paulo Koelyoya anası uşaq vaxtlarından anladıb ki, "yazıçılar eynək taxır və saçlarını daramırlar". Bu amil onu neçə illər yazıçı olmaqdan çəkindirib. Yeri gəlmişkən, Koelyo psixi xəstələr üçün nəzərdə tutulan xəstəxanaya yerləşdirilib. Qapalı gənc ora 16 yaşında aparılıb. O, buna görə valideynlərinə nifrət etməyib, əskinə bunu onların qayğıkeşliyi ilə bağlayıb: "Onlar mənim pisliyimi istəməyiblər". Hüquq təhsili alan gələcəyin yazıçısı Cənubi Amerika, Meksika və Avropa səyahətinə çıxıb. Ötən əsrin 60-cı illərinin narkotika mədəniyyətinə qoşulub. O, narkotik vasitələrdən istifadəyə görə dəfələrlə bu həyata əlvida deyəcəkmiş. Belə vasitələrin təsiri onu aqressiv hərəkətlərə rəvac verməsi ilə nəticələnib, hətta xuliqanlığa görə həbsxanaya atılıb. Narkotika istifadə etdiyi vaxtlarda bir-birilə rabitəsi olmayan antiinsanlıq, antihakimiyyət yönümlü şeirlər qələmə alıb. Əlbəttə, belə şeirlərin araya-ərsəyə gəlməsində narkotika dumanının rolu danılmaz idi. Koelyonun indiki şöhrətinin əsası 1986-cı ildə qoyulub. O, Şimal-qərbi İspaniyada yerləşən və 500 mildən uzun olan Santyaqo de Kompostela yolunu piyada keçib. Və özü demişkən ruhi oyanış dövrü başlanıb. Narkotikadan uzaqlaşıb sağlam tərzinə başlanğıc ona "Zəvvarlıq", "Kimyagər" kimi əsərləri yazdırıb. Mahnılar üçün yazdığı şeirlərdən yüksək gəlir götürsə də, yazıçılığa qədəm qoyub. Özü də etiraf edir ki, sağlam həyat tərzi xeyli ideya oyadır.
Yaxud, əsərlərindəki hər sətirdə üçqat mənalara rast gəlinən yapon yazıçısı Haruki Murakami sağlam həyat tərzi keçirir, budda kahini kimi mənəvi zövqə üstünlük verir. Murakami çox az yeyir, içki içmir. Məhz bu səbəbdən də söyləmək olar ki, onun cümlələri sirlidir, qeyri-adi məntiqlə oxucuları özünə valeh edir. Murakami yaradıcılığının əsas qayəsini özünəməxsusluq təşkil edir. Eyni zamanda zəngin təxəyyülə malik olması da, sırf zərərli vərdişlərdən uzaq olması ilə bağlıdır.
Zərərli vərdişlərin sırasında spirtli içkiləri də göstərmək lazımdır. Burada söhbət həddən ziyadə belə vərdişə mübtəla olanlardan gedir. Amma gözlənilən norma yaradıcılığa müsbət tərsir göstərə bilər. Gündə azacıq içilən şərab tibbi nöqteyi-nəzərdən heç də pis təsir etməz. Bu yorğunluğun aradan götürülməsi ilə nəticələnir. Şərabın başqa tərəfini fransız ədəbiyyatında axtaraq.
Dünyada fransız yazıçıların əsərləri zənginliyi, qeyri-ordenar olması ilə seçilir. Elə fransız filmləri də digər kinolentlərdən ssenarilərin orijinallığına görə fərqlənir. Dietoloqlar bunu şərablarla əlaqələndirir. Qeyd edək ki, fransızlar ən az infarkt riskinə məruz qalan xalqdır. Şərab yazıçı və şairlərin əsərlərində kifayət qədər hiss edilir. Bəs, əsl səbəb nədir? Burada heç bir möcüzə yoxdur. Sadəcə, şərab qanı duruldur, qan dövranını yaxşılaşdırıb nizama salır, nəticədə ürək və beyin kifayət qədər qanla qidalanır.
Latın Amerikası ədəbiyyatı da kifayət qədər zənginliyi ilə seçilir. Əgər Kuba inqilabı baş verməsəydi təbii ki, bu ölkələrin ədəbiyyatına fikir verilməyəcək, ünlü yazıçıların əsərləri Avropa nəşriyyatlarının nəzərini cəlb etməyəcək, Markes Nobel mükafatlına layiq görülməyəcəkdi. Latın Amerikasının əksər yazıçıları qəliz yazı quruluşuna görə fərqlənirlər. Onları anlamaq üçün bir əsərin oxunuşuna həftələrlə zaman ayrılmalıdır. Amma elə yazıçılar da var ki, rövnəqli süjet xəttinə görə fərqlənirlər. Araşdırmalardan aydın olur ki, bu, siqarla bağlıdır. Siqarın siqaretdən üstünlüyü ondadır ki, o, damarı sıxmır. Bu da siqarın tüstüsünün boğaz vasitəsilə geriyə üfürülməsi ilə bağlı olan məsələdir.
