“Bakı arxitektura bələdçisi” kitabı Almaniyanın Frankfurt şəhərində təqdim edilib

Almaniyanın Frankfurt-Mayn şəhərində Frankfurt Beynəlxalq Kitab Sərgisi öz işini davam etdirir.

Sərginin ikinci günündə ölkəmizə məxsus stenddə Mədəniyyət Nazirliyinin və Azərbaycanın Almaniyadakı səfirliyinin birgə təşkilatçılığı ilə alman publisist-tərcüməçi Hayke Maria Yohenninqin müəllifi olduğu “Architekturführer Baku” (“Bakı arxitektura bələdçisi”) kitabının təqdimatı keçirilib.

Nazirlikdən bildirilib ki, kitab haqqında geniş məlumat verən Hayke Maria Yohenninq “Bakı arxitektura bələdçisi” kitabında Bakı şəhərinin arxitekturasının qısa tarixçəsini, müxtəlif memarlıq üslublarını, eləcə də 100-dən artıq bina və abidələr haqqında məlumatın yer aldığını söyləyib.

Həmin kitabda Bakının arxitekturası aşağıdakı dövrlər üzrə təsnif edilir: 1806-cı ilədək olan dövr, 1806-1917-ci illər, 1917-1950-ci illər, 1950-1991-ci illər və 1991-ci ildən sonrakı dövr. Kitab Berlin şəhərində yerləşən “DOM Publishers” nəşriyyatında çap olunub. Müəllif kitabın 1000 ədəd tirajla nəşr edildiyini və onun almandilli ölkələrdə böyük maraqla alındığını diqqətinə çatdırıb.

Sonra Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev kitabın əhəmiyyətindən bəhs edib və xanım Hayke Maria Yohenninqə öz təşəkkürünü bildirib.

Qeyd edək ki, Hayke Maria Yohenninq, həmçinin “Bakı şəhərinə səyahət” kitabının da müəllifidir. Gələcəkdə “Azərbaycana səyahət” kitabının da nəşri gözlənilir.

/Azərtac/

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!