Noyabrın 6-da M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq şairi Məmməd Arazın xatirəsinə həsr edilmiş tədbir keçiriləcək.
Edebiyyatqazeti.az Azərtac-a istinadən xəbər verir ki, Filarmoniya və “Mədəniyyət” kanalının birgə layihəsi əsasında reallaşacaq tədbirdə unudulmaz şairin həyat və yaradıcılığından danışılacaq, ədəbiyyatımızın inkişafındakı xidmətləri vurğulanacaq. Gecədə dirijor Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri çıxış edəcək.
Qeyd edək ki, “Sevgi nəğməsi”, “Üç oğul atası”, “Araz axır”, “Mən səni taparam”, “Dünya düzəlmir”, “Daş harayı”, “Əsgər andı”, “Atamın kitabı” kimi bir sıra əsərlərin müəllifi olan Məmməd Araz 1933-cü il oktyabrın 14-də Şahbuz rayonunun Nurs kəndində anadan olub. O, “Ulduz” jurnalının məsul katibi, “Ədəbiyyat və incəsənət” qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini vəzifələrində çalışıb. 1974-cü ildən ömrünün sonunadək “Azərbaycan təbiəti” jurnalının baş redaktoru kimi fəaliyyət göstərib.
Azərbaycan ədəbiyyatındakı xidmətlərinə görə “İstiqlal” ordeninə və Xalq şairi fəxri adına layiq görülən Məmməd Araz 2004-cü ildə Bakıda vəfat edib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!