"Samir Samiri" - QanTuralı - POVEST

 

  Samir, Samiri...

(povest)

 

Göndərdiyin bəlanı mənim üstümdən götür. Əlinin zərbəsindən gör necə əzildim. Sən insanı təqsirinə görə məzəmmət edən zaman arzularını da güvə kimi dağıdırsan. Bəli, insan, sadəcə, bir nəfəsdir.
Dinlə duamı, ya Rəbb, fəryadımı eşit! Biganə qalma göz yaşlarıma. Çünki Sənin yanında bir qəribəm, ata-babam kimi bir qonağam.
Bir azca nəzərini məndən çək. Qoy ölüb getməzdən əvvəl dinc yaşayım.

Zəbur, 39-cu məzmur

                                                                        

Gözünü açan kimi Samirin gözünə tavan sataşdı. Tavana baxa-baxa gördüyü yuxunu ayırd etməyə çalışdı. Çox güman ki, yuxu görürdü, lakin gördüyü yuxuları xatırlaya bilmirdi. Hər səhər yuxudan oyanan kimi yuxusunu anmağa  çalışır, amma buna lap az hallarda nail olurdu. Qəribədir, Aynanı gördüyü yuxuları dərhal xatırlayırdı. Yuxu görə-görə də yuxuda olduğunu hiss edirdi. Hər şeyi anbaan yaddaşına hopdururdu.  Bu səhər isə heç nə anışdıra bilmədi.  Ayağa durub xalatını geyindi. Qəhvə hazırlamaq üçün mətbəxə keçdi. Stolun arxasında oturan qızı görəndə diksindi. O belə qonaqlara çox alışmışdı, gördüyü yuxular kimi spirt yağışına düşdüyü axşamları da xatırlamırdı. Qızla salamlaşıb çaydanı su ilə doldurdu.

Samirin çəkildiyi serialda  istənilən aktrisaya  “qəmli otur” desəydilər, yəqin ki, onların heç biri ilk cəhddə bu qız qədər qəmli otura bilməzdi. Qızın çiyninə tökülən saçları, qətiyyətli sükutu kədərli mənzərəni çox gözəl tamamlayırdı. Samir susurdu, çünki qızın yaddaşında dünən gecədən Samirin xatırlamaq istəməyəcəyi bəzi detallar ola bilərdi.  Qızı danışdırmamaq üçün düşüncələrə daldı. Çaydanın düyməsi atdıqda qız ayağa qalxıb Samirə qəhvə süzdü. Onun qəhvəyə  tökdüyü südün Samirin həmişə içdiyi ölçüdə olmasına Samir fikir versə də, bu haqda söz salmadı. Qız qəhvəni Samirin qarşısına qoyub “Nuş olsun” dedi. Deyəsən, bu, qızın Samirin evinə ilk gəlişi deyildi. Adətən, gecə qonaqları onu yuxuda qoyub gedərdilər.

Samir qəhvənin soyumasını gözləyə-gözləyə darıxdı. Ayağa qalxıb pizza sifarişinin üstündə hədiyyə verilən sufleni soyuducudan götürüb mikrodalğalı sobaya qoydu. Sonra qəhvəsini içməyə başladı.  Qəhvəni son damlasına qədər içən Samir yuxudan ayılmağın verdiyi gümrahlıqla qızla söhbətləşmək istədi. Bütün gecəni yağan yağışdan  söz sala bilərdi, davamı corab söküyü kimi gələcəkdi. Sanki hava da Samirin bu fikrindən duyuq düşdü. Bir anda külək gül dibçəyini vurub aşırtdı. Samir dibçəyi düzəldib pəncərəni bağladı. Qızı arxadan qucaqlayıb  “Nə üçün mənzil edib arizi cananımda” dedi. Niyə belə dediyini heç özü də bilmədi. Qız gülümsündü, güləndə yanağı çökəkləndi. Samir bir anlıq fikirləşdi ki, zənəxdanla da bağlı nəsə bir şeir olmalıdır. Lakin heç cür xatırlaya bilmədi. Yaddaşının günahını qızın üzündən öpməklə yudu. Aradakı sükut Seyidin misrası və öpüşlə pozuldu.

Samir yataq otağına keçib geyim seçəndə qız dalınca gəlib ona kömək elədi. Köynəyi geyindirib düymələrini bağladı, yaxalığını düzəltdi. Qəfildən Samirdən soruşdu:  “Gecə məni niyə videoya çəkirdin?”. Samir bu sualdan diksinən kimi oldu, inkar edə də bilmirdi, təsdiqləyə də. Bu bir-iki saniyəlik çaşqınlıqdan sonra fikirləşdi ki, video çəkilibsə, deməli,  telefonda olmalıdır. Şarja taxılı telefonu bir söz demədən götürüb qıza verdi. Qız telefonu alıb xeyli qurdalandı, heç nə tapmayıb yenidən şarja taxdı. Samir xoşagəlməz sualdan xeyli narahat olmuşdu. Doğrudur, onun ayıq olanda xatırlamaq istəmədiyi fantaziyaları vardı. Amma video çəkmək fantaziyası olmadığına əmin idi. Mövcud olmayan istək də, əlbəttə ki, spirtin təsiri ilə ayıla, dirilə bilməz. Telefondan bir şey çıxmaması qızla bərabər onu da sevindirmişdi. Onda belə çıxır qız yanlış xatırlayırdı? Samir ağlına gələn sualı dilinə gətirəndə qız yatağa oturdu, başını aşağı əyib dedi: “Dünən biz uzananda sən telefonu götürdün, nəsə elədin orda, sonra yerinə qoydun. Mənim də yaxşı yadıma gəlmir, çox içmişdim, qatıb-qatışdırmışdım. Fikirləşdim ki, yəqin video çəkirsən. Qızımı məndən alıblar, məhkəməsi gedir. Videom çıxsa, dünya dağılsa da o uşağı yenidən götürə bilmərəm. Bircə balama həsrət qalaram. Ona görə ağladım, sən də çox sərxoş idin, fikir vermədin mənə.  Telefon əlindən düşəndə başa düşdüm ki, yuxuya getmisən”.

Samir teatra hər ay pyes gətirib rejissorları, aktyorları, hamıdan da çox direktoru bezar edən dramaturq Eyvaz Qocayurdu xatırladı. Bir anlıq düşündü ki, Eyvaz Qocayurdun külliyyatı bu qızın hekayəsi qədər ağrılı ola bilməz. Bir daha əmin oldu ki, insanın sevgiylə başqasına bağlanması, onun yolunda əzab, məşəqqət çəkməsi necə gözəl  hissdir. Bu əzablar, fədakarlıqlar insanı insanlaşdırır, onu xilas edir.  Samir bəzən təkliyindən narahat olsa da, ümumən, bu hisslərdən uzaq idi. İndi qızın yaşadığı dram, övladından ayrı düşməsi, fahişəlikdən qazandığı pulla övladına baxmaq istəməsi Samiri həyəcanlandırırdı. Bir anlıq fikirləşdi ki, insanın həyatda uğrunda öləcəyi insanlar da olmalıdır. Samiri bir neçə il bundan qabaq ən çox qorxudan şey tənhalığa alışması idi. İndi onun təklik qorxusu yoxuydu. O, təkliyə alışmışdı.

Saat üçdə televiziyada olmalı idi. Vaxta hələ bir saat qalırdı. Nəsə bir əyləncə, ya da tok-şou verilişiydi. Bir neçə il qabaq Samir nadir hallarda çağırıldığı belə verilişləri ikrahla qarşılayırdı. Dəvət ediləndə də verilişin vaxtına  “məşqi düşürdü”. İllər keçdikcə Samir bu verilişlərə də öyrəşdi. Həvəslə də olmasa, hər halda gedirdi. Həm də  bu illər ərzində yaxşı anlamışdı ki, aktyorun sifəti tanınmalıdır; dəxli yoxdur, mətbəx verilişi olsun, ya da hansısa bir sarsaq tok-şou. Efirdə görünməlidir, vəssalam. Bir başqası durub deyərdi ki, bu tanınmaq Samirin nəyinə lazımdır? Bir neçə il əvvəl  “bir başqası” elə Samirin özüydü. Kamera teatrında Samir ürəyincə olan rollar oynayırdı. Nə fəxri adı vardı, nə maşını, nə də ayın sonuna çatan maaşı. O vaxtdan çox şey dəyişmişdi. Heç adı da əvvəlki kimi qalmamışdı. İndi o özünü “Samiri” adlandırırdı. Hər zaman düşünürdü ki, “Samir Səhər” təxəllüsündənsə, Samiri daha yaxşı səslənir. Bu şöhrət bahalı maşın, lüks restoranlar, nağd pul şəklində Samirə geri qayıtmışdı. Bəzən zarafatla deyirdi ki, bircə “İ” hərfi insan həyatını dəyişə bilərmiş.  Samir “İ”nin bəhrəsini görərkən teatrın kiçik zalını tez-tez xatırlayardı. İllər keçdikcə daha çox əmin olurdu ki, o kiçik zalda içdiyi ucuz araqlardan xilas olmaqla heç də pis eləməyib. Bununla belə aradabir darıxırdı, həmişə yox, iki-üç aydan bir o günləri yadına salıb qüssələnirdi.

İki-üç ay bundan əvvəl gecəyarı çex restoranında qəfil süfrədən qalxıb taksiylə həmin teatra getmişdi. Zala keçib sabahadək ən gözəl rollarını oynadığı səhnədə  bir litr “Chivas Regalı” viskisini içib qurtarmışdı. Dürüstlük naminə onu da deyək ki, ötən günlərin xatirinə qurduğu biradamlıq anım məclisi üçün “Qızıl üzük” arağı almış, lakin elə ilk qədəhindəncə iyrənərək qarovulçuya “Chivas Regal” aldırmışdı. Ötən günlərin heç arağını belə içə bilmirdi.

Qız saçlarını darayıb güzgünün qarşısında makyaj edirdi. Üzünü Samirə çevirmədən soruşdu ki, sən Allaha inanırsanmı? Samir suala sualla cavab verdi: “Niyə soruşursan?”. Qız da cavabında dedi ki, gecə qışqırırdın ki, yoxdur Allah, yoxdur Allah, mənəm Allah. Samir gülümsəyib qıza ağlına gələn ilk cavabı verdi. Kamera teatrının səhnəsində oynadığı ilk baş rolu, “Od gəlini”ndəki Biləgənli Elxanın monoloqunu xatırladı. Zal Samirin monoloqunu ayaq üstə dinləmiş, monoloq bitdikdən sonra dəqiqələrlə alqışlanmış, bu coşqun atmosferdə ilk sırada oturmuş Ayna da, tamaşanın kənarda ayaq üstə dayanmış rejissoru Həbib də göz yaşlarını saxlaya bilməmişdi.  Qızın sözlərindən sonra yuxusu yadına düşdü. Biləgənli Elxanın monoloqunu deyirdi və...  Zal bomboş idi.

Qız getdikdən sonra Samirin hələ yarım saatadək  vaxtı qalmışdı. Alıb  baxmadığı  DVD-lərin arasında bir qədər qurdalanıb  “Nuh peyğəmbər” filmini seçdi. Musa yəhudiləri Misir köləliyindən azad etdikdən sonra Allahla danışmaq üçün Tur dağına gedir. Musa gedən kimi bir rahib xalqın qızıllarını bir yerə toplayıb qızıldan buzov düzəldir. Yəhudilər buzova sitayiş etməyə başlayırlar. Bu qızıl buzovu filmin əvvəlində də göstərmişdilər, amma onda bu buzova misirlilər sitayiş edirdi. Misir köləliyindən xilas olan yəhudilər indi də Misir tanrısına bəndəlik eləməyə başlamışdılar. Buzova ibadətin qızğın yerində Musa peyğəmbər gəlib çıxır. Samir saata baxıb televizoru söndürdü. 

