Oktyabrın 23-də pakistanlı şair Münəvvər Əhməd M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında olub.
Kitabxanadan bildirilib ki, Milli Kitabxananın direktoru Kərim Tahirov qonağı rəhbəri olduğu qurumda görməkdən məmnunluğunu ifadə edib.
Ölkəmizə bir neçə dəfə səfər etdiyini qeyd edən Münəvvər Əhməd Azərbaycan xalqının qonaqpərvərliyindən danışıb.
Əvvəlki gəlişi zamanı müəllifi olduğu uşaq şeirlərindən ibarət kitabı Milli Kitabxanaya hədiyyə etdiyini diqqətə çatdıran qonaq deyib ki, bu dəfə Azərbaycan və Urdu dillərində ortaq işlənən sözlərdən ibarət “Urdu Azerbaijani common heritage” adlı yeni kitabını Milli Kitabxananın fonduna hədiyyə edəcək. Kitabın Pakistanda çox sevildiyini və hər iki ölkə üzrə bu mövzuda kitab yazan ilk şəxs olduğunu bildirən müəllif kitabın bir nüsxəsini Milli Kitabxananın direktoru Kərim Tahirova təqdim edib.
Kərim Tahirov Milli Kitabxana haqqında üç dildə çap olunmuş “Azərbaycan Milli Kitabxanası. Fotoalbom” kitabını və Bakının simvolu olan Qız Qalası suvenirini qonağa hədiyyə edib.
Sonda müəllif yaxın zamanda ingilis dilində çap olunması nəzərdə tutulan yeni kitabını da Milli Kitabxanaya hədiyyə edəcəyini diqqətə çatdırıb. /Azərtac/
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!