Edebiyyatqazeti.az xəbər verir ki, 18-20 aprel 2019-cu ildə Ryazanda YUNESKO-nun təşkilatçılığı ilə keçirilməsi nəzərdə tutulan Beynəlxalq Poeziya Festivalına dəvət almış həmyerlimiz, şair Məmməd İsmayıl həmin tədbirdə iştirakından imtina etməklə bərabər öz etirazını da bildirmişdir.
Belə ki, müxtəlif ölkələri təmsil edən şairlər siyahısında Məmməd İsmayıldan öncəki sırada Vardan Akepyan adlı erməni yazarının "Dağlıq Qarabağ Yazıçılar İttifaqının sədri, əməkdar incəsənət xadimi, Dağlıq Qarabağ Respublikası dövlət himninin müəllifi" kimi təqdim olunması təbii olaraq Azərbaycan şairini hiddətləndirmişdir. O, festivalın təşkilatçısı Yelena Korneyevaya ünvanladığı məktubda bildirir: "Əvvəla, dünyada Dağlıq Qarabağ adlı dövlət yoxdur və bu qurum dünyanın heç bir dövləti tərəfindən tanınmayıb. Onun himni necə ola bilər?!"
M.İsmayıl daha sonra Rusiyanın Dağlıq Qarabağı erməni faşistləri tərəfindən işğal olunmuş Azərbaycan torpağı kimi tanıdığını da Yelena Korneyevanın nəzərinə çatdırmış və belə bir tədbirdə iştirakı özünə təhqir hesab etdiyini bildirmişdir.
Redaksiyadan: Festivalın təşkilatçıları Məmməd İsmayıla yazdıqları cavab məktubunda Azərbaycan şairinin reallığı əks etdirən bu haqlı etirazına hörmətlə yanaşmış, yanlışlığa yol verdiklərini etiraf etmiş, erməni şairinin qondarma titullarını proqrama daxi etməyəcəklərini bildirmişlər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!