                                       ***

Samir “Porşe”sini mühafizəçinin işarəsi ilə telekanalın həyətinə salanda anlamadı ki, bu hörmət özünədi, yoxsa “Porşe”yə. Bu haqda fikirləşməyə də ehtiyac yoxuydu. Dar və sıx səkidə yer axtarmaqdansa maşının mühafizə edilən həyətdə olması yaxşıydı. Samir mühərriki söndürüb verilişin onu gözləyən prodüseri ilə birlikdə pilləkənləri qalxdı. Qarşısına çıxan tanışlarla görüşüb proqramın kulisinə girdi. İçəridə gözəl bir qız oturmuşdu. Qızın gözəl ayaqları Samirə onun sifətindən də tanış gəldi. Amma qızı xatırlaya bilmədi. Qız isə Samirə, daha doğrusu, Samiriyə adıyla müraciət edib onu qucaqladı. Yanağına da bir öpüş qondurdu. Samirin insanları tanımaqda həmişə problemi olurdu, bəzən bir neçə il görmədiyi tanışların belə üzünü unuda bilirdi. Bu qızı, üstəlik, bu qədər gözəl bir qızı xatırlamadığına  ürəkdən peşman oldu. Qız durmadan üyüdüb-tökür, Samirin  serialda oynadığı Aqşin rolundan, yayda Antalyaya getməyindən, Parisdə yediyi kroasanlardan, keçən dəfə çıxdığı verilişdən, Aytəkinin boşanıb Ayselin ərə getməsindən danışırdı. O danışdıqca Samir  qızın adını xatırlamağa çalışırdı: Solmaz, Samirə, Səadət? Axırda yadına sala bildi. Müğənni idi, bir dəfə də Samirlə verilişdə olmuşdu, üç-dörd dəfə də yenə hardasa qarşılaşmışdı, adı da... Samir fikirləşib tapmamış, axır ki, prodüser insafa gəlib qızı adıyla çağırdı: “Səbinə, bu şəklə bir bax...”. Səbinə ona uzadılan telefona baxıb “Yaxşıdır” dedikdən sonra telefonu geri qaytarıb bayaqkı söhbətinə davam etdi. “Hə, onu deyirdim axı...”

Samir qulaq assa da, qızın dediklərindən heç nə anlamırdı.  Anladığı isə daxilində ona tanış olan duyğuların qiyam səsi idi. Qız danışdıqca bu duyğular cücərir, boy atırdı. Bastiliyanı dağıdırdı duyğular, kralı edam edirdi. Bu hissləri Samir çoxdandır yaşamırdı. Çoxdandır heç bir qadın ona bu qədər doğma gəlmirdi, onu həyəcanlandırmırdı.  Heç bir qadın ona bu qədər məhrəmliklə baxmırdı. Baxırdısa belə Samir o məhrəmliyi duymurdu.

Gözlərini Səbinənin gözlərindən ayıra, fikrini onun xəyalından uzaqlaşdıra bilmirdi.  Lakin qızla xüsusi nəsə danışmadı, suallarına da ümumi cavablar verdi. Efirdə də ağzını bıçaq açmadı. Hətta iki dəfə ona verilən sualı da yaxşı başa düşmədi. Veriliş qurtaranda Samir dəhşətli dərəcədə tək qalmaq ehtiyacı hiss etdi. Aparıcı ilə sağollaşıb ona sarı axın edən tamaşaçıların şəkil çəkdirmək barədə çoxsaylı xahişlərinə məhəl qoymayaraq pilləkənləri sürətlə düşdü. Maşına minib başını sükana söykədi. Mühərriki işə salmamış bir neçə dəqiqə gözlədi ki, bütün bu xəyallar, arzular, bütün bu doğmalıq, məhrəmlik, onu qəfildən yaxalayan tanış hisslər canından çıxsın, yenə əvvəkitək bomboş, rahat olsun. Lakin Samir göz qapaqlarını bağlasa belə, Səbinənin xəyalı gözləri önündən getmədi. Maşını işə salıb sürətlə telekanalın həyətindən çıxdı. Onun bu qəfil gedişinə “çaypulu” gözləyən mühafizəçi də təəccübləndi.

Hara gedəcəyini bilmədən maşını qovurdu. Bircə onu bilirdi ki, uzaqlaşmaq lazımdır. Nədən uzaqlaşdığını da bilmirdi, amma sövq-təbii hiss edirdi ki, uzaqlaşmaq istədiyi şey elə onun özüdür, içindəki bir saatlıq hisslərdir. Yollarda elə də sıxlıq yoxuydu, ona görə də iyirmi dəqiqənin içində şəhərdən çıxdı. Boz çöllər darıxdırıcı peyzaj kimi pəncərədən görünəndə maşını sağa verib saxladı. Çünki bir azdan avtoban başlayacaqdı, geri dönmək üçün gərək kilometrlərlə yol qət edəydi.

Maşından düşməyə də həvəsi yoxuydu. Radionu qurdaladı, ürəyinə yatan bir şey tapmayıb maqnitafonun düyməsini basdı. Sonra onu da söndürdü. Nə edəcəyini bilmirdi, bu gün çəkiliş yoxuydu, gedib hardasa oturub içə də bilərdi. Lakin bilirdi ki, sərxoşluq bu duyğularının üstünə benzin tökəcək. Keflənməyindən çox qorxurdu, ayıq vaxtı nəzarətdə saxladığı duyğuları sərxoş olanda ipə-sapa yatmırdı. Tamamilə kortəbii olan belə üsyanlardan az zərər çəkməmişdi.  Evə getsəydi, yalqızlıqdan ürəyi sıxılacaqdı. Bu şəhərdə ürək qızdırdığı iki nəfər vardı. Biri Ayna idi – o, daha bu dünyada deyildi, digəri isə Həbib. Doğrudur, Aynadan sonra Həbib ondan bir qədər soyumuşdu. Əvvəlki ünsiyyət qalmamışdısa da, hələ hər şey sovrulub qurtarmamışdı da. Samir çox darıxanda Həbibi yığırdı, Həbiblə dərdləşirdi. Əhalisi üç milyonu ötüb keçən bu şəhərdə Samirə həyan olası başqa kimsə yoxuydu. Bunları düşünəndə bir anlıq ağlına gəldi ki, bayaq nə qədər insan onunla şəkil çəkdirmək istəyirdi. Bəlkə də onların biri Samirə yaxınlaşıb “Dərdin varsa danış” desəydi, Samir onu dərhal maşına oturdub ürəyində nə qədər söz vardısa, hamısını ona deyərdi. Bu axmaq fikirlərinə gülməyi tutdu. Çünki bilirdi ki, illərlə tanıdığı, amma işdən başqa özgə bir şey danışmadığı onlarla tanışı, minlərlə pərəstişkarı var. Lakin bütün bunlar indi ona bəs etmirdi. Fanat çoxuydu, sirdaş yoxuydu, qadın çoxuydu, sevgili yoxuydu, dərd çoxuydu, problem yoxuydu. Samir fikirləşdi ki, Səbinənin özüylə danışsa yaxşıdır. Ona görə yox ki, bu, gözəl fikir idi, sadəcə, başqa fikri yoxuydu. Verilişin prodüserinə zəng vurub Səbinənin nömrəsini istədi. Bir neçə dəqiqə Səbinənin nömrəsinə baxıb sözə necə başlayacağını, yarım saat əvvəl ayrıldığı adama bu görüşdə niyyətinin nə olduğunu necə izah edəcəyini düşünürdü. Qərar verə bilməyib Səbinəni yığdı. Yarım saatdan sonra Səbinə ilə üzbəüz oturduqda onun bir qədər də gözəlləşdiyini qorxuyla seyr elədi.

Səbinə verilişə geyindiyi göy donu işgüzar kostyumla dəyişmişdi. Gözlənilməz dəvətə görə rəfiqəsiylə görüşə getməsə də,  bunu Samirə demədi. Səbinə başa düşürdü ki, Samirin onunla görüşmədən studiyadan çıxması, ardınca isə ona zəng vurması təsadüf ola bilməz. Samirin hərəkəti Səbinə üçün çox mühüm idi. Çünki o, yaraşıqlıydı, Aqşin obrazını ölkədə az qala, hamı tanıyırdı, məşhur idi, ağıllıydı, başqalarından seçilirdi. Səbinə Samirlə bağlı hər şeydən, hətta Aynanın müsibətindən də xəbərdar idi.  O hamı kimi deyildi.  Bir sözlə, Səbinənin rəsmini çəkdiyi ideal kişinin bütün ölçülərinə  Samir cavab verirdi. Səbinə onu dəfələrlə müşahidə etmişdi, uzun müddətdir ona gizli rəğbəti vardı. Heç nədən çəkinməyərək,  Samirin İnstagrama qoyduğu bütün fotoları bəyənirdi. Bunu sezən dostlarına da demişdi ki, aramızda heç nə yoxdur, sadəcə, xoşuma gəlir. Axır ki, Samirin diqqətini cəlb eləmişdi. Aylardır gözlədiyi fürsətin ayağına qədər gəlməsindən Səbinə çox məmnun görünürdü. Samir isə durmadan danışırdı. Son zamanlar bu qədər danışdığı yadına gəlmirdi. Mövzudan mövzuya keçir, zarafat edir, hər şey haqqında danışırdı. Danışdıqca da Səbinənin gözlərinə baxırdı. Ona diqqət kəsilən bu gözəl gözlər danışmaq ehtirasını lap artırırdı. Danışdıqca duyğuları  şahə qalxırdı. Hətta bir ara istədi ki,  Samir olduğu, Kamera teatrında işlədiyi günlərdə baş verən bir əhvalatı yarımçıq qoyub “Mən səni sevirəm, Səbinə” deyə qışqırsın. Bu dəliliyi bircə dəfə, o da  Ayna üçün etmişdi.

