Sadə və ləyaqətli - İmamverdi Əbilov

Vaxtın amansızcasına keçib getdiyi  qısa zaman kəsiyində neçə-neçə dəyərli insanlar, o cümlədən də, mənə əziz olan, dostluq etdiyim akademiklər - Bəkir Nəbiyev, Tofiq Hacıyev, xalq şairi Zəlimxan Yaqub, tələbəm Zeydulla Ağayev, kərküklü alim Əta Tərzibaşı və qocaman ədəbiyyatşünas İmamverdi Əbilovu itirdik. Xalq qarşısında danılmaz xidmətləri olan bu şəxsiyyətlər haqqında vida sözü yazmaq mənim payıma düşüb. Bunun necə ağrılı-acılı olduğunu dost itirənlər yaxşı bilirlər.

Onlar adi adamlar deyil, bizə başucalığı gətirən, qürur və iftixar mənbəyimiz olan şəxsiyyətlərdir. Elə götürək, aprelin 9-da ili tamam olan İmamverdi müəllimi. Bölgələrdə ədəbi həyatın yaranmasında müstəsna xidmətləri olan İmamverdi müəllim bir nümunə məktəbi idi. O, Neftçalada yaşayır, orada yazıb-yaradırdı. Səməd Vurğun, Rəsul Rza, Süleyman Rəhimov, Mir Cəlal Paşayev, İlyas Əfəndiyev, Bəkir Nəbiyev, Bəxtiyar Vahabzadə, Əliağa Kürçaylı, Əlövsət Quliyev, Qabil və başqaları ilə dostluq edirdi. Böyük Yaradan ona elə qeyri-adi xasiyyət bəxş etmişdi ki, özündən yaşca çox kiçik olan yaradıcı adamlarla da dostluq edə bilirdi. Onun Anar, Elçin, Zəlimxan Yaqub və başqaları ilə dostluğuna yaxşı mənada həsəd aparmaq olardı. İmamverdi müəllimlə mən də dostluq edirdim. Tez-tez məktublaşırdıq.

Dostluğumuz 1994-cü ildə Füzulinin anadan olmasının 500 illik yubileyinə  - İraqa avtobusla birgə gedib-gələndə daha da möhkəmləndi.

Sonralar bu böyük şəxsiyyətin 70, 75, 80 illik yubileylərində iştirak etdim. Demək olar ki, hər il may ayının 1-də onu ziyarət edirdim. Söhbətlərindən və avtoqrafla yazılmış dahi şəxsiyyətlərin əsərləri toplanmış kitabxanasından, tarixi şəxsiyyətlərlə çəkilmiş, səliqə ilə sahmana salınmış albomlardan, saralmış şəkillərə baxmaqdan doymaq olmurdu.

Deyirlər ki, insan qocalanda dəyişir, bəzən uşağa dönür. 2015-ci il may ayının 1-də (alimin ölümünə bir il qalmış) professor Şirindil Alışanovla İmamverdi müəllimi ziyarət etdik. Onun müdrikliyi, təfəkkürü, yaddaşı, ədəbiyyatımıza, insanlarla olan məhəbbəti bizi heyran qoydu.

Dünyasını dəyişən dostlarından danışarkən kövrəldi. Xeyli susdu. Xəyal onu qanadları üstünə alıb əlçatmaz, ünyetməz görüşlərdə, məclislərdə onlarla birgə keçirdiyi xoşbəxt günlərə aparmışdı. Gah gülümsəyir, gah da qəm, qüssə, kədərə qərq olurdu.

İmamverdi müəllim həddən artıq sadə və ləyaqətli adam idi. İddiasız və təmənnasız yaşamağı bacarırdı. Yuxarıda bu müdrik və təmənnasız insanın halal süfrəsindən təam nuş edən, xalqın böyük hörmətini qazanan bəzi şəxsiyyətlərin adını çəkdim. Vəli Axundov, Kamran Hüseynov, Mustafa bəy Topçubaşov, Yusif Məmmədəliyev, Həsən Əliyev, Fərəməz Maqsudov və başqa görkəmli şəxsiyyətlər də onun ziyarətgaha çevrilmiş birmərtəbəli, indi də olduğu kimi qalan sadə evində olub, bəzisi hətta bu evdə gecələyib də. Bu qədər böyük əlaqəsi olan İmamverdi müəllimin bircə kəlməsi bəs edərdi ki, o adi evin yerində ikimərtəbəli saray ucaldılsın. Onda İmamverdi müəllim İmamverdi müəllim olmazdı. O ikimərtəbəli ev ziyarətgaha çevrilməzdi. İmamverdi müəllimin təmənnasızlığını bilməsəydilər, onun sadə evinə gəlməz, halal süfrəsinə əl uzatmazdılar. Yaxşı bilirdilər ki, İmamverdi müəllim ləyaqətli adamdır. Ən böyük var-dövlət isə ləyaqət və vicdandır. Həyatda hər şeyi qazanmaq və xərcləmək olar, qazanırsan xərcləmək üçün. Ləyaqət və vicdan da həyatda qazanılır. Lakin ömür boyu onun qədrini bilməli, xərcləməməlisən.

İmamverdi müəllim ömrü boyu qazandığı ləyaqət, hörmət və ehtiramı xərcləmədi. Bunun mən onun dünyasını dəyişdiyi gün şahidi oldum. Səhər saat 8 radələrində prof. Şirindil Alışanov telefon açıb İmamverdi müəllimin vəfat etdiyini xəbər verdi. Saat 11-də artıq Neftçalada idik...  İmamverdi müəllimi son mənzilə yola salmağa gələnlərin sayı-hesabı yox idi. Qonşu rayonların vəzifəli şəxsləri, ağsaqqallar, millət vəkilləri daxil olmaqla qəbiristanlığa getdik. Millət vəkili Arif Rəhimzadə və başqa  neçə-neçə ağsaqqal, elm adamı çıxış edərək İmamverdi müəllimin ömür yolundan, elmindən, ağsaqqallığından, ləyaqətindən söz açdılar. Ürəyim qürurla doldu. Öz-özümə dedim ki, ləyaqətli adamı elə belə ləyaqətlə yola salarlar. Onu da dərk etdim ki, niyə Neftçala deyəndə İmamverdi müəllim, İmamverdi Əbilov deyəndə Neftçala göz önünə gəlirmiş. Sabah - aprelin 9-da  böyük iman və inam sahibi İmamverdi müəllimin şəxsiyyət və sənət heyranları ilə birgə ziyarətinə gedəcək, pak ruhuna dualar oxuyacağıq. Allah İmamverdi müəllimə rəhmət eləsin, qəbri nurla dolsun!

 

Qəzənfər Paşayev

filologiya elmləri doktoru, professor

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!