Ölkəmizin təbliği və qədim tarixi, zəngin mədəniyyəti, ədəbiyyatı haqqında dünya ictimaiyyətinin obyektiv, operativ informasiya təminatını həyata keçirmək məqsədilə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən “Wikipedia.org” Beynəlxalq Elektron Ensiklopediyasında Azərbaycana dair özbək dilində bölmələrin yaradılması işi davam etdirilir.
Edebiyyatqazeti.az Azərtac-a istinadən xəbər verir ki, 2016-cı ilin yanvar ayından başlanan layihə nəticəsində ölkəmizə dair özbək dilində onlarca yeni bölmələr yaradılıb və istifadəçilərə təqdim olunub.
Növbəti layihə kimi Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanları haqqında özbək dilində bölmələr yaradılıb.
Bölmədə “Kitabi-Dədə Qorqud” dastanının tarixi, dastanın boyları, qəhrəmanları, dastanın dünyada həyata keçirilən tərcümələri, filmoqrafiyası, bu mövzuda həyata keçirilən araşdırma əsərləri yer alıb.
“Koroğlu” haqqında bölmədə isə xalqımızın igidlik, mərdlik, qəhrəmanlıq simvolu olan Koroğlu xalq qəhrəmanı kimi səciyyələndirilir, onun haqqında əfsanələr, türk dünyasının ümumi qəhrəmanı kimi Koroğlu haqqında geniş məlumatlar öz əksini tapır.
Bölmədə Koroğluya dair Azərbaycanda çəkilən filmlər, yazılan əsərlər, tədqiqatlar, habelə mənbələr təqdim olunur.
Yaradılmış “Kitabi-Dədə Qorqud” bölməsi ilə Elektron Ensiklopediyada - https://uz.wikipedia.org/wiki/Kitobi_dadam_Qo%CA%BBrqut linkində,
“Koroğlu” bölməsi ilə isə - https://uz.wikipedia.org/wiki/Ko%E2%80%98ro%E2%80%98gli_dostoni linkində tanış olmaq mümkündür.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!