O zamanlar Samir hələ Samiri deyildi, həyatında bu qədər qadın yox idi, bahalı kafelərin menyusundakı yeməklərin, kokteyllərin adını bilmirdi, ən çox sevdiyi roman da “Martin İden” idi.  Samir bir ara bu şövqlə yazıçılığa da başlamışdı, sonra düşünmüşdü ki, insan ancaq bir sahədə uğur qazana bilər, ona görə də mehrini aktyorluğa salmışdı. İndi Samir Səbinəyə baxdıqca təəssüflənirdi ki, gərək zamanında yazıçı olaydı, Səbinəyə ölməz bir əsər həsr edəydi, gələcək nəsillər də bəlkə onda bilərdi ki, Səbinə necə gözəl qız imiş, Samir onu nə qədər çox sevirmiş və Səbinə təbəssümü ilə onun ürəyinə necə yaz yağışı yağdıra bilərmiş. Amma o, ümumən, bir cins kimi qadınları sevməzdi, onların kamil zəkaya, iti ağıla və böyük istedada malik olmadıqlarını düşünürdü. Qadınları sevməsə də, Samir onların sevgisinə möhtac idi. Nə zamandır bir qıza bu cür huşi-guşla qulaq asdığı olmamışdı. Heç bir qız da öz söhbəti ilə Samiri bu qədər məftun etməmişdi. Samir qadınları özünə məftun etməyi sevirdi, hətta bəlkə də bu onun həyat amalıydı. Qadınlarla uzun söhbətlərdən xoşlanmazdı. Samirin bir dəfə yarısərxoş halıda dediyi cümlə, az qala, zərb-məsəl olub dillərdə dolaşırdı. “Məgər qadınlar danışa bilir?”. Samir qadınların danışa bildiyini, əlbəttə ki, bilirdi,  Aynadan sonra ötüb keçən bu illərdə qadınlara qulaq asırmışcasına görünmək kimi qəribə bir vərdişə yiyələnmişdi.  Həmsöhbət qadın Samirin qulaq asmadığını, çətin ki, başa düşəydi. Qadınların min illərdir sahib olduqları bu instintkti Samir öz aktyorluq istedadı ilə zərərsizləşdirə bilməsi ilə fəxr edirdi. Lakin indi fəxr etmək bir qırağa dursun, Samir bütün diqqətiylə Səbinənin sözlərinə qulaq asırdı. Sonralar özü-özünə etiraf edəcəkdi ki, bu diqqətin səbəbi Səbinənin dediyi sözlər deyil, özüydü. Səbinə lap “Xoruz” şeirini söyləsəydi, belə Samir onun sözlərindən zövq alacaqdı.

Qız “Saat on olub ki” deyəndə Samir telefonunu tapa bilmədi. Yadına düşdü ki, kafedə oturduğu altı saat ərzində telefonu üstündə olmayıb. Başqa vaxt hər beş dəqiqədən bir telefonun ekranına baxan Samir bu altı saatda telefonunu maşında unutduğunu hiss etməyib. Bununla da sevginin toruna düşdüyünə tam əmin oldu. Dərhal Həbibə mesaj yazıb bu sevindirici xəbəri ona çatdırmaq istədi. Telefon? Telefon yoxuydu. Amma portmanatı pencəyinin cibində idi. Hesabı ödəyib ayağa qalxdılar. Hər ikisi sövq-təbii ilə hiss edirdi ki, gün hələ bitməyib.

Kafedən sonra italyan restoranı... Sonra bar... Samir vaxtı nəyin bahasına olursa olsun, uzatmaq istəyirdi. Arzulayırdı ki, gecə qurtarmasın, günəş doğmasın, səhər açılmasın. Ona görə yox ki, gecə və Səbinə çox gözəl idi və qəfil yaranan bu məhrəmlik Samiri xoşbəxt etmişdi. Təkcə buna görə yox.  Samir hisslərinə arxayın deyildi, sabah bu hisslərin tamam yoxa çıxacağından qorxurdu,  bu dünyada yenə təmtək qalacağından üşənirdi. İndiki qədər güclü olmasa da, o bu cür duyğusal partlayışlar yaşamışdı. Lakin bu partlayışların ömrü qısa çəkmiş, qəlpələri  isə qadınlar qədər özünü də yaralamışdı. Təsadüfən tanış olduğu fransız qız, teatra yeni gəlmiş aktrisa, nazirlikdəki katibə, gənc dramaturq, tərəf-müqabili olan sarışın, bulvardakı restoranın ofisiantı... Samirdən olsa, bu kədərli siyahını heç xatırlamaq da istəməzdi. İtalyan şərabı  isə xatirələri oyadırdı.

Maşını Səbinənin evinin qarşısında saxlayanda saat altıya qalırdı. Hər ikisi enerjilərini son kalorisinə qədər xərcləyib yorulmuşdular. Samir öpmək üçün əyiləndə Səbinə ona qısıldı. O da qızın çiyinlərini qucaqladı. Səbinə başını onun çiyninə qoydu.  Və Samir onun qulağına pıçıldadı: “Mən səni sevirəm”.  Qız cavab əvəzinə oğlanın qulağından öpdü. Samirin gözlərində bir damla yaş parladı. Bu bir damla yaşda nələr yoxuydu?! Aynasız illərin ilk fərəhi, təkliyin korşaltdığı ürəyin şadlığı, Kamera teatrının xiffəti, itirilən və bir daha yaşanılası mümkün olmayan bütün nisgillər...

Səbinə onun tənha kimi çıxıb məşuq kimi qayıtdığı evin qapısını açmamış  Samir Həbibə mesaj yazdı: “Deyəsən, aşiq oldum...”

***

-Sən mənim gəncliyimi əlimdən aldın, Aqşin. Mən yalnız sənə pərəstiş edirdim. Dəli kimi səni sevirdim və ancaq sənə inanırdım. Sən bütün gözəl şeylərin adı idin, sən ümid edin, xoşbəxtlik idin, gözəllik idin, arzu idin. Mən illərcə sənə dözdüm, eşqinlə alovlanan ürəyim daim səni arzuladı. Amma sən... Sən məni bir əski parçası kimi tullayıb atdın. Mən səni o qədər sevirdim ki... İndi də səni sevirəm. Bu mənim bədbəxtliyimdir, Aqşin. Amma mən əvvəlki Solmaz deyiləm. Mən böyümüşəm. Ürəyimə çəkdiyin dağlarla böyümüşəm mən. Sən yoxsan, Aqşin, daha. Mənimçün yoxsan. Sən özün özünü öldürdün. Daha səndən iyrənirəm. Get, bir daha geri baxma. Mən sənə qarğış edirəm: qoy heç bir qadın sənə sevgiylə toxunmasın! Qoy heç bir qadının ürəyində sənə sevgi olmasın. Qoy, bir daha sevə bilməyəsən. Ömrünü məhəbbətsiz yaşayasan. Qəbrə qədər yatağının bir tərəfi soyuq qalsın.

Aqşin rolundakı Samir əlində məktub dəbdəbəli kabinetində gəzərkən haldan-hala düşürdü.  Məktub yetmiş altı saniyə davam edirdi. Samir düz yetmiş saniyə kabinetdə gəzib bu məktubu oxumalı, qalan altı saniyədə isə məktubu yumurlayıb basketbol topu kimi zibil qabına atmalı idi. Səhnəni elə bir dubla çəkdilər. Fasilə elan olundu. Çəkiliş meydançası bir anda boşaldı. Rejissor Rafiq gəlib Samirin qarşısında oturdu. Assistent onlara çay gətirdi, özü isə çayını eynilə Ayna kimi darçın çubuğuyla qarışdırıb içməyə başladı. Rafiqin üzündə gördüyü işdən məmnunluq duyan insanın yorğunluğu vardı və elə bu şirin yorğunluqla Samirdən soruşdu:

- Necədir, xoşuna gəldi bu hissə? Yaxşı oynadın, üç dəfə yaxın plana keçirtdim, plastikan əla idi. Xoşuma gəldi.

Samir çaydan bir qurtum alıb “Sağ ol” dedi. Suala cavab vermək istəmirdi, çünki bu serialdan bezmişdi. Bezginliyini biruzə vermək onun adəti deyildi. Belə olanda bezginlik əvvəlcə rejissora, sonra operatorlardan tutmuş işıqçılara qədər yayılırdı. Samir əlavə etdi: “Məktub yaxşı yazılmışdı, lənət yeri də yaxşıydı”. Rafiq əllərini ovuşdurub “O səhnəni özüm işləmişdim” deyə açıq-aşkar sevindi.

Samir Rafiqin xətrini istəyirdi, çünki başqa rejissorlar kimi Tarkovski haqqında boşboğazlıq edib əlindən bir iş gəlməyənlərdən deyildi. Ssenaridən də başı çıxırdı, aktyorları da oynada bilirdi, lazım gələndə operatorlara da əl yetirirdi.  Uzun illər montajçı işləsə də, bir gün rejissor olmaq ümidi ilə kinoya aid olan bütün peşələri rejissora gərəkli olan həddə qədər mənimsəmişdi. Çəkdiyi seriallar da həmişə yaxşı reytinq yığırdı. Samir onunla üçüncü serial idi işləyirdi. Rafiq ilk serialından onun potensialını hiss etmişdi. Elə aktyorlardan idi ki, ona xüsusi olaraq, nəyisə başa salmağa ehtiyac yoxuydu. Rejissorun baxışından nəyi necə etmək lazım olduğunu duyurdu. Aralarında yaxın dostluq olmasa belə dərin işgüzar münasibət vardı. Bu münasibət işlərinə həmişə yaxşı təsir edirdi. Rejissor bir dəfə çəkiliş meydançasında demişdi ki, serialın uğuru yalnız Samirin aktyor oyununa bağlıdı. Bunu deyəndə hətta Solmaz rolunun ifaçısını da unutmuşdu.  Samir isə öz növbəsində mədəni şəkildə rejissora etiraz edib demişdi ki, filmin sahibi rejissordur, o ancaq rejissor deyəni edir.  Əslinə baxsan, ikisi də haqlı idi. Samirin bu gün danışmağa həvəsi yoxuydu, ya da qısa danışmağa həvəsi yoxuydu. Onun qaradinməzliyini görən  Rafiq çayını içib divana uzandı, odeyalı üstünə çəkdi. O, fasilələrdə beş-on dəqiqə mürgüləyərdi.

Samirin üç səhnəsi qalırdı, ilk iki səhnə Solmazlaydı. Bu səhnələr sürətlə çəkildi. Sonuncu səhnə Samirin katibəsi ilə söhbəti idi. Katibə incəsənət universitetinin birinci kurs tələbəsinin oynadığı ilk rolu idi. Qız çox təcrübəsizdi, tez-tez çaşırdı, rejissora baxırdı, özünü universitetdə hiss edirdi. Elə hesab edirdi ki, ona sənəti burda öyrətməlidirlər. Burda isə sürət hər şeydən vacib idi, çünki itirilmiş hər dubl pul demək idi, ölmüş vaxt demək idi.  Qızın naşılığı hamıdan təmkinli olan rejissoru da bəzən təbdən çıxardırdı. Altıncı dublda rejissor özünü saxlaya bilmədi, aktyor oyunu üzrə assistenti çağırıb qıza görə onu nümayişkaranə şəkildə danladı və çəkilişi dayandırdı. Yarım saatlıq fasilə ərzində rejissor otağına çəkildi.  Samir də Səbinədən gələn mesajları oxudu, İnstagrama baxdı, arada da ssenariyə göz gəzdirdi. Fasilədən sonra qızın oyunu  xeyli düzəlmişdi. İlk dublda yaxşı oynadı, ikinci dublu isə tamamilə səhvsiz oynaya bildi. Bugünlük iş qurtarmışdı, özü də qızın naşılığına baxmayaraq, həmişəki vaxtdan bir saat tez qurtarmışdı.

Samir çəkiliş meydançasından çıxıb, çantasından bir paket götürdü. Həmin vaxt maşını işə salan Rafiqin yanına gəldi. Rafiq şüşəni endirib təəccüblə ona baxdı. Samir də əlindəki hədiyyəni ona uzadıb “Ad günün mübarək, müəllim” dedi. Rafiq Samirin bu jestindən təəccüblənmiş, bir qədər də kövrəlmişdi. Qapını açıb maşından düşdü, Samiri öpüb qucaqladı. Sonra onu restorana dəvət elədi, bu gün onun ad günüydü deyə Samir etiraz eləmədi. Samirin maşını ilə mərkəzdəki “Texas” barına gəldilər.

