Akademik ədəbiyyatşünaslıq yollarında

Ədəbiyyatşünaslığın son zamanlarda yeni mərhələyə daxil olması artıq heç kəsdə şübhə doğurmur. Elmi cameədə ədəbiyyatşünaslıq istiqamətində gedən işlər, keçirilən tədbirlər, yazılan məqalə və monoqrafiyalar  bu mərhələni şərtləndirən əsas faktor olmaqla məhdudlaşmır, həm də ictimai fikrin nüfuz dairəsini müəyyənləşdirir, yeni sterotiplər, baxış bucaqları formalaşdıraraq onun imkanlarını genişləndirir. Məsələ heç də yazılan əsərlərin sayında deyil, sanbalında və keyfiyyətindədir. İndi artıq ədəbiyyatşünaslıq bir elm sahəsi olmaqdan çıxıb ictimai fikrin ümumi mənzərəsinin müəyyənləşməsində əhəmiyyətli rol almağa başlayıb. Yazılan məqalə və monoqrafiyalar, məcmuələr, keçirilən konfranslarda ədəbiyyat tariximizə, onun ayrı-ayrı şəxsiyyətlərinə, problemlərinə yeni münasibət ifadə edilir, intensiv axtarışlar aparılır. Bütövlükdə, bu araşdırmalar yeni ədəbi tənqidi estetikanın müəyyənləşməsinə geniş imkanlar yaradır. Əlbəttə, son illərdə ədəbiyyatşünaslığın ictimai fikirdə ön mövqeyə çıxmasının müəyyən səbəbləri vardır. Bu səbəblərdən biri yüz ildən çoxdur ki, yol gələn ədəbiyyat tarixçiliyi və nəzəri fikrin fasiləsiz inkişafıdırsa, digər səbəbi F.Köçərli, Ə.Abid, B.Çobanzadə, İ.Hikmət, H.Zeynallı, Ə.Nazim, H.Araslı, M.Arif, M.C.Cəfərov, F.Qasımzadə, M.Quluzadə, M.Cəlal, Ə.Mirəhmədov, K.Talıbzadə, Y.Qarayev kimi ədəbiyyatşünasların yolunu davam etdirməkdən irəli gəlir. İndiki vaxtda bu yolu təşkilati və elmi səviyyədə eyni dərəcədə inamla davam etdirən akademik İsa Həbibbəylinin "Ədəbi şəxsiyyət və zaman" (Əsərləri, 10 cilddə, II cild), Bakı, "Elm və təhsil", 2017, 1068 səh.) kitabı yeni mərhələdə ədəbiyyatşünaslığın nüfuzunu qoruyan faktorlardandır. Çoxəsrlik Azərbaycan ədəbiyyatının müxtəlif şəxsiyyətlərinə, mərhələ və istiqamətlərinə həsr edilmiş kitab (redaktoru akademik Teymur Kərimlidir) yalnız gərgin yaradıcı, elmi axtarışların məhsulu olmayıb, həm də ədəbiyyatşünaslığın yaxın və uzaq perspektivini müəyyənləşdirən, onu irəliyə doğru aparan bir hərəkətverici yol xəritəsidir. Bu yol xəritəsini kitabın mündəricatı bütünlüklə əhatə edir. Ədəbiyyatşünas "Klassik ədəbiyyat", "Erkən yeni dövr", "Realizm epoxası" (maarifçi realizm, tənqidi realizm, Azərbaycan romantizmi), "Ədəbiyyatşünaslıq", "Azərbaycan mühacirət ədəbiyyatı", "Çətin yollarda", "Müasirlik işığında, "Müstəqillik andı" bölümlərində ədəbi-bədii fikrin müxtəlif problemlərini, istiqamətlərini, mərhələlərini çağdaş ədəbiyyatşünaslığın elmi-nəzəri  düşüncə miqyasında araşdırmağa nail olur. Kitabda ədəbi bədii düşüncənin minillik tarixinin faktları, ədəbi prosesi, daxili hərəkət və qanunauyğunluqları, şəxsiyyətləri, nəzəri atributları bütün genişliyi, parametrlərilə təhlil edilir.

