Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəvəti ilə Bakıya gəlmiş görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun oğlu Askar Aytmatov, Qırğızıstanın tanınmış jurnalisti, ASSOL İctimai Fondunun rəhbəri Assol Moldahmadova, Xalq artisti, rejissor Talantbek Apyev və digər qonaqlar Fondu ziyarət ediblər.
Fonddan bildirilib ki, görüş zamanı Günay Əfəndiyeva rəhbərlik etdiyi qurum barədə söhbət açıb, həyata keçirilən layihələrin türk dünyasının zəngin tarix və irsinin araşdırılması, türkdilli xalqlar arasında əlaqələrin möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıb. O, həmçinin Fond tərəfindən türkdilli xalqların mədəni irsinin tanıdılması istiqamətində görülən işlər barədə geniş məlumat verib. Fondun direktoru ümumbəşəri yazıçı Çingiz Aytmatovun türk dünyasının dəyərli sərvəti olduğu və təbliğinin əhəmiyyəti barədə danışıb.
G.Əfəndiyeva dahi yazıçının Azərbaycanda da çox sevildiyini qeyd edib və yazıçının 80 illik yubileyi münasibətilə 2008-ci ildə Prezident İlham Əliyev tərəfindən iki ölkə arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edildiyini diqqətə çatdırıb.
A.Aytmatov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türkdilli xalqların tarixi-mədəni irsinin qorunması və təşviqi, bütövlükdə türk dünyasının birliyi istiqamətində fəaliyyətini yüksək qiymətləndirib, Ç.Aytmatov irsinin türk dünyası ilə yanaşı, bütün dünyada təbliği istiqamətində gördüyü işlərə görə təşəkkürünü bildirib. O, həmçinin Ç.Aytmatovun türk dünyasına bağlı olduğunu vurğulayıb, özünün də bir neçə dəfə Bakıya səfər etdiyini və qısa müddət ərzində Azərbaycanın türk dünyasının lider ölkələrindən birinə çevrildiyini qeyd edib.
A.Moldahmadova Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə əməkdaşlığından məmnun qaldığını qeyd edib, gələcəkdə də birgə fəaliyyətə dair inamını ifadə edib. Böyük yazıçı Ç.Aytmatovun 90 illik yubileyinin Bakıda təntənəli şəkildə qeyd olunmasının türk dünyası ölkələri, eyni zamanda, iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirdiyini söyləyib.
Xatırladaq ki, oktyabrın 19-da Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin dəstəyi ilə Ç.Aytmatovun 90 illik yubileyi qeyd olunub və qırğız aktyorları tərəfindən yazıçının eyniadlı əsəri əsasında hazırlanmış “Cəmilə” tamaşası nümayiş edilib.
/Azərtac/
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!