Yarım saat sonra içki onların beynini dumanlandırmış, aralarındakı iyerarxik pərdə götürülmüşdü. Bu yarım saat ərzində Samir xatırlamışdı ki, onlar ilk dəfədir üzbəüz oturub araq içirlər. Bu üç il ərzində Samir rejissorun ad gününü bilməmişdi, bilmədiyinə görə təbrik də etməmişdi, lakin bir dəfə hardansa bu haqda eşidəndə telefonuna qeyd etmiş, səhər işə gələndə də yolüstü rejissora hədiyyə almışdı.

Rafiqi qəfil hədiyyə ilə bərabər həm də bu gün çəkdiyi səhnə – Solmazın Aqşinə yazdığı məktub səhnəsi – vəcdə gətirmişdi. Bayaqdan bu haqda həvəslə danışır, o də qulaq asırdı. Samir ofisiantı çağırıb iki yüz qram araq sifariş verdi. Sonra da üzünü rejissora tutub “Pivəylə sərxoş ola bilmirəm” dedi. Rafiq başıyla onu təsdiqlədi. Dörd qədəh araq gəldi. Samir qədəhin birini  başına çəkdi. Birini də Rafiqin qabağına qoydu. Rejissor arağı pivə parçına boşaldıb içdi. O susurdu. Amma Samir sözlü adama oxşayırdı:

-Müəllim, sizcə, biz bu serialı niyə çəkirik? Çoxmu lazımdır bizə bu serial? Bundan qabaq neçə serial çəkmisən. Bir adam indi qaldırıb onların birinə baxırmı? Bu serial da tezliklə unudulacaq. Bu serial da gedəcək zibil yeşiyinə. Niyə axı? Ölməz sənət yaratmırıq biz. Ölməz abidələr qoymuruq. Bütün həftəni işləyib bir seriya çəkirik. Adamlar da evdə oturub tum çırtlaya-çırtlaya baxırlar. Sonra təzəsini çəkirik. Ona da baxırlar. Amma köhnəsi unudulur. Niyə yüz il sonra da baxılacaq bir film çəkmirik biz?Niyə axı?

Samirin səsi asta idi, hətta pıçıltıyla danışırdı. Səsində azaqcıq da olsa qəzəb yoxuydu. Bir anlıq rejissor onun sakitliklə bu qədər ağır sözləri deyə bilmək qabiliyyətinə heyran oldu. Lakin hansı tonla deyilirsə deyilsin, bu sözlər öz gücünü itirmirdi. Və bu sözləri bir başqasının deyil, məhz baş rol ifaçısının dilindən eşitmək Rafiq üçün xüsusilə gözlənilməz idi. Ona görə də bir qədər susdu, pivədən sonra içdiyi arağın təsirinə məruz qalmış beynini qurcalayıb  nəsə tapıb demək istədi. Tapdı da:

-Bəs sən özün niyə bu zibil serialda oynayırsan?

Samir bu sualı eşidəcəyinə əmin idi: “Mənim oynamağım vəziyyəti dəyişmir. Hamıdan əvvəl elə özümü deyirəm. Nə işim var burda? Bu axmaq aktyorların arasında? Bugünkü o qız nəydi elə? Ondan aktrisa çıxar? Ömrü boyu o qız iki pyes oxuyubsa, mənə lənlət olsun. Niyə gedib bozbaşını bişirmir? Bəs kim gətirir bunları səhnəyə? Kim qapını onların üzünə  açıb? Sənətin üzünə qapı bağlanıb, istedadsızlığa qapılar taybataydı. Sən sabah yaxşı film çək, gör başına nə oyun gələcək?!  Amma sarsaq bir şey çək, heç kim inciməz, hamı tərifini göyə çıxaracaq. Bunun sirri nədədir, müəllim? Niyə həyat baha, ölüm ucuzdur? Niyə sənət ölür, amma axmaqlıq dirilir? Sizi ittiham etmirəm. Mən də bu çarxın içindəyəm. Bu günaha mən də batmışam. Söhbət sizdə, məndə deyil”.

Rafiq özünün günahkar olmadığını eşidəndə bir qədər dirçəlib problemə kulturoloji gözlə baxmaq həvəsi hiss elədi. Stolun üstündəki qədəhi də içib bir siqaret yandırdı. Samirə baxıb ehtirasla danışmağa başladı:

-Samir, mən səndən bir on yaş böyüyəm. Bu sənəti çox sevirdim. Rejissor olmaq istəyirdim. Lap uşaqlıqdan e. Uşaq kosmanavt olmaq istəyər, aktyor olmaq istəyər, polis olmaq istəyər. Amma mən rejissor olmaq istəyirdim. Televiziyada montajçı işlədiyim  günlərdə bircə arzum məni bütün məşəqqətlərə, kasıblığa,  o axmaq filmləri montaj eləməyə vadar edirdi. O arzu idi məni həyatda saxlayan. Nə zamansa mən də film çəkəcəkdim. Öz çəkdiyim filmi montaj edəcəkdim. Rejissor olanda gördüm ki, mənim mübarizəm indi başlayır. Ürəyim istəyəni çəkə bilmirəm. Ümid edirdim ki, nə zamansa çəkəcəm. Montaj stolundan qalxıb rejissor kreslosuna oturduğum kimi indi də bu sən deyən sarsaq serialı tullayıb əla bir film çəkəcəm. Ssenarisini 10 il qabaq yazmışam. Ayda bir dəfə oxuyuram o ssenarini. İnan, o film ruhuma elə hopub ki... Gecələr də yuxuda görürəm o filmi. Az qala, bütün səhnələrini yuxuda görmüşəm. Arzulayıram ki, kaş elə bir cihaz yaranaydı, yuxuları diskə yazaydım. Montaj edib o filmi hamıya göstərərdim. Ay Samir, mən gecə yuxuda öz filmimi çəkirəm, başa düşürsən məni? Bu, dəlilikdir. Bu, axmaqlıqdır. Bunu ilk dəfə sənə deyirəm, heç yoldaşım da bilmir. İçməsəydim, heç indi də deməzdim. Budur, bizim taleyimiz.                                 

Araya çökən əzici sükutda Samir araq qədəhini əlində bərk-bərk sıxdı. Rafiqi  günahkar hesab etmirdi, sadəcə, ürəyindəkiləri demək istəyirdi. Amma Rafiq onu susdurmuşdu, daha söz tapa bilmirdi. Nədənsə Rafiqi bu günədək işgüzar, pul qazanmağı bacaran peşəkar  rejissor bilmişdi. Heç düşünməzdi ki, həmişə gülərüz olan Rafiq yuxusunda film çəkir, tozlanmış ssenarisini sığallayır, ürəyində film boyda dərd gəzdirir. Samir sövq-təbii anlayırdı ki, bu sükut uzun müddət davam edə bilməz. Ona görə də söhbəti dəyişib Azərbaycan-İtaliya oyunundan danışdı. Amma Rafiq onun sözünü kəsdi:

-Samir, bağışla, sözünü kəsirəm. Bax, yaxşı bax. Heç bir şey bizə əvəzsiz verilmir. Bayaq lənət söhbəti oldu e, Solmazın lənəti. Soruşursan ki, biz bu axmaq serialı niyə çəkirik. Bilirsənmi niyə çəkirik? Ona görə çəkirik ki, cibimiz pul görür. Ona görə çəkirik ki, yaxşı evdə yaşayaq, yaxşı maşın sürək, uşaqlarımız yaxşı yerlərdə oxusun, sabah onlar dolanışıq dərdi çəkməsinlər. Biz bunu düşünürük. Sənəti yox. Sənəti düşünsəydik biz sənətkar olardıq. Sənətdə qalardıq. Bu bekara işlərlə məşğul olmazdıq. Amma oluruq. Çünki sən o “Porşe”dən düşüb metroya minən deyilsən, qardaş. Belə etdiyimiz üçün sənət də bizi lənətləyib. Biz  o lənətə görə sənətdən uzaq düşmüşük. Mən oturub Fellini kimi film çəkərəm. Lakin xiyar  Fellini mənim ipoteka kreditimi verməyəcək. Fellini mənim oğlumun təhsil haqqını verməyəcək. Fellini gəlib indi içdiyimiz pivələrin hesabını verməyəcək. Başa düşürsən, məni?! Biz adətən sərxoş olanda düz sözü deyirik. Amma onu ayıq vaxtı düşünürük. Sabah çəkiliş meydanında heç birimiz bu söhbəti yada salmayacağıq. Aydın məsələdir. Lakin istəyirəm ki,  özün yaxşı biləsən nə işlə məşğul olduğunu. Pulun arxasınca gedib böyük sənəti düşünmək olmaz. Bir əlində iki qarpız tutmaq istəyirsən. Sən pulu seçmisən. Sənətin lənəti üstündədir. Məndə də eyni şeydi. Ona görə də rahat ol. Gəl, sənə bir əhvalat danışım. Bununla da söhbəti bağlayaq. Evdə gözləyirlər. Musa peyğəmbər gedir Tur dağına-Allahla danışmağa. Qayıdanda görür ki, bir adam büt düzəldib, sarı buzov şəklində bir büt. Özü də qızıldan düzəldib. Onu lənətləyib qəbilədən qovur. Deyir ki, heç kim ona toxunmasın, heç kim onunla ünsiyyətə girməsin. Buna müxtəlif cür yozum verirlər.  Amma mənim fikrim budur ki, Musanın həmin o adamı qovmağının bircə səbəbi var. O da odu ki, həm Allaha həm də bütə ibadət etmək olmaz. Ya odu, ya da budu. Məsələ belədi. Onun lənətinin səbəbi də budu. O adam da elə-belə adam olmur a. Rahib olur. Yəhudi rahibi. Amma büt düzəldibmiş. Belə...

-Bilirəm, müəllim. Samiridi adı..

Rejissor ayağa dura-dura dedi: “Adını mən də bilirdim. Xətrinə dəyməməkçün demədim”.

Rafiqin ayağa qalxıb tualetə getməsindən istifadə edən Samir hesabı ödədi. Telefonuna baxdı, Səbinə Vatsappı ağır mesaj atəşinə tutmuşdu, saatlarla cavab ala bilmirdi. İndi Samirin o mesajları oxumağa  taqəti yox idi. Rafiqi yola salıb bara qayıtdı. Ayılmaq istəyirdi, ona görə soyuq su sifariş verdi. Ofisianta açarı verib maşından jurnalları gətizdirdi. Jurnalları vərəqləməyə başladı. Səbinə mesajların cavabsız qoyulduğunu görüb ardıcıl zəng etməyə başlamışdı. Zənglər dözülməz olanda Samir telefonu götürdü. Səbinənin əvvəlcə nömrəsini qara siyahısına saldı, sonra Vatsapp, İnstagram, Facebookda blokladı. İndi Səbinə onu heç cürə tapa bilməzdi. Bəlkə çəkiliş meydançasına gələrdi, onda da ona izah edərdi ki, o artıq yorulub, heç bir münasibət saxlamaq istəmir. Samir doğrudan da bu iki gündə Səbinədən çox yorulmuşdu. Evə getməyə həvəsi yox idi, fikirləşdi ki, nə zamandı Həbiblə danışmır, ona zəng vurdu. Həbib də dedi ki, uşağın ad günüdür, çıxa bilmir, əvəzində onu evə dəvət elədi.  Samir təşəkkür edib Həbibi təbrik elədi, sonra da telefonla hədiyyə sifariş verib Həbibgilin evinə göndərdi.