            Akademik İsa Həbibbəylinin ədəbiyyatşünas nüfuzu (həm ictimai fikirdəki mövqeyi, həm rəsmi statusu, həm də ədəbi siyasəti həyata keçirən sözün həqiqi mənasında bir funksioner olması!) onun ədəbiyyata daha yüksək mövqedən baxmasına və dəyərləndirməsinə imkan verir. Məhz bu cəhətdən kitabın "Ədəbiyyat və zaman" adı onun içəriyini və müəllifinin ədəbiyyata əhatəli baxışını reallıqla əks etdirir. Məqalədə ömrünün əlli ilə qədərini ədəbiyyatşünaslıq elminə həsr etmiş, sözün hər mənasında, bu ədəbiyyat zəhmətkeşinin onun bütün problemlərini görməsi, elmi intellektinin gücü ilə nəzəri potensialını müəyyənləşdirməsinə və geniş ümumiləşdirmələr aparmasını imkan yaradır. Ədəbiyyatşünasın "Yazıçı Zamanı düşündürən və qabaqlayan böyük ideallar səviyyəsinə çatdıqda ədəbi şəxsiyyətə çevrilir. Ədəbi şəxsiyyət - möhtəşəm ədəbiyyat məbədinin yük daşıyan divarı, onu çiyinlərində saxlayan dayanıqlı sütun, Zamanı və ədəbiyyatı irəli dartan at gücüdür",- qənaətinin arxasında uzunmüddətli müşahidələrin dəqiq qiymətləndirməsi dayanır. Aristoteldən üzü bəriyə müxtəlif təriflər verilən ədəbiyyat və zaman anlayışları akademik üçün yeni mahiyyət daşıyır: "Ədəbiyyatın idealları Zamanın ictimai-mənəvi təkamülünə və proseslərin tarixi gedişatının inkişafına xidmət edir. Beləliklə, ədəbiyyat irəliyə doğru hərəkatda, yeni Zamanın hazırlanmasında fəal qüvvəyə çevrilir, mənsub olduğu xalqı zamandan-zamana aparır.

Böyük ədəbiyyat yarandığı Zamanın tarixi, fəlsəfəsi və kompasıdır".

Əsl ədəbiyyatın vəzifəsini katarsisdə görən ədəbiyyatşünas Azərbaycan ədəbiyyatının buna cavab verdiyi, böyük ədəbiyyat anlayışını özündə tamamilə ehtiva etdiyinə inam ifadə edir. Həcmcə çox kiçik olan "Ədəbiyyat və zaman" məqaləsi kitabda gedən bütün araşdırmalara bir giriş olmaqla yanaşı, ədəbiyyatşünasın böyük tarixi təcrübəyə söykənən, ədəbiyyatla zamanın vəhdətini əks etdirən prosesi fəlsəfi yöndən qiymətləndirən bir esse təsiri bağışlayır. Akademik, çox doğru olaraq, ədəbi-bədii düşüncəni canlı bir proses olaraq götürür və tamamilə böyük ədəbiyyatı "tarixi ənənələr, müasir Zaman və gələcək" miqyasında xalqa çatdırmaq vəzifəsində axtarır.

Məlumdur ki, klassik ədəbiyyat istənilən ədəbiyyatşünasın tədqiqat problemindən asılı olmayaraq müraciət etdiyi məsələlərdən biridir. Bu mənada müəllifin "Nizami Gəncəvi: Azərbaycandan dünyaya", "Nizami Gəncəvi haqqında söz", "Marağalı Əvhədi","Ürfani şeirin Şəmsi", "Cahana sığmayan şair", "Məhəmməd Füzuli yaradıcılığında aşiq" araşdırmalarında klassik ədəbiyyatın müxtəlif problemlərinə və şəxsiyyətlərinin yaradıcılığına yeni yanaşma və qiymətləndirmə vardır. Məhz bu qiymətləndirmə nəticəsində N.Gəncəviylə Əcəmi Naxçıvaninin görüşmə ehtimalına yeni, inandırıcı əlavələr edir. Elə Nizaminin Azərbaycana məxsus olması haqqında ədəbiyyatşünasın irəli sürdüyü fikirlər təkzibolunmaz faktlar kimi əks arqumentləri zərərləşdirmək üçün kifayət edir. Yaxud Şərq ictimai-fəlsəfi fikrinin və mövləvilik hərəkatının görkəmli nümayəndələrindən Şəms Təbrizini Azərbaycan "ürfani-fəlsəfi şeirinin günəşi" hesab etməsi və onun şeirlərinin "kamil insan" kosepsiyası üzərində qurulması fikirləri bu istiqamətdə araşdırmaların aparılması üçün müəyyən impulslar verir. Böyük ideallar şairi Nəsimi yaradıcılığı ilə bağlı qənaətləri də eyni mövqedən qiymətləndirmək mümkündür. Ədəbiyyatşünasın  İmadəddin Nəsiminin şeirlərini "yüksək humanizm, dünyəvilik, mənəvi kamillik, ictimai ədalət və ilahi eşq ideyaları" ilə yaşadığı epoxanın zamanı daha da irəli aparmasına diqqət yönəltməsi çağdaş bədii düşüncəyə də bir çağırış kimi səslənir.

