Ukraynanın paytaxtı Kiyevdə Səməd Vurğun adına kitabxanada Azərbaycanın Xalq şairi Məmməd Arazın anadan olmasının 85 illiyi münasibətilə yaradıcılıq gecəsi keçirilib.
Edebiyyatqazeti.az Azərtac-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən tədbirdə Ukraynadakı səfirimiz Azər Xudiyev, diaspor təşkilatlarının nümayəndələri, ukraynalı və azərbaycanlı gənclər, yaradıcı insanlar iştirak ediblər.
Məmməd Arazın yaradıcılığının əsas mövzusunun vətənpərvərlik olduğunu qeyd edən səfir şairi çoxcəhətli və qüdrətli söz ustadı kimi xarakterizə edib. Bildirib ki, Məmməd Arazın şeirləri milli şüuru formalaşdıracaq dərəcədə güclü idi. Onun ana mövzusu Azərbaycan olub.
Məmməd Araz yaradıcılığının kökündə vətən sevgisinin dayandığını söyləyən diplomat qeyd edib ki, səfirlik Ukraynada Məmməd Araz irsinin araşdırılması, öyrənilməsi üçün atılan addımlara dəstək verməyə həmişə hazırdır. “Bu gün Azərbaycan dünya ölkələri ilə hər sahədə dialoqlar qurmaqda, multikultural ideyaların aparıcı simasına, beynəlxalq anlaşmanın, mədəni dialoqun platformasına çevrilib”, - deyə A.Xudiyev əlavə edib.
Səməd Vurğun adına kitabxananın direktoru Qalina Çebotarova isə çıxışında Məmməd Araz irsinin Ukraynada araşdırılmasının vacib olduğunu söyləyib. Bədii kitab bazasına görə Ukraynada nümunəvi kitab evlərindən biri sayılan bu kitabxanada mütəmadi olaraq Azərbaycanla bağlı tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu gün Azərbaycan ədəbiyyatı dünya dillərinə tərcümə edilir, dünyanın aparıcı kitabxanalarına, elektron portallarına yerləşdirilir.
Dərin məzmunlu, oxunaqlı şeirləri ilə sevilən Məmməd Arazın ölkəsinin nəhəng vətəndaşı olduğunu vurğulayan Əməkdar təhsil işçisi, hüquq elmləri doktoru, professor Arif Quliyev şairin yaradıcılığında əsas ünvanın Vətən, Azərbaycan olduğunu söyləyib.
Tədbir çərçivəsində A.Quliyev Səməd Vurğun adına kitabxananın yaranmasının 40 illiyi ilə bağlı göstərdiyi xidmətə görə UNESCO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin fəxri diplomunu kitabxananın direktoru Qalina Çebotarova təqdim edib.
Sonra Ukraynanın Xalq artisti Boris Lobod Məmməd Araza həsr etdiyi şeiri səsləndirib. Ukraynalı şairlər Məmməd Arazın Ukrayna dilinə tərcümə olunmuş şeirlərindən parçalar söyləyiblər. Yaradıcılıq gecəsində hazırlanmış bədii proqram tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!