Sabah bazar günüydü, çəkilişi yox idi, ona görə də evə tez getmək ürəyindən deyildi. Özünü evə getməyə həvəsləndirəcək min şey axtarsa da heç nə tapmadı. Əslində çox variantı da yoxuydu, ona görə də  telefonu götürüb tanış qızların birinə zəng vurdu. Sonra iki yüz qram araq sifariş verib hesabı istədi. Ev yaxın idi, maşını burda qoyub piyada getmək olardı.

***

Ayna darçın çubuğu ilə qəhvəsini qarışdırırdı. Əynində həmişə hamamdan çıxanda geyindiyi ağ  xalat vardı. Ona baxıb gülümsəyirdi, amma nədənsə Samirin ürəyində bir nigarançılıq vardı. Samir gördüklərinin yuxu olduğunu bilsə də nigarançılığın səbəbini anlaya bilmirdi.  Qəfil qapı döyüldü, Samir yuxudan ayıldı. Gözünü açıb onu qısılıb yatan qızı dərhal tanıdı. Qız da gözünü açıb sevgi və minnətdarlıq qarışıq bir hisslə Samirə baxdı.

Qapı bir daha təkidlə döyüldü. Samir xahiş etdi ki, qız qapıya baxsın. Qız da əyninə Samirin xələtini geyinib çıxdı. Samir yuxusunu anaraq gözlərini yumdu. Qız qayıdıb dedi ki, bir xanım gəlib, onu görmək istəyir, qonaq otağındadır. Samirin səhər vaxtı heç kimi görməyə həvəsi yox idi, amma məcbur idi, dodağının altında mızıldanıb ayağa qalxdı, qızdan xalatı alıb otaqdan çıxdı.

Gələn Səbinə idi. Üzü bütün gecəni yatmamaqdan, ya da ağlamaqdan, bəlkə də bunların cəmindən şişmişdi. Çox pis görünürdü. Makiyajsız idi, əynində də adi idman paltarı vardı, saçlarını belə daramamışdı. Samir içəri girən kimi o ayağa qalxdı, özünü Samirin qucağına atmaq istədi, lakin nə düşündüsə oturdu, başını dizlərinə qoydu. Saçları yerə dəyirdi.  Samir ona yaxınlaşdı, üzündən öpdü, sonra da qucaqlayıb pırtlaşıq saçlarını sığallamağa başladı. “Niyə belə edirsən, Samir?”. Səbinənin səsi sanki quyu dibindən gəlirdi:

-O gecədən sonra məni bir dəfə də yığmamısan, mesajlarıma cavab verməmisən, telefonumu açmamısan. Bu azmış kimi üstəlik məni hər yerdən blok eləmisən. Nə günahın sabihiyəm mən, Samir? Öz ah-naləmdən bezmişəm. Hər gecə ağlamaqdan döşəyim islanır. Göz yaşlarımdan yatağım yaş olur. Neyləmişəm sənə. Görüşdük, gözəl bir gecə keçirdik. Danışdıq, ürəyimizin kirini-pasını tökdük. Mən demədim ki, mənə “Səni sevirəm” de. Heç mən də o sözü ciddi qəbul eləmədim. Gördüm ki, məndən xoşun gəlir. Mən sevirdim səni Samir. Özü də sənin kimi yox e, çoxdan sevirdim. Səni görəndə dilim-ağzım quruyurdu. Öpdün məni, səni sevirəm dedin, mən o gecə çox xoşbəxt oldum. Amma nə biləydim ki, əzabını sabah çəkəcəyəm. Nə eşitdin məndən? Sənə nə dedilər? Qulağını kim doldurdu? Hansı ləçər, itin qarnından çıxmış məni sənin gözündən saldı, Samir? Məni döy, söy, lap öldür, amma belə qoyub getmə. Mən bu rəzilliyin içində öz insan sifətimi sənə görə saxlamışam, Samir. Sən olmasaydın, mən də onların biri idim, şortu  idim.  Mən bu dünyada ancaq sənə mehrimi salmışdım. İşığımı mən səndən alırdım, Samir. Aylardır ancaq sənin haqqında düşünürdüm. Gəl, gedək bizə, otağımı göstərim sənə. Hər yan sənin şəkillərindir. Sənin disklərindir, seriallarındır, filmlərindir, afişalarındı.  “Od gəlini”ni o gün Mədəniyyətdə verirdilər, “zapis” edib telefonuma atmışam, hər gün qulaq asıram Biləgənli Elxanın monoloquna. Rəfiqələrim də deyir ki, ona qulaq asma, günahdır, deyirəm ki, onu Samir deyirsə, günah ola bilməz. Allah mənə Samiri günah yazmaz. Bəs niyə belə edirsən, əzizim? Bəlkə xoşuna gəlmirəm. Bəlkə sinəm balacadı, ona görə edirsən, bəlkə dodaqlarım xoşuna gəlmir? Nə istəsən sənin üçün edərəm, Samir, sən təki məni belə atıb getmə. Razıyam, səni başqasıyla da evləndirərəm, toyunda da oynayaram, təki məndən üz çevirmə, Samir. Mən səni aylarla sənsiz sevmişəm, sənin xəbərin olmayıb. Sənə minnət qoymuram, əzizim, canım, sadəcə, sən bu qədər yaxına gəlib bir anda uzağa qaçanda mən dəli oluram axı. Deyirəm, kaş uzaqda qalaydı həmişə, heç yaxına gəlməyəydi. Mən uzaqdan sevməyə alışmışdım, Samir. İndi sənin qoxunu aldım, qoxunu  tanıdım mən. O qoxusuz necə yaşayaram? Sənsiz necə qalaram?!                                                    

Samir adətən, səhərlər emosional olurdu. İndi Səbinənin bu duyğu seli ona xüsusilə, pis təsir etdi. Qızın qarşısında diz çöküb başını onun dizlərinin üstünə qoydu. Deməyə söz tapmırdı.  Səbinə çox danışdı, danışdıqca onun hər sözü Samirin ürəyində bir yara açdı. Bu yaraların qanını silə-silə Samir Ayna haqda düşünməyə başladı. Səbinə danışmaqdan yorulub susdu. Samir onu sakitləşdirmək üçün nələrsə dedi, lakin bu sözlər gücsüz idi, ruhsuz idi, ölü idi. Amma Səbinə bu sözlərdən sakitləşdi, çünki o sakit olmaq istəyirdi. Bura təsəlli tapmaq üçün gəlmişdi. 

Bir azdan üçlükdə qızın hazırladığı səhər yeməyini yedilər. Hər üçü çoxdandır olmadıqları qədər xoşbəxt idi. Sonra qız, ardınca isə Səbinə getdi. Samir oturub Musa peyğəmbər haqda olan filmin davamına baxdı. Axşamtərəfi qalxıb ssenarini oxudu.  Sonra Rafiqə  zəng vurub hal-əhval tutdu. Onunçün maraqlıydı ki, dünənki söhbət rejissora necə təsir edib. Rafiq da bundan söz salmadı, ssenari haqda fikrini soruşub sağollaşdı.

İnternetə girib bir xeyli qurdalandı. Yorulub İpadı yatağın üstünə fırlatdı. Soyuducunu açıb rom götürdü, Coca Cola ilə qarışdırıb içinə buz atdı.  Birnəfəsə içdi. İkinci. Üçüncü. Dördüncü. Beyni dumanlanmağa başlayırdı, romu soyuducuya qoydu. İndi yaşamaq ona daha asan idi. Qayıdıb yatağına uzandı.

Telefonuna zəng gəldi, fikir vermədi. Telefon yenidən tərpənməyə başlayanda üzünü çevirib mürgüləməyə çalışdı. Lakin telefon susmurdu. Ayağa qalxıb stolun üstündəki telefona baxdı. Zəng vuranın Səbinə olacağını  fikirləşirdi, amma Həbib idi. Tələsik telefonu açdı:

-Buyur, Həbib. Necəsən?

-Sağ ol, Samir yaxşılıqdı. Neynirsən? Haralardasan?

-Evdəyəm.

-Xəstələnib eləməmisən ki?

-Yoxx...

-Sən evdə oturan deyildin axı...

-Nə bilim. Bekarlıqdı.

-Sən belə elə. Yarım saata gəl məni evdən götür. Gedək oturaq. Səninlə işim var.

-Nə işidir?

-Telefon söhbəti deyil. Amma yaxşı xəbərdi.

-Yaxşı.

-Yarım saata burda ol.

-Olaram, Həbib. İndi hazırlaşıb çıxıram.

Həbib ona hər gün zəng vurmazdı. Vurmuşdusa, demək ciddi səbəbi vardı. Yaxşı xəbər söhbətini də qəribliyə salmaq olmazdı. Görəsən, nə xəbər idi? Samir xoş xəbərin müjdəsi ilə sanki bir az dirçəldi. Hamama girib duş aldı, boğazlı köynəyi ilə cins pencəyini şifonerdən çıxardıb geyindi. Güzgüdə özünə baxa-baxa zövq aldı. Odekalonlanıb otaqdan çıxdı.

Həbibgilin həyətinə çatanda danışıqlarından iyirmi beş dəqiqə keçmişdi. Dostunu narahat etmək istəmədi. Telefonunu götürüb Səbinəyə bir mesaj yazdı: “İndi bir az yaxşısanmı, Səbinə?”  Səbinə cavab əvəzinə öpüş göndərdi. Şüşəni açıb küləkli havanı uddu. Pəncərədən başını çıxardıb ulduzlara baxdı. Sərxoşluğu keçmiş, içinə qəribə bir rahatlıq çökmüşdü. “Bu ulduzlar bəlkə artıq yoxdular, işıqları indi gəlib bizə çatır. Amma bizim ulduzluğumuzun ömrü özümüzdən də azdır” deyə düşündü. Bu fikir ona rahatlıq gətirdi.                      

Hiss edirdi ki, içinə çökən bu rahatlığın əsl səbəbi alacağı xoş xəbər deyil, Həbibin zəngidir. Samirin Həbibin yanında elə bir günahı yoxuydu, lakin o həmişə Həbibdən utanırdı. Ona az qala, öz şeyxi, ustadı kimi baxırdı. Hansısa bir uğuru haqqında bütün qəzetlər, saytlar yazsa belə o bu yazılanlardan Həbibin bir təbriki qədər həzz almırdı. Həbib Samirə baxanda çox kasıb yaşayırdı, gəliri dörd nəfərlik ailəsinə güclə çatırdı. Həbibdə Samirə xoş gələcək bir cəhət vardı, o da Həbibin sənətə olan sevgisi və sədaqəti idi. Samirin ötən günlərdən qoruyub saxlaya bildiyi yeganə şey Həbiblə dostluğu idi. Bu dostluqla fəxr edirdi. Az görüşsələr, görüşəndə də az danışsalar da, Samir Həbibə ürək qızdırırdı. İlk baxışdan adamayovuşmaz Həbib də bütün bunları dərindən hiss edir, öz növbəsində Samirə hörmət bəsləyirdi. Lakin bu hörmət onun Samiri  danlamasına mane olmazdı. Doğrudur, bu, çox nadir hallarda olardı. Həbibin yazdığı irad, dediyi bir söz, ya da bəzən adicə bir sərt mimikası Samirə çox ağır gələrdi. O, həmişə deyərdi ki, Həbib mənim ürəyimin səsidir. Bütün bu mülahizələrə görə Həbib Samir üçün az qala, müqəddəs idi.

