Bakıda Çingiz Aytmatovun 90 illiyi qeyd olunub

“Cəmilə” Rus Dram Teatrının səhnəsində

Oktyabrın 19-da Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə dünya şöhrətli nasir, Qırğızıstan SSR-in Xalq yazıçısı, Qazaxıstanın Xalq yazıçısı, Qırğız Respublikasının Qəhrəmanı, Qırğızıstan SSR Elmlər Akademiyasının akademiki, Sosialist Əməyi Qəhrəmanı, Lenin və SSRİ-nin üç Dövlət Mükafatı Laureatı Çingiz Aytmatovun “Cəmilə” povesti əsasında qırğız dilində tamaşa göstərilib.

Edebiyyatqazeti.az Azərtac-a istinadən xəbər verir ki, tamaşadan əvvəl çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva premyeranın XX əsrin görkəmli söz ustası, türk dünyasının böyük oğlu Çingiz Aytmatovun 90 illiyinə həsr olunduğunu qeyd edib. O deyib ki, dahi yazıçının əsərləri vətənpərvərliklə yoğrulub, onlarda qırğız xalqının həyatı və istəklərindən bəhs olunub, Qırğızıstanın zəngin mədəniyyəti və adət-ənənələri öz əksini tapıb. Yazıçının əsərləri bütün dünyada maraqla oxunur. G.Əfəndiyeva yubiley tədbirinin keçirilməsinə göstərdikləri dəstəyə görə Azərbaycan Mədəniyyət Nazirliyinə, Yazıçılar İttifaqına, Qırğız Respublikasının ölkəmizdəki səfirliyinə və Türkdilli Dövlətlərin Parlament Assambleyasına (TürkPA) təşəkkürünü bildirib.

Mədəniyyət naziri Əbülfəs Qarayev görkəmli yazıçının xatirə gecəsinin təşkilinə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna təşəkkür edərək vurğulayıb ki, bu cür tədbirlər qardaş türk xalqlarını daha da yaxınlaşdırır. “Çingiz Terekuloviç dahi nasir idi. Oxucuların pərəstiş etdiyi bu şəxsiyyət özündən sonra böyük irs qoyub, onun xatirəsi əbədi yaşayacaq. O, Azərbaycanı çox sevirdi, xalqımıza böyük sevgi hissləri bəsləyirdi, tez-tez ölkəmizə gəlirdi. Azərbaycan Mədəniyyət Nazirliyi də böyük yazıçının 90 illiyi münasibətilə dekabr ayında nəzərdə tutulmuş genişmiqyaslı tədbirlərə hazırlaşır. Qeyd etmək istəyirəm ki, mənim Çingiz Aytmatovla şəxsi tanışlığım olub, o, çox gözəl insan idi. Bu dahi yazıçı türk dünyasının fəxridir. Onunla vida mərasimində iştirakımı xatırlayıram. Bu, əvəzedilməz itkidir”, - deyə nazir əlavə edib.

Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Çingiz Aytmatovla bağlı xatirələrini bölüşərək deyib ki, dahi qələm ustası dünyaya çoxlu sayda məşhur əsərlər bəxş edib. Onun istedadı Allah vergisi idi. “Çingizin uşaqlıq və yeniyetməlik illəri ağır keçib, onun atası Stalin repressiyalarının qurbanı olub. Bu, yazıçının yaradıcılığına da təsirsiz ötüşməyib, onun mənəvi dəyərlərin ön planda olduğu bütün əsərləri oxucuda dərin təəssürat doğurur. Biz Çingiz Terekuloviçlə Bakıda, Bişkekdə, Ankarada və digər şəhərlərdə dəfələrlə görüşmüşük, onunla öz düşüncələrimi bölüşmüşəm və həmişə dəstək görmüşəm”, - deyə Anar bildirib.