Akademik İsa Həbibbəyli erkən yeni dövr ədəbiyyatını təhlil edərkən klassik poeziyada yeniləşmə meyillərini və bu dövrdə hakim olan romantik metodun bədii dildə, tərənnümdə və məcazlar sistemindəki vüsət və zənginliyə diqqət çəkir. Məlumdur ki, bu mərhələ haqqında son tədqiqatların tarixi təxminən əlli il əvvələ gedib çıxır. Ona görə də bu mərhələnin mahiyyətini və xüsusiyyətlərini açmaq üçün yeni baxışa ehtiyac hiss olunurdu. Müəllifin "Klassik poeziyada yeniləşmə meyilləri və Saib Təbrizi", "Molla Pənah olan şair" məqalələrində dövrü səciyyələndirməsi, bir dövr olaraq dəyərləndirməsi də bu zərurətdən irəli gəlir. Aydın görünür ki, ədəbiyyatşünasın Saib Təbrizini Azərbaycan klassik romantik şeirinin realist ədəbiyyata doğru keçdiyi təkamül prosesinin əsas hərəkətverici qüvvəsi, lirikanı müasirləşdirmək yolunda səylər göstərməsi, klassik milli poeziyada "Hind üslubu"nun yaradıcısı hesab etməsi və onu görkəmli sənətkar kimi qiymətləndirməsinin əsasında müəllifin dəqiq elmi ümumiləşdirmələri dayanır. M.P.Vaqif yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının erkən dövr mərhələsi haqqında təsəvvürlər bir qədər də genişlənir və dolğunlaşır: "Molla Pənah Vaqifin islahatları sayəsində əruz vəznində yaradılmış qəzəl-qəsidə ədəbiyyatının yerində sadə, canlı və aydın dildə, heca vəznində yazılmış qoşmalar aparıcı istiqamətə çevrilmişdir. Yeni tipli bu ədəbiyyatda, ümumiyyətlə, dövran və məhəbbət deyil, konkret olaraq zaman, məkan, insan və sevgi öz əksini tapmışdır". Akademikin M.P.Vaqifi erkən yeni dövr Azərbaycan ədəbiyyatının banisi hesab etməsinin əsas faktorları da düzgün müəyyənləşdirilmişdir.