Beş dəqiqə sonra Həbib maşının qapısını açıb Samirin yanında oturdu. Kefi kök idi. Həbibin sevdiyi çay evinə getdilər. Maşının açarını valeyə verən Samir Həbibin arxasınca kabinetə keçdi. Çay gələnədək Həbib Samirə oynadığı serial barədə bir-iki sual verdi. Samir də onun işlərinin necə getdiyini soruşdu. Sanki mətləbi çayın gəlişinə saxlamışdılar, çünki çay stəkanlara süzülən kimi ikisi də ciddiləşdi. Samir hiss etdi ki, ürəyinin döyüntüsü bir az da sürətləndi. Həbib çaydan qurtum alıb Samirin gözlərinin içinə baxa-baxa dedi:

-Paolo Kroçe bizim kinostudiya ilə film çəkəcək. Maliyyə bizdəndir. Kann festivalında nümayiş olunacaq. Plan var ki, Oskara da saldıraq. Ssenarini da özü yazıb. Bizimkilərin də bircə şərti olub ki, baş rollardan birini bizim aktyor oynasın. Kroçe da razılaşıb, hətta deyib ki, bir yox, bir neçə azərbaycanlı aktyor oynada bilər. Xahiş edib ki, ona aktyorlarla işləmək üçün Azərbaycandan bir rejissor assistenti də verilsin. Dünən kinostudiyadan zəng vurdular, gedib danışdım. Məni artıq assistent təyin eləyiblər. Düzü, əvvəl razılaşmaq istəmədim. Axı mən teatr rejissoruyam. Sonra fikirləşdim ki, təcrübə üçün yaxşı olar. Sabah İtaliyaya gedirəm. Ssenarini də oxumuşam. Əla bir şeydir. İstəyirəm ki, baş rolda sən oynayasan.

Samirin cismi burda olsa da, xəyalı göylərə uçmuşdu.  Kroçe kimi dahi rejissorun filmində oynamaq, yüz ildir xəyalını qurduğu qırmızı xalıda gəzmək, üstünə tuşlanan minlərlə obyektiv, böyük sənət əsərinin bir parçası olmaq, Kannda mükafatı başının üstünə qaldırmaq – bütün bu xəyallar Samirə başgicəlləndirici təsir edərək, onu bayaq içdiyi dörd stəkan romdan daha artıq sərxoş elədi. Ofisiantı çağırıb xəbərin sağlığına şampan gətizdirdi. Həbib Samirin bu halından çox məsud olmuşdu.

Xəbərin sərxoşluğu üç gün keçmədi. Kiminləsə bölüşə də bilmirdi. Zatən kimə deyəcəkdi ki? Bircə Səbinə vardı, amma qorxurdu ki, Səbinə də Kroçeni tanımayıb ovqatını təlx eyləyə. Həbiblə görüşün sabahı çəkiliş zamanı Samirin yeddi səhnənin yeddisini də bircə dublla yekunlaşdırması Rafiqi təəccübləndirdi. Düşündü ki, Samir seriala tam isinişib, ona görə də bu qədər səhvsiz oynayır.

Çəkilişdən çıxan Samir Səbinəyə zəng vurdu. Görüşüb gecikmiş günorta yeməyini yedilər, Nizami kinoteatrında filmə baxdılar. Bir az gəzdikdən sonra  ABC mağazasından Kroçenin diskini aldılar. Samir Kroçenin  bəzi filmlərinə baxmışdı, lakin indi baxmağın bir başqa mənası, bir başqa məramı vardı. Səbinə katolik kilsəsinin qarşısına yapışdırılmış seminar elanındakı “Yaxşılardan olduğun üçün Allah səni çox sevir” sözlərinin altından əliylə xətt çəkib Samirə gülümsündü.  Əllərindəki çərəz dolu sellofanlarla liftə girəndə Samir Səbinənin qulağından öpdü. Səbinə utancaqlıqla gülümsədi.

O, paltarını dəyişənədək Səbinə də çay dəmlədi. Bir az  ordan-burdan danışdılar. Samir dözməyib sirrini Səbinəyə açdı. Səbinənin bu qədər sevinib boynuna atılmasına da doğrusu bir az təəccüb elədi. Siniyə yığdığı çərəzlərlə çayları götürüb Kroçenin  “Ən uzun gecə” filmini DVD-yə qoydular. Film başlayan kimi qarlı küçədə uzaqdan nöqtə kimi görünən bir adam gəlirdi və bu adamın sifəti aydın seçilənədək düz 6 dəqiqə keçdi. Samir Səbinənin bu yorucu filmə necə maraqlı tamaşa elədiyinə baxıb heyrətlənərək düşündü ki, onun dayaz olduğunu düşünməklə səhv edib. Amma Samir yenə də yanılırdı, çünki Səbinənin filmə belə diqqətlə baxmasında Samirə olan sevgisi daha çox rol oynayırdı, nəinki onun kinomanlığı. Səbinə bu filmə yalnız Samirin xətrinə baxırdı. Samirlə bağlı olan hər şey kimi bu darıxdırıcı film də Səbinəyə xoş gəlirdi. Çünki sevgilinin sevdiyi hər şeyi sevməkdi sevgi...

***

Həbibin İtaliyada olduğu günləri Samir Səbinə ilə keçirdi. Çəkilişdən sonra Səbinəyə zəng vurur, şəhərdə gəzir, saatlarla restoranlarda oturur, bəzən də birbaşa evə gedib bir yerdə yemək hazırlayır, filmə baxırdılar. Samirə Səbinə ilə vaxt keçirmək çox xoş idi.  Münasibətlərinə bir ad qoymamışdılar, “Səni sevirəm” sözünü sözsüz razılıqla qadağan eləmişdilər. Sadəcə, dostluq edirdilər, bəzən, əsasən də, şərabdan kefləndikdə öpüşürdülər. Onların fiziki təması bununla məhdudlaşırdı. Hər ikisi də bu gedişatdan çox məmnun idi. Səbinə ürəyinin dərinliyində, söz yox ki, daha qəti və gələcək vəd edən bir sevgi etirafı gözləyirdi. Lakin bunun tezliklə olmayacağını bilirdi. Hələliksə bu  münasibət onu tamamilə qane edirdi.

Həmin gecə – Həbib İtaliyadan zəng vuranda Səbinə başını Samirin dizlərinə qoymuş halda Kroçenin növbəti filminə baxırdı. Samir telefonu dərhal açdı:

-Salam, Samir.

-Salam, Həbib. Necə gedir işlər?

-Sağ ol, yaxşılıqdı. Aeroportdayam. Qayıdıram Bakıya.

-Hə, lap yaxşı. Salamat gəl.

-Bir şey deyəcəkdim.

-De, nəsə olub?

-Olmayıb olmağına. Sənin rola namizədliyini verdim. Amma rejissor dedi ki, mən sizin aktyorları yaxşı tanımıram, gərək kastinq keçirdim.

-Kastinq? Mən uşaq-zadam ki, kastinqdən keçim?

-Yox, Samir. Elə demə. Bunlarda qayda belədir. Amerikada heç Bred Pitti də kastinqsiz oynatmazlar.

-Bilirəm e. Amma bura Amerika deyil axı.

-Amerika deyil, amma Kroçe belə istəyir. Mən nə edə bilərəm? Demək artıqdır ki, əlimdən gələn hər şeyi edəcəm.

-Bilirəm, əzizim. Bilirəm. Bəs başqa kimlər olacaq kastinqdə?

-Mətbuatda elan verəcəyik. Kim istəsə gələcək. Seçəcəyik birini.

-Mətbuatda elan? Ömrü boyu kamera görməyən adamlarla bir yerdə kastinqdə olacam?

-Samir...

-Nədi, Həbib?

-Hər şey danışdığımız kimi olacaq. Heç kim sənin aktyorluq qabiliyyətini sınamır. Sənin rola uyğun olub-olmadığını sınayırlar.

-Axı belə danışmamışdıq. Mən bu gün səhnəyə gələn burnu fırtıqlı uşaq deyiləm axı.

-Rejissor mən deyiləm. İnanıram ki, sən seçiləcəksən. Niyə belə reaksiya verirsən, başa düşmürəm.

-Bilmirəm. Xoşuma gəlmədi, düzü.

-Bilirəm xoşuna gəlmədiyini. Amma sən yarışmaqdan çəkinmə.

-Yarış da deyirsən e. Çayxanadan durub kastinqə gələn avaralarla yarışacam mən? Mən Samir...

-Bəsdir, Samir, ya da Samiri... Rominqdəyəm. Emailinə ssenarini atıram. Onu diqqətlə oxu, sabah axşamtərəfi görüşək, səni hazırlayım.

-Oldu, Həbib. Çox sağ ol hər şeyə görə.

-Gecən xeyrə, hələlik.

-Xeyrə qarşı.

Samir telefonu söndürüb kənara tulladı. Kefinin pozulduğunu görən Səbinə onu qucaqlayıb bir neçə dəqiqəlik susdu. Sonra dedi ki, Həbib işin içindədirsə, narahat olmağına dəyməz. Samir də sanki bu sözü gözləyirdi, dərhal sakitləşdi. Notbuku götürüb ssenarini yüklədi. Səkkiz səhifəlik ssenaridə heç dialoq yox idi, görünür, ssenarinin qısa variant idi. Oxuyub məzmununu Səbinəyə də danışdı. Filmə baxıb yatdılar.

Sabahısı gün çəkiliş zamanı yaranan fasilələrdə də Samir ssenarini təkrar-təkrar oxudu. Axşamadək az qala əzbərləmişdi.  Səbinəylə bir yerdə Həbiblə görüşdülər. Həbib səfərdən çox məmnun görünürdü, rejissorun peşəkarlığını, kinematoqrafik duyumunu çox tərifləyirdi. Tərif filmdə  oynayacaq italyan aktyorlara keçəndə Samirin kefi pozuldu. Bunu əvvəlcə biruzə vermək istəmirdi,  Həbib də heç hiss etmirdi. Amma  aktyorların söhbəti uzananda Samir daha dözə bilmədi:

-Onların aldığı pulu mən də alsam elə oynayaram da.

Həbib razılaşmadı:

-Məsələ pulda deyil. Adamlar özlərini inkişaf etdiriblər. Ədəbiyyatdan danışırsan-danışırlar, kinodan danışırsan-danışırlar, futbol deyirsən onu da bilirlər. Ssenarini əzbərləmirlər e, öyrənirlər. Pul-zad söhbəti də yoxdur. İnanırsan, çoxu pulsuz oynayır filmlərdə. Seriallardan pul qazana bilirlər, doğrudur, amma hamısı deyir ki, serialı çörək puluna oynayırıq, əsas filmlərdi. Bizdə elədir məgər? İstənilən aktyorun arzusu məşhur olmaqdı. Peşəkar olmaq ağıllarına da gəlmir. Bizdəkilər kimi gedib axmaq şoulara-zada qoşulmurlar. Sənət nədir, bilirlər. Pul nədi, onu da bilirlər. Seçimlərini edirlər. Daha bizimkilər kimi pulum da gəlsin, sənətim də olsun demirlər. Bilirlər ki, ikisi çox nadir hallarda bir yerdə olur. Deyirlər ki, peşəkar aktyor olaq, pul onsuz da gələcək.