Çingiz Aytmatovun oğlu, qırğız diplomatı və dövlət xadimi Əskər Aytmatov atası haqqında xatirələrini bölüşüb, dahi yazıçının xatirəsini əziz tutduqları üçün tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edib. “Xatırlayıram, uşaqlıq illərimdə, 8 yaşım olanda atam məni özü ilə Bakıya ezamiyyətə apardı. Bu, mənim xarici ölkəyə ilk səfərim idi. Mən hələ o vaxt Bakını və Azərbaycanı sevdim və bu sevgini həyatım boyu yaşadıram. Bilirəm ki, sizin ölkənizdə atamın yaradıcılığının pərəstişkarı çoxdur. Bu, mənim üçün böyük şərəfdir. Əminəm ki, bugünkü tamaşa da böyük uğur qazanacaq, axı məhəbbət haqqında ballada olan “Cəmilə” povesti Çingiz Aytmatovun ən populyar əsərlərindən biridir. Bu gün bizimlə burada olan hər kəsə təşəkkürümü bildirirəm”, - deyə Ə.Aytmatov əlavə edib.

Tamaşanın baş prodüseri “ASSOL” Holdinqin direktoru Assol Moldokmatova “Çingiz üçün ağı” şeirini söyləyib, vurğulayıb ki, Çingiz Aytmatov incə qəlbli insan kimi həmişə dostlarının köməyinə çatırdı, dinləməyi bacarırdı. “Cəmilə” əsərinə heç kim biganə qala bilməz. Bu, məhəbbət himni, qırğız qadının himnidir. Çox şadam ki, bu gün biz bakılı tamaşaçıları əsərlə daha yaxından tanış edəcəyik”, - deyə qonaq bildirib.

Sonra Assol Moldokmatova və Günay Əfəndiyeva bir-birinə xatirə hədiyyələri təqdim ediblər. G.Əfəndiyeva qonağa Çingiz Aytmatovun əsərlərinin bütün dünyada təbliğinə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təsis etdiyi fəxri diplomu təqdim edib. Fondun sədri Əskər Aytmatova türk dünyasının inkişafına verdiyi töhfəyə görə fəxri diplom təqdim edib və atasının portretini hədiyyə edib.

Sonra tədbir iştirakçıları tamaşaya baxıblar. Baş rolları Aynura Akılbek qızı (Cəmilə), Ruslan Kurmanaliyev (Daniyar) və Sancar Sabırcan uulu (Seit) ifa ediblər.

Qeyd edək ki, “Cəmilə” povestində hadisələr Böyük Vətən müharibəsi dövründə və qırğız aulunda cərəyan edir. Cəmilə bu əhvalatı nəql edən Seitin böyük qardaşının arvadıdır. Heç kimin incitməyə cəsarət etmədiyi bu qamətli, gözəl, tündxasiyyət və qoçaq qadın insanlarla açıq ünsiyyət qurmağı bacarır. Cəmilə varlı ailəyə gəlin gedir. Bütün kişilər müharibəyə getdiklərindən ailəyə qaynana başçılıq edir. Kişi əməyi çatışmadığından Cəmiləyə də ağır iş – stansiyaya taxıl daşımaq həvalə olunur. Onun köməkçiləri qaynı Seit və müharibədən əlil qayıtmış əsgər Daniyardır. Keçmiş əsgər əvvəlcə çox sakit və qapalı adam təsiri bağışlayır. Cəmilə tez-tez onu ələ salır, amma Daniyar buna dözür və qadına heyranlıqla baxır. Onların arasında səmimi hisslər yaranır və əsərin baş qəhrəmanı Daniyarla birlikdə yeni həyata başlamaq üçün aulu tərk edir. Kənd camaatı onun bu hərəkətini qınayır, Seit isə gəlinin seçiminə haqq qazandırır. O, əsl məhəbbətin nə olduğunu anlaya bilir.

Premyera tamaşaçılarda dərin təəssürat yaradıb. Tədbirdə diplomatlar, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!