Əlbəttə, bədii proses daim hərəkətdə və inkişafdadır; ona görə də hər mərhələdə ədəbiyyatı inkişaf etdirən yeni meyillər və bu meyilləri yaradan, inkişaf etdirən şəxsiyyətlər vardır. Bu mənada akademik İsa Həbibbəylinin "Xoş gördük, Mirzə Fətəli", "Mirzə Fətəli Axundzadənin ədəbiyyat nəzəriyyəsi görüşləri və "nazimi-ustad" məsələsinə yenidən baxış araşdırmaları üzərində bir qədər geniş dayanmaq lazım gəlir. Nədən ki, akademik burada ədəbiyyatşünaslığımızda çox vacib və son dərəcə mübahisəli, bir çox ədəbiyyatşünasların epizodik olaraq tədqiq etdiyi vacib bir problemi elmi-nəzəri kontekstdə araşdırmağa nail olur. Ədəbiyyatşünas burada iki məsələyə- M.F.Axundzadənin bir ədəbiyyat nəzəriyyəçisi olması və M.Füzuliyə münasibətinə bir daha elmi aydınlıq gətirir. Azərbaycanda müstəqil və ardıcıl bir elm sahəsi kimi ötən yüzillikdə meydana çıxan ədəbiyyat nəzəriyyəsinin (söhbət azərbaycandilli ədəbiyyat nəzəriyyəsindən gedir!) ilk dəfə olaraq  M.F.Axundzadə yaradıcılığı ilə formalaşdığını irəli sürən müəllif onun yalnız bir tənqidçi deyil, həm də bir ədəbiyyat nəzəriyyəçisi olduğuna diqqət çəkir. Buna qədər isə M.F.Axundzadənin "Kritika. Yüksək İranın "Millət qəzetinin münşisinə", "Tənqid risaləsi", "Mirzə ağanın pyesləri haqqında kritika", "Nəzm və nəsr haqqında", "Mollayi Ruminin və onun təsnifinin babında" məqalələri, eləcə də məktublarındakı bəzi fikirləri, əsasən ədəbi tənqid mövqeyindən öyrənilmişdir. Ədəbiyyatşünas təkcə bu əsərlərin ədəbiyyat nöqteyi-nəzərindən araşdırılması ilə kifayətlənmir, həm də bu görüşlərin ardıcıl və sistemli  nəzəriyyə olduğu qənaətinə gəlir. Doğrudan da, müəllifin elmi arqumentləri bu fikirlərə inanmamağımıza heç bir əsas qoymur. Özü də onun ədəbiyyat nəzəriyyəsinə aid təlimləri bu sənətə bələd olan bir peşəkarın dünyagörüşünün ifadəsi kimi səslənir. Onun fikrincə, M.F.Axundzadə ədəbi prosesi təhlil etdiyi zaman ədəbiyyat nəzəriyyəsinə müraciət etmiş, bir çox fikirlərinin əsaslandırılmasında bu təlimdən istifadə etmişdir. M.F.Axundzadənin "Kritika" məqaləsində məzmunla formanın vəhdəti məsələsinə münasibət bildirərkən gətirdiyi nümunələri təhlil edərək belə bur doğru nəticəyə varır ki, problemin elmi həlli yolunda "bu formuldan üstün bir yol düşünmək çətindir". Tədqiqatçı problemin araşdırılmasında hətta Qərb nəzəriyyəçilərinin də fikirlərinə istinad edərək "Axundzadə düsturu"ndan fərqli bir cizgi cızmadığını yəqinləşdirir. Müəllifin M.F.Axundzadənin "Mirzə Ağanın pyesləri haqqında kritika" məqaləsinin də eyni mövqedən araşdırılması tamamilə qanunauyğundur. Hətta mən deyərdim ki, buraya dram nəzəriyyəsinin əlamətlərini, komizmin  təzahür formalarını da əlavə etmək olar. Özü də görkəmli komedioqraf bu fikirlərində yeni bir şəraitdə heç bir milli praktikaya əsaslanmayan tamamilə yeni sənət prinsiplərini müəyyən etmişdir. Bu prinsiplərin sirrini, ümumiyyətlə, M.F.Axundzadə dəyərləndirmələrinin mahiyyətini akademik çox doğru olaraq bu nümunələrə realist sənət ədəbiyyatı və poetikası baxımından yanaşmaqda görür. Ədəbi-bədii düşüncədən rasionallıq tələb etməyin vaxtı idi ki, bunu da ilk dəfə M.F.Axundzadə etdi. Müəllif demək istəyir ki, realizm əsrində ədəbiyyata ancaq bu cür yanaşmaq olardı, bununla da "M.F.Axundzadənin sənət estetikasına və nəzəri fikirlərinə bu kontekstdən yanaşmağa borcluyuq",- qənaətini təsdiq etmiş olur.