Samir bu söhbətdən inciyən kimi oldu. Amma Həbibə etiraz edəcək sözü tapıb deyə bilmədi.  Əmin idi ki, bu sözlərin nişangahı bir az da özüdür. Buna görə də çox uzatmağa lüzum görməyib ssenari haqqında soruşdu. Həbib də ssenarini çantasından çıxardıb səbrlə, eynilə köhnə vaxtlardakı kimi sözbəsöz izah eləməyə başladı. Samir ona qulaq asa-asa heyrətlənirdi ki, dəfələrlə oxusa da, Həbibin indi danışdığı şeylər ona çatmayıb. Bir tərəfdən də düşünürdü ki, kastinqə qatılanların heç biri ssenarini onun qədər dərinliyinədək bilməyəcək. Bir saat ərzində Samir ssenarini tam mənimsədi. Artıq filmi görməyə başlayırdı. Kastinq gələn həftə olmalı idi. Qərara aldılar ki, kastinqə qədər də bir-iki dəfə görüşüb söhbət eləsinlər.

Sabahısı gün mediada gedən elan kastinqi sənət dünyasının bir nömrəli mövzusuna çevirdi. Samirin oynadığı serialın da üç aktyoru kastinqə qoşulacaqdı. Rafiq Samirə kastinqə getməyi məsləhət gördü. Samir kastinqə qatılacağını etiraf etməyə utanırdı. Baş rol sevdasına düşənlər tək aktyorlar deyildi. Samirin tez-tez getdiyi restoranın ofisiantı da kastinqə qoşulacağını deyəndə Samir, az qalmışdı, sevdasından əl çəksin. İki məsələyə görə bunu eləmədi. Əvvəla o, bu rolu çox istəyirdi, buna gələcək beynəlxalq şöhrətinin tramplini kimi baxırdı. Digər tərəfdən, ofisiantla eyni səhnədə yarışmağı da qüruruna yedizdirə bilmirdi. Həbib orda olmasaydı, yəqin ki, kastinqə qatılmazdı.  Günlər keçdikcə Samirin əsəbləri tarıma çəkilirdi, bir tərəfdən də Səbinə “Hər şey yaxşı olacaq” deyib onun zəhləsini tökürdü. Diqqətini seriala da verə bilmir, ssenarini yüz dəfə oxusa da, başına girmirdi. Çəkiliş meydançasında əvvəlki əzmlə oynamaq çətin gəlirdi. Bütün diqqətini cəmləşdirib var qüvvəsi ilə oynayırdı ki, əsəbi vəziyyəti hiss edilməsin. Lakin cəhdlərinin əhəmiyyətsiz olduğundan xəbərsiz idi. Rafiq  Samirdəki dəyişikliyin səbəbini tapa bilmirdi. 

                                                                            ***

Çəkilişə bir saat gecikmişdi. Rafiq narahat olub assistentə Samirlə əlaqə saxlamağı tapşırdı. Telefonu bağlıymış. Rafiq pis vəziyyətə düşmüşdü, qərara gəldi ki, Samirin olmadığı səhnələri çəksin. Cəmi üç səhnə idi. Üç səhnənin çəkildiyi iki saat yarım ərzində də Samir gəlib çıxmadı. Fasilə eləməkdən başqa əlac qalmamışdı. Bir azdan əsəbi produser də gəlib rejissorun əsəblərini lap tarıma çəkdi. Hamı çətin vəziyyətdə idi. Bu gün serialın sezon finalı çəkilməliydi. Kirayə götürdükləri texnikanı axşam qaytarmaq lazım idi. Efirə də cəmi üç gün qalırdı, montaj və səsləndirməni də nəzərə alanda üç gün lap az idi.  Aktyorların biri Həbibi Rafiqin yadına aldı. Assistent Həbibdən də bir xəbər öyrənə bilmədi. Səbinə də telefonu açmadı, mesajları cavabsız qoydu.

Vəziyyət qeyri-müəyyənlikdən çıxılmazlığa doğru gedirdi. Texnikanı hazır vəziyyətdə saxlayıb Samirin evinə adam göndərdilər, qapını açan olmadı. Produser tamam hövsələdən çıxmışdı. Rafiq bu neçə il ərzində Samirdə belə məsuliyyətsizlik görməmişdi.

Rafiq ssenarini götürüb otağına keçdi. Tünd çay içə-içə ssenarini Samirsiz vəziyyətə salmaq istəsə də, heç nə alındıra bilmədi. Ssenaristə zəng vurub durumu başa saldı. Amma hər ikisi çox gözəl anlayırdı ki, heç Kroçe də baş rol aktyoru olmadan serialın son seriyasını yaza bilməz. Rafiq bir saat sonra tamam ümidsiz halda otağından çıxıb elan etdi ki, çəkiliş sabah səhər saat 9-a qədər təxirə salınır. Assistentə də Samiri tapmaq üçün hər şeyi etməyi tapşırdı. Hərçənd, bunu deməyə ehtiyac yox idi. Çünki assistent artıq iyirmiyə qədər adama zəng vurmuş və heç bir cavab ala bilməmişdi.

Axşamadək rejissor evdə vurnuxur, tez-tez assistentə zəng vururdu. Hətta polisə xəbər etməyi də düşündü. Fikirləşirdi ki, Samirin başında bir qeylü-qal olmasa bu qədər yoxa çıxa bilməzdi. Evdə özünə yer tapmayıb şəhərə çıxdı. Bulvarda bir xeyli gəzdikdən sonra taksiylə Samirin yaşadığı binaya getdi. Evin işığı yanmırdı. Rejissor gəldiyi taksiylə qayıtdı, yolda sürücüdən xahiş elədi ki, onu bir restorana aparsın. Yemək yadına da düşməmişdi, səhər yediyinin üstündəydi.                              

Restorana girib ətrafa elə diqqətlə boylandı ki, elə bil Samiri görəcəkdi. Pəncərənin yanında oturub steyk və qırmızı şərab sifariş verdi. Menyunu gətirən ofisiant ona çox tanış gəldi. Onun sifətində təcrübəli ofisiantlara məxsus növbətçi nəzakətdən çox məhrəm bir mimika vardı. Ofisiant ona adıyla, özü də “müəllim” deyə müraciət edəndə rejissor onu xatırladı. Hardasa on il əvvəl institutda bu oğlana  dərs demişdi. Yemək gözlədiyindən də dadlı idi, yeyib bitirənədək bir qədəh də şərab istədi.  İndi söhbət eləməyə adam axtarırdı, lakin işi çox olduğundan ofisiant ona baş çəkə bilmirdi.  Bir az sonra ofisiant ona üçüncü qədəhi gətirəndə soruşdu:

-Rafiq müəllim, məni tanıdız?

-Tələbəm olmusan, yadımdadır.

-Bəli...

-Amma adını unutmuşam.

-Olan şeydi...

-Həvəsin varsa, gəl oturaq.

-On beş dəqiqə sonra növbəm qurtarır. İcazə versəniz, gələrəm.

-Məmnuniyyətlə. Gözləyirəm.

Bu anda assistentdən zəng gəldi. Rafiq ofisianta əli ilə söhbətin başa çatdığını işarə edib telefonu açdı:

-Salam, müəllim.

-Salam. Nə oldu? Samiri tapdın?

-Tapmamışam hələ. Amma dünən onu görüblər.

-Harda?

-Bu kastinq elan olunmuşdu e.

-Hə, bildim.

-Ordaymış.

-Nə? Samir kastinqə gedibmiş?

-Həbib də ordaymış. Bəlkə Həbibi görməyə gedibmiş.

-Ola bilər.

-Ondan sonra görən olmayıb.

-Sənə bunu kim dedi?

-Elşad.

-Elşad kimdir?

-Dünən gəlmişdi e. Epizodik rola çəkdik. Lənkəran teatrından.

-Hə, yadıma düşdü. Başqa nə öyrəndin?

-Həbibə bir də zəng vurdum. Heç nə demədi. Amma bir az sözlü adama oxşayırdı.

-Onu indi özüm yığaram.

-Yaxşı. Xəbər bilən kimi zəng vuracam.

-Oldu. Hələlik.

Rejissor telefonu stolun üstünə tullayıb İncəsənət İnstitutunda dərs dediyi günləri xatırladı. O vaxt televiziyada işləyirdi, baş redaktordan yalvar-yaxarla  icazə alıb, həftədə bir dəfə dərsə gedirdi. Onun icazəsində “Sən kimsən ki, dərs də deyəsən” rişxəndini duymaq üçün xüsusilə həssas olmağa ehtiyac yoxuydu. Rafiq  sənət yolunda bu cür rişxəndləri çox görmüş, çox dözmüşdü. Keçən ay həmin baş redaktor ona zəng vurmuşdu. “Rafiq müəllim” (məhz belə də demişdi), “xahiş edirəm serialınızda bacım oğluna bir rol verin” deyə xahiş eləmişdi. İllər keçdikcə bütün o rişxəndlər xahiş formasında qabağına çıxırdı və Rafiq bu xahişləri yerinə yetirməkdən xüsusi ləzzət alırdı.

Ofisiant önlüyünü çıxardıb pencək geyinmişdi. Oturmağa icazə istədi. Onun səsi Rafiqi xəyallardan ayırdı.  O danışdıqca Rafiq onun adını da xatırladı, ötənləri də. Rafiq illərlə bu tələbənin yaddaşından necə silindiyinə cavab tapa bilmirdi.  Ofisiant isə illərlə görmədiyi müəllimini görməyin sevinci ilə danışırdı:

 

-Bilirsiz, sizin dərsləriniz heç vaxt yadımdan çıxmırdı. Əsgərlikdə olanda da daim sizin haqqınızda düşünürdüm. Bizə baxdırdığınız filmlər haqda düşünürdüm. Yadımdadır, ilk dərsdə  bir söz demişdiz.  O söz heç vaxt yadımdan çıxmır. Sonra bu sözdən də güclü sözlər eşitdim. Lakin o söz ruhuma elə hopmuşdu, məndə elə təsir oyatmışdı ki...

-Nə demişdim?

-Demişdiz ki, insan hər hansı bir işə başlayanda qarşısında iki yol olur, bu iş ya alınacaq, ya da alınmayacaq. Amma hansına inanırsınızsa o olacaq. Fikirləşirdim ki, bu necə ola bilər. Bir-birinə zidd olan iki şey eyni anda ola bilər? Sonra anladım ki, mümkündür. İnstitutu bitirdim, Gənc Tamaşaçılarda işə götürdülər. Lakin maaş o qədər az idi ki, məcbur olub rayon teatrına getdim. Orda heç olmasa kirayə dərdi yox idi. Özümü ancaq işə vermişdim. Başqa heç nə barədə düşünmürdüm. Ev, ailə, uşaq... Heç nə haqda.. Axırda gördüm ki, orda da alınmır. Sənət yoxdu. Başqa nə desən var. Aktyorların çoxu başqa işdə işləyirdi, teatrda adları gedirdi. Məni teatrdan Şaxta baba göndərirdilər. Başıma bir iş gəldi. Ondan sonra qayıtdım Bakıya. Düşündüm ki, teatrda işləməsəm də, heç olmasa mühitə  yaxın olaram. Gedib tamaşalara baxaram, adamları görərəm.

-Nə iş gəldi ki, başına?

-Heç. Bıçaqlamışdılar məni.

-Necə yəni?

-Təsadüfən olmuşdu.

-Təsadüfən adam bıçaqlayarlar?

-Bir gün bir qadın gəldi, yanında iki qız. Şəkil çəkdirəndə bir əlimi qadının çiyninə qoymuşdum. Onun da əri Rusiyadan gəlib məni bıçaqladı.

-Vay, vay...

-Hə...  Sonra qayıtdım şəhərə. Arzularıma burda çatdım.

-Hansı arzudan danışırsan? Ofisiant işləyirsən də. İki-üç aya təzə seriala başlayıram. Gəl sənə bir rol verim, oyna.

-Məmnuniyyətlə, müəllim. Məmnuniyyətlə.  Çox sağ olun dəvət üçün. Gələrəm. Çəkilərəm. Amma mən arzuma elə bu gün çatmışam.

-Bu gün?

-Aha, bu gün.

-Nə olub axı bu gün?

-Deməli, bu gün kastinq oldu. Məni seçdilər.

-Nə kastinqi?

-Kroçenin filminə. Getdim, oynadım. Mənə görən kimi dedi ki, kastinq başa çatır, səni çəkəcəm.

-Doğrudan?! Təbrik edirəm!

-Çox sağ olun.

-Bu, elə-belə olmaz. Qeyd eləməliyik.

-Əziyyət çəkməyin.

Rafiq şampan sifariş verdi. Ofisiant bu jestdən bir az utanırmış kimi görünürdü. Və birdən rejissorun yadına Samir düşdü.

-Sən bizim Samiri tanıyırsan?

-Samir Səhəri?

-Hə, onu.

-Əlbəttə, tanıyıram. Bura da tez-tez gəlir.

-Onu görmədin kastinqdə?

-Gördüm, amma...

-Nə amma?

-O məndən qabaq girdi. Onu seçmədilər.

-Necə?!

-Hə, mən girəndə o çıxdı. Çox əsəbi idi. Üzümə baxdı, heç salam da vermədi.

-Dünən olub da kastinq?

-Hə, dünən günorta.

-Demək, seçmədilər.

-Seçmədilər.

-Aydındır.

Rejissor icazə istəyib stoldan qalxdı. Küçəyə çıxıb Həbibə zəng vurdu, ona vəziyyəti izah elədi, Dedi ki, sabah çəkiliş olmasa çox pis vəziyyətə düşəcək. İyirmi dəqiqə sonra Samirin evinin qarşısında görüşmək üçün vədələşdilər. Rejissor kafeyə qayıdıb vizit kartını aktyor-ofisianta verib tələsik hesabı ödədi. Ofisiant rejissorun qəfil gedişindən heç nə anlamasa da, onu taksiyə qədər yola saldı.

Rejissor Həbiblə görüşən kimi yanlarında bir maşın saxladı.  Səbinə idi. Ağlamaqdan gözlərinin şişməyi qaranlıqda da görünürdü. Onu Həbib çağırmışdı. Səbinə dəsmalla gözünü silib əliylə Samirin maşınını göstərdi:  “Yəqin evdədir”. Rafiq bayaq maşına fikir vermədiyinə görə özünü danladı. Səbinədə evin açarı vardı. Pilləkənləri sürətlə qalxdılar, rejissorun ağlına ən pis ehtimallar da gəlirdi. Samiri yaxşı tanıyan Həbib və Səbinə də, görünür, bu ehtimalı düşündüklərinə görə çox gərgin idilər.

Qapını döydülər, cavab gəlmədi. Həbib qulağını qapıya söykədi, içəridən nə bir səs, nə də hənirti gəlirdi. Açarı Səbinədən alıb qapıya saldı. Üzünü Rafiqə tutub “Siz Səbinə ilə burda qalın, mən içəri girirəm” dedi. Qapının açılması ilə Həbibin içəri girib qayıtması arasında keçən bir dəqiqə Səbinəyə ömrünün ən uzun dəqiqəsi kimi göründü. Rafiq Səbinəni zorla saxlamışdı, qız onun qollarından xilas olub özünü evə atmaq istəyirdi.  Həbib “Gəlin içəri” deyəndə sanki hər ikisinin üstündən ölüm hökmü götürüldü. Samiri dəhlizdə oturan gördülər. Qarşısında yarımçıq viski vardı, böyründə də iki boş şüşə.  Boş şüşələrin yanında ülgüc, bir neçə qutu dərman qoyulmuşdu. Samir özündə deyildi, onların gəlməsini belə hiss eləməmişdi. Həbib özünü çox sakit və təmkinli aparırdı.  Səbinəni çay dəmləməyə göndərib tapşırdı ki, tünd eləsin. Rafiq də vannanı isti su ilə doldurmağa getdi. Samiri divana uzadıb soyundurdular. Vanna hazır olanda hamama aparıb suya saldılar. Samir tamamilə reaksiyasız idi. Nəbzi qaydasında vururdu. Təcili yardım gələnədək Samir vannada qaldı. Həkim bir iynə vurub, resept yazıb getdi.

Səbinə Samirin burnundan öpüb sevgiylə ona baxır, pıçıltıyla dua oxuyurdu. Rejissorla Həbib isə mətbəxdə siqareti siqareti calaya-calaya gözləyirdilər. Həbib Rafiqdən serialı necə edəcəyini soruşmasaydı, rejissorun yadına nə ssenari düşəcəkdi, nə də sabahkı çəkiliş. Ona görə də Həbibə qeyri-müəyyən bir cavab verdi.  Həbib Samirin notbukunu götürdü, rejissora bir-iki şey sual verib sürətlə yazmağa başladı. Bir saatdan sonra ssenari hazır idi. Rafiq  ssenarini oxuyub çox sevindi, çünki bu variant onun öz ssenarisindən yaxşı alınmışdı.  Aqşin gizlincə intihar edir və seriya da intiharın doğurduğu heyrət, təəssüf və qəzəb üstündə qurulurdu. Rafiq  Həbibə minnətdarlığını ifadə etmək üçün söz də tapıb deyə bilmədi. Həbib onun rabitəsiz təşəkkürünə fikir verməyib xahiş etdi ki, heç bir halda titrdə imzası getməsin. Rafiq söz verdi. Sonra Həbib təkid etdi ki, sabahkı çəkilişə görə evə gedib dincəlsin. Rafiq qapını örtüb çıxanda saat dördə işləyirdi.

Samir yuxudan növbəti gün şər qarışanda oyanıb Səbinəni gördü. Heç nə ifadə etməyən nəzərlərlə ətrafa nəzər salıb yenidən yuxuya getdi. Onun oyanmağına sevinən Səbinə dərhal rejissora və Həbibə mesaj yazdı. Mətbəxə keçib həkimin tapşırığı ilə bişirdiyi şorbanı isitdi. Həbiblə Rafiq gələndə Samir ayılsa da, halsız görünürdü. Şorba içdikdən sonra Samir yenidən yuxuya getdi.

İki gün sonra Samir xeyli dirçəlmiş, səhər yeməyindən sonra Səbinənin qolundan tutub yaxındakı parkda gəzməyə başlamışdı. İştahı da düzəlmişdi. Əsas çətinlik içki sarıdan idi, içki şüşəsini görəndə öyüyürdü. Həkim deyirdi ki, bu sənin orqanizminin özünüqoruma instinktidir. Serialın son seriyasına evdə Səbinəylə baxdı. Özünün iştirak etməməsinə bir az təəssüflənsə də, serialın uğurlu sonluğuna sevindi. Seriala baxdıqdan sonra Səbinəyə dedi ki, daha tək yaşamaq istəyir. Səbinə səhəri gün evinə qayıtdı. Samir onun getməyindən sonra özünü xeyli rahat hiss edirdi. Onun nəzərində Səbinənin dəftəri çoxdan bağlanmışdı. Səbinə isə çılğın bir istəklə hər şeyin əvvəlki kimi olacağına inanırdı.

Serial başa çatdığından, Samir tamamilə bekar qalmışdı. Harasa gedib istirahət etmək olardı. Bunu Həbib də ona deyirdi, amma Samir heç yerə getmək istəmirdi. Səhərlər gec oyanır, tavana baxaraq yuxusunu xatırlamağa çalışır, Aynanı görəndə özünü çox xoşbəxt hiss edirdi. Bəzən axşamadək yalnız qəhvə içir, yemək yemirdi. Aclıq güc gələndə evə yemək sifariş verirdi, şəhərə isə gecələr çıxırdı.

Televizora baxmırdı, sadəcə, kanalları dəyişirdi. Facebookda, İnstagramda da yazılanları oxumurdu, eləcə, səhifəni aşağı çəkirdi. Heç nəyə həvəsi qalmamışdı. Rafiq ailəsi ilə Antalyaya getmiş, Həbibin başı filmə qarışmışdı. Səbinəyə isə üz vermirdi. Zənglərini açmır, mesajlarına da bir neçə saat sonra soyuq cavablar yazırdı. Hətta bir dəfə Səbinə evə gələndə ona qapını açmayıb  dedi ki, qonağı var.

Bir müddət sonra yenidən içməyə başladı, artıq içki ürəyini bulandırmırdı. Çox içmirdi. Gecələr bir-iki qədəh rom, ya da araq. Hiss edəndə ki, içkili axşamlarda yuxuda Aynanı görür, daha çox içməyə başladı. Amma heç vaxt sərxoş olanadək içməzdi.  Bircə həmin gündən başqa...

Həmin gün hava çox sərin idi. Yay olsa da, külək payızdakı kimi əsirdi. Samir eyvanda qəhvə içib küçəyə çıxdı. Gəzə-gəzə evdən xeyli aralandı. Fikirləşmişdi ki, piyada qayıtmağa həvəsi olmasa taksiylə qayıdar. Şəhərin bu tərəflərinə, daha doğrusu, bu yeni salınmış parka  Samirin yolu düşməmişdi. Yorulmuşdu, bir az dincini almaq istədi. Kafenin qabağına çıxan ilk  stuluna çöküb albalı mürəbbəsiylə çay sifariş verdi. Qarşıdakı attraksionlardan uşaq səsləri gəlirdi. Samir ora baxan kimi ana ilə qızını gördü. Onlara yaxınlaşmaqda bir xeyli tərəddüd eləsə də, sonda ayağa qalxdı.  Bu an qız da onu görüb əl elədi. Samir yaxınlaşıb uşağın üzündən öpdü, uşaq ona öpüşlə qarşılıq verdi. Bu, onu kövrəltsə də, özünü ələ alıb  qadının yanaqlarından öpdü və  kafeyə dəvət etdi. Qadın məhkəməni udub uşağı almışdı. İndi gözəllik salonunda işləyirdi. Samir qızı  ötürüb evə qayıdanda yolunu bardan saldı. Sabahısı gün dəhlizdə oturub hönkür-hönkür ağlamağından başqa gecədən heç nə yadında qalmamışdı.

Növbəti günlərdə iki serialdan gələn rol təklifindən başqa diqqətəlayiq hadisə olmadı.  Samir yorulduğunu bəhanə eləyib hər iki təklifi nəzakətlə rədd elədi. Yorulmağına, doğrudan da, yorulmuşdu, bunu hər gün bir qədər də dərindən  hiss edirdi. Amma əsas səbəb bu deyildi. İçində bir hiss vardı ki, kastinqdəki uğursuzluğunun səbəbi serial olub. Hər həftə məşqsiz saat yarım oynamaq istedadına və qabiliyyətinə çox pis təsir göstərib. İki ildir eyni rolu oynadığına görə başqa bir rola girmək ona çox çətin olub. Bu ikiləşmə, özgələşmə onun sanki ruhuna hakim kəsilmişdi.  Aqşin adı eşidən kimi dönüb baxırdı. Bir dəfə viza üçün sənəd dolduranda ad qrafasına çaşıb Aqşin yazmışdı. Film dəvəti olsaydı yaxşı olardı, amma yoxuydu. Teatrda nəsə oynamaq istəyərdi. