Yazıçı-dramaturq Əli Əmirlinin 70 illiyi münasibətilə tədbir təşkil edilib

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Mədəniyyət Mərkəzində Azərbaycan yazıçısı, ssenarist, dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Edebiyyatqazeti.az  Azərtac-a istinadən xəbər verir ki, tədbirdə Teatr Xadimləri İttifaqının sədri, Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, Xalq artistləri Afaq Bəşirqızı, Şükufə Yusupova, Hacı İsmayılov, Səidə Quliyeva, teatr rejissoru, Əməkdar incəsənət xadimi Bəhram Osmanov və digər qonaqlar iştirak ediblər.

Tədbirdə yazıçının həyat və yaradıcılığı haqda geniş məlumat verilib. Yubilyarın sənət dostları yazıçı-dramaturqun yaradıcılığından danışıblar, onunla bağlı fikirlərini bölüşüblər. Bildirilib ki, Ə.Əmirlinin "Ərizə", "Meydan", "Cəza", "Bala, bəla sözündəndir?", "Ağqoyunlular və qaraqoyunlular", "Onun iki qabırğası", "Yeddi məhbusə", "İtkin ər", "Səhnədə məhəbbət", "Varlı qadın", "Mesenat" və digər pyesləri teatrlarımızda səhnələşdirilib. O, hekayə, povest və romanlardan ibarət 7 kitabın müəllifidir.

Yubiley tədbirində “Bala başa bəla” televiziya tamaşasından və “Mesenat”, “Köhnə ev” səhnə əsərlərindən maraqlı fraqmentlər nümayiş olunub.

Sonda yubilyar tədbirin təşkilatçılarına və tamaşaçılara minnətdarlığını bildirib.

Görkəmli sənətkara yubiley münasibətilə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən plaket təqdim olunub.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!