Ümumiyyətlə, məşhur yazıçı və tənqidçilər siqaretin əsərlərə təsirini dəfələrlə qeyd ediblər. Onun mənfi cəhətləri barədə çoxsaylı tənqidi məqalələrlə çıxış edilib. Bu sırada ingilis ədəbiyyatşünası və filosofu Frensis Bekon göstərmək olar. O, 1610-cu ildə yazıb ki, yazıçıların tütündən istifadəsi yaxşı nəticə vermir. İohann Höte də ətrafında siqaret çəkən insanları təhqir etməkdən belə çəkinməyib. Fransız yazıçısı Onore de Balzak da tütündən istifadə edən gənc qələm sahiblərini həmişə qınayıb. Əsərlərində siqaret çəkən insanları canlandıran yazıçılar da qınaq obyektinə çevrilib və bu yüksək kübar dairələrdə həmişə mənfi reaksiya doğurub. Bu, neçə il bundan əvvəl rusların alkoqolizmə uğramasının günahını ədəbiyyat və kinoda axtaran tənqidçilərin fikirləri ilə üst-üstə düşür: "Ədəbiyyat və kino insanları pis vərdişlərə sürükləməməlidir" fikri getdikcə aktual xarakter almaqdadır.
Tütün - milliyyət və yaşadığı yerdən asılı olmayaraq, uzun illər yazıçıların həyatını qarabaqara izləyib. Zehni korşaldan tütün heç də narkotika və spirtli içkidən geri qalmayıb. Əksinə, son illər belə zərərli vərdişə mübtəla olanların sayı artmaqdadır. İndi elə yazıçılar var ki, siqaretdən bir qullab almadan bircə sətir də yaza bilmir. Bu da psixoloji amillə bağlıdır. Halbuki siqaret çəkməyən minlərlə yazıçı belə hesab etmir. Siqaret çəkən yazıçıya elə gəlir ki, lazımi fikir və kosmik fəzalı sözlər hansısa siqaret dumanlı kafelərdə yaranır. Bu nəticəyə gəlinməsi yenə də psixoloji amillə əlaqədardır. Kədərli hal ondan ibarətdir ki, nikotin qana işləyəndən sonra yazıçılar bu zərərli vərdişdən əl çəkə bilmir. Yeri gəlmişkən Azərbaycan yazıçı və şairləri arasında da siqaret və içkidən istifadə edənlər az deyil. Bəzən yaradıcılıq söhbətləri siqaret dumanı içində edilir. Hansısa kiçik fincanlarda qəhvələr, yaxud müxtəlif meyvələrdən hazırlanan kokteyllər gözə dəymir. Məsələn, Gürcüstan ədəbi mühitini tərifləyənlər və bunu Azərbaycana nümunə göstərənlər unudur ki, onlarda belə müzakirələrdə zərərli vərdişlərdən çox az hallarda istifadə olunur. Yaxud Yaponiyada ədəbi müzakirələr çay süfrəsi arxasında aparılır. Həmin ölkədə əksər yazıçılar velosiped sürür, səhərlər qaçışla məşğul olur, yaxud Budda məbədlərinə gedərək günlərlə orada sakitlik əldə edirlər. Sakitlik isə yazıçı üçün çox vacibdir. Təbii ki, sinirləri pozulan yazıçıların əsərlərində də əsəbilik açıq-aşkar hiss edilir. Kim deyə bilər: "Azərbaycanda hər gün velosiped sürən yazıçı tanıyırsınızmı? Demək olar ki, yoxdur. Lakin səhərlər dənizkənarı parkda gəzişən onlarla qələm sahibimizə rast gəlmək mümkündür. Əsasən yaşlı yazıçılar.
Yazıçıların qida rasionu da əsərlərinə təsir göstərir. Dietoloqlar hesab edir ki, daha çox ətlə qidalanan yazıçılar əsərlərində dialoqlara geniş yer verirlər. Bundan başqa həmin əsərlərdə kifayət qədər aqressiya duyulur. Həyata nifrət, intihar təbliğ edilir, əsər bütünlüklə bədbin notlarla müşayiət olunur. Eləcə də tərkibi kofeinlə zəngin çoxlu çay içən yazıçılarda da belə halları görmək mümkündür. Gün ərzində 3 litr su içən və əsasən duru xörəklərdən istifadə edən yazıçıların əsərlərində isə cümlələr aydın başa düşülür, süjet xətti nizamlı şəkildə öz axarı ilə irəliləyir.
Bir vacib məsələ həm də ondan ibarətdir ki, ömrünün 40 yaşını keçmiş yazıçılar qanı duruldan tibbi preparatlardan istifadə etməlidirlər. Bu onları infarkt riskindən xilas edər, eləcə də beyni qanla qidalandırıb yaradıcılığına rəng qatar.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!