M.F.Axundzadənin nəzəri görüşlərinin təzahür etdiyi əsərlərindən biri də "Nəzm və nəsr" haqqında məqaləsidir. Bu məqalə də dəfələrlə təhlil edilib, necə deyərlər, saf-çürük olunub, ancaq elmi-nəzəri səviyyə və orijinal yanaşma hər zaman onu yenidən dəyərləndirmə və qiymətləndirməyə imkan verir. Bu mənada akademik İsa Həbibbəylinin problemə yanaşmasını tamamilə yeni və əhəmiyyətli hesab edirik. Xüsusilə, məqaləyə şeirşünaslıq nöqteyi-nəzərindən yanaşılması və şeir ilə nəzm haqqında fikirlərinin təhlili kifayət qədər əsaslandırılmışdır: "Mirzə Fətəli Axundzadə nəzmlə şeirin fərqini göstərmək üçün ilk növbədə şeirin nə demək olduğunu izah etmişdir. Ərəb-fars sözləri ilə ifadə olunsa da, ədib başa düşülən şəkildə şeirin mahiyyətini və özünəməxsusluğunu düzgün müəyyən etmişdir. Şeir haqqındakı yığcam nəzəri fikirlərində lirika üçün zəruri olan əsas xüsusiyyətlərin demək olar ki, əksəriyyəti öz əksini tapmışdır".

Şübhəsiz, M.F.Axundovun sənət prinsplərini təhlil edərkən ədəbiyyatşünasların ən çox "ilişdiyi" və onu "təmizə çıxarmaq" istədikləri peşəkar tənqidçi və nəzəriyyəçinin Füzuli haqqındakı fikirləri olur. Bu, necə deyərlər, M.F.Axundzadənin "Axilles dabanı"-ən zəif yeri hesab olunur. Bu istiqamətdə aparılan araşdırmaların əksəriyyəti tənqidçini təmizə çıxarmaq cəhdləriylə müşaiyət olunur. Bu ondan irəli gəlir ki, çağdaş ədəiyyatşünaslar M.F.Axundzadənin böyük Füzuliyə bu cür münasibətinin onun yaradıcılığına adekvat olmadığı düşüncəsindən çıxış edirlər. Akademik İsa Həbibbəyli isə M.F.Axundzadənin "nazimi-ustad" qənaətinin düzgün oxunmadığı, mənfi çalarda yox, müsbət çalarda oxunması gərəkən fikir olaraq qəbul edir: "Böyük ədibin əsl şeir anlayışı geniş məna daşıyan, realist ədəbiyyat düşüncəsini ifadə edir. Burada aydın surətdə görünür ki, realizm ön sıraya çəkilmişdir. Mirzə Fətəlinin şeir haqqındakı görüşləri şeirdə romantik cizgilərlə yanaşı, daha çox realizmin, həyati təsvirlərin, canlı danışıq dilinin olmasına əsaslanır. Daha aşkar görünür ki, Mirzə Fətəli Axundzadə real həyati təsvirləri və sadə, təbii danışıq dili ilə insanı vəcdə və heyrətə gətirə biləcək şəkildə təsirləndirən nəzm nümunələrini əsl şeir, yəni realist ədəbiyyat kimi qəbul etmişdir. Şair deyil, "nazimi-ustad" adlandırdığı Məhəmməd Füzulinin şeirlərində isə incə lirizm, yüksək şeiriyyət olsa da, canlı danışıq dili ilə ifadə olunmuş insanı vəcdə gətirən təsirli real həyati təsvirlər yoxdur. Daha doğrusu, Füzulinin şeirləri dərin romantik düşüncənin obrazlı bədii ifadəsindən yoğrulmuşdur. Romantik şeirin qayəsi də, təsvir üsulları da bambaşqadır".

Akademik İsa Həbibbəylinin araşdırmalarının böyük bir hissəsi XX yüzil Azərbaycan ədəbiyyatının mərhələ, problem və şəxsiyyətlərinə həsr edilmişdir. Bu problemlə ədəbiyatşünas, demək olar ki, uzun illərdir məşğul olur…

Demək lazımdır ki, ədəbiyyatşünaslığın daha çox publisitikaya tərəf "sürüşdüyü" bir zamanda bu istiqamətdə əsl elmi-tədqiqat nümunəsinin göstərilməsi ədəbiyyatşünaslıq elminin inkişafı üçün hava və su qədər zəruridir. Bu cür tədqiqatlar elmi dövriyyəyə yeni faktlar gətirdiyi kimi, yeni araşdırmalar üçün də zəngin material vermiş olur. M.T.Sidqi. M.S.Ordubadi, C.Məmmədquluzadə, Qori müəllimlər seminariyası ilə bağlı Tiflis, Qori şəhərlərində günlərlə çalışdığı arxivlərdəm, kitabxanlardan topladığı sənədlərin (məktublar, tərcümeyi-hal materalları, siyahılar və s.) ən xırda detalına qədər verilməsi araşdırmaların əhəmiyyətini artırmış olur. Çünki bu faktoloji materiallar problemin və ya hər hansı bir şəxsiyyətin yaradıcılığının açılmasında əhəmiyyətli rol oynayır.

"Ədəbi şəxsiyyət və zaman" kitabında müəllifin "Molla Nəsrəddin və Füyuzatçılar" araşdırması da ədəbiyyatşünaslığımızın hələ tam olaraq həll etmədiyi məsələlərdən biridir. Məlumdur ki, uzun müddət sovet ədəbiyyatşünaslığı bu nəşrlər və onların redaktorlarını süni şəkildə bir-birinə qarşı qoymuş, müxtəlif cəbhələri təmsil edən qüvvələr olaraq təqdim etmişdilər. Yeni dövrdə isə görkəmli ədəbiyyatşünaslar Y.Qarayev, Ə.Mirəhmədov, Ş.Vəliyev və başqalarının bu istiqamətdə epizodik araşdırmaları problemi kökündən həll etməyə imkan verməmişdir. Yalnız 80-ci illərin ortalarından başlayaraq problemə yanaşmada yeni meyillər ortaya çıxmışdır ki, bu meyilləri formalaşdıranlardan biri də akademik İsa Həbibbəylidir. Bu baxımdan araşdırmada C.Məmmədquluzadə və Ə.Hüseynzadədən bir-birinə müxalif deyil, fikir ayrılığına malik müasirlər kimi təhlil edilir. Ədəbiyyatşünas hər iki mətbuat və dövrün digər qəzet və dərgilərinin materiallarına əsaslanaraq onların arasındakı münasibəti hadisələrə fərqli baxışın təzahür formaları kimi qiymətləndirir. Bu qiymətləndirmənin arxasında həm də C.Məmmədquluzadə, Ə.Ağayev və Ə.Hüseynzadənin bir-birinin yaradıcılığını dəyərləndirməsi faktoru dayanır. Azərbaycançılıq, türkçülük və islamçılıq məsələsinə (hər birini ayrı-ayrılıqda!) onların baxışlarının təhlilindən də aydın görünür ki, bu baxışlar arasında fərq olsa da (bu cür fərqləri digər ədiblərin, publisistlərin yaradıcılığında da görmək mümkündür və görürük!), əsaslı şəkildə ziddiyyətlər olmamışdır. Əksinə, burada qovuşuq məqamlardan, üst-üstə düşən fikir və mövqelərdən daha çox danışmaq lazım gəlir.

"Ədəbi şəxsiyyət və zaman" kitabında tədqiq olunan problemlərdən biri də mühacirət ədəbiyyatıdır. Aydındır ki, yaşı çox az olan bu tədqiqat sahəsində hələ aktual olan, araşdırılmayan problemlər və şəxsiyyətlər yetərincədir.

Kitabda Səməd Vurğunun həyatı, şəxsiyyəti və yaradıcılığına aid yer alan "Xalq şairi Səməd Vurğun haqqında söz", "Akademik Səməd Vurğun" məqalələri əlli ildən çox böyük bir yol gələn vurğunşünaslıqda yeni bir mərhələ hesab etmək olar. Nədən ki, akademikin bu araşdırmalarında həm yeni tərcümeyi-hal materialları əldə edilmiş, həm də yaradıcılığına çağdaş kontekst və konseptdən qiymət verilmişdir. Yeri gəlmşkən, müəllifin mənim redaktorluğumla dərc edilən "Akademik Səməd Vurğun" (2015) monoqrafiyası da son illərdə vurğunşünaslıq istiqamətində aparılan ən ciddi araşdırmalardan biri kimi yadda qalmışdı. Müəllif şairin vaxtilə aspirant olduğu illərdə yazdığı "Qasım bəy Zakir" adlı əlyazmasını üzə çıxarmaqla kifayətlənməmiş, Cəfər Xəndanın xatirələrinə əsaslanaraq bu işin Bəkir Çobanzadənin elmi rəhbərliyi ilə dissertasiya mövzusu olduğunu da dəqiqləşdirmişdir.   Əlyazma-tədqiqatın şairin  ilk məqalələrinin dili və üslubu ilə səsləşməsi baxımından dəyərləndirərək belə bir doğru qənaətə gəlir ki, S.Vurğun elmi yanaşmalarında, ədəbiyyatşünaslıq fəaliyyətində o dövr üçün dəbdə olan sosioloji təhlillə müqayisədə real ədəbiyyat tarixçiliyinə, nəzəri dəyərləndirmələrə daha çox diqqət yetirmişdir. S.Vurğun haqqında bu araşdırma şairin akademik seçkilərində iştirakı və seçilməsi, eləcə də akademik fəaliyyəti faktlar və sənədlərlə təhlil edilir.

Akademik İsa Həbibbəylinin məqalələrinin böyük bir qismi "Müasirlik işığında" bölümündə toplanıb. Həcmcə böyük olan bu bölümdə ədəbiyyatşünasın müasirlərinin yaradıcılığına həsr edilmiş "Xalq yazıçısı Anar gerçəkliklə ideal arasında", "Səmədoğlu ədiblər", "Xalq yazıçısı Elçinin özü və sözü", "Ədəbiyyatda vətəndaşlıq və profesionallıq", "Şair vətəndaş sabir Rüstəmxanlı", "Zəlimxan yaqub sənətinin özünəməxsusluğu", "Yazıçı-publisist Elmira Axundova", Bütün yönləri ilə yaradıcı", "Cəmiyyətin və mənəviyyatın bədii dərki", "Qoşa qanadlı poeziya", "Şairlər günü"ndə Nurəngiz gün", "Bütövlük və genişlik", "Vətəndaşlıq mövqeyi-plyus lirizm" və s. məqalələri çağdaş ədəbi tənqidinin nüfuz dairəsini bir qədər də genişləndirir. Bu məqalələrdə yalnız hər hansı bir yazıçı və şairin yaradıcılığı təhllil edilmir, həm də ədəbi prosesin mürəkkəb mexanizmi, onu məşğul edən ədəbi hadisə və problemlərlə bağlı elmi mühakimələr, qənaətlər verilir. Tənqidçinin çağdaş ədəbiyyatın inkişaf perspektivləri ilə bağlı estetik mövqeyi nəzəriyyə ilə praktikanın vəhdətinə əsaslanır.

Ümumiyyətlə, akademik İsa Həbibbəylinin simasında ədəbiyyatşünaslığın bir neçə qolunun və tipinin (tənqidçi, ədəbiyyatşünas, nəzəriyyəçi, publisist və s.) bir sintez şəklində birləşdiyini aydın görürük. Çox az ədəbiyyatşünaslarda bu cür keyfiyyətlərin birləşdiyi məqamlar olur. Araşdırma obyektlərindən asılı olaraq bəzi məqalələrində nəzəriyyə, bəzilərində ədəbiyyatşünaslıq, bəzilərində isə tənqidçi peşəkarlığı önə çıxır, araşdırmanın istiqamətini müəyyənləşdirən amilə çevrilir. Onun bir çox tədqiqatlarında arxiv materialları, sənədlərdən istifadə çoxdandır ədəbiyyatşünaslığımızda seyrək görünən bu araşdırma üslubunu da yenidən aktuallaşdırır. Bütövlükdə, onun yaradıcılığı peşəkar ədəbiyyat tarixçiliyi, nəzəriyyəçiliyi və tənqidçiliyi gələnəyinin layiqli davamıdır.

Akademik İsa Həbibbəylinin "Ədəbi şəxsiyyət və zaman" kitabındakı ədəbiyyatşünaslıq problemlərinin, ayrı-ayrı şəxsiyyətlərin yaradıcılığının, ədəbi prosesin və nəzəri fikrin inkişaf dinamikasının fundamental şəkildə araşdırılması belə bir qənaətə gəlməyə əsas verir ki, bütün bunlar akademikin bir həyat kredosu, vətəndaşlıq missiyasıdır. Onun ədəbiyyat tarixçiliyi, ədəbiyyat nəzəriyyəsi, ədəbi-bədii fikrin inkişafı ilə bağlı bir proqramının olduğu şübhə doğurmur və tutduğu akademik mövqeyi ilə qarşıda duran bu çətin vəzifənin həyata keçirilməsi işində son dərəcə israrlı olması aydın görünür.

Bədirxan ƏHMƏDLİ
filologiya üzrə elmlər doktoru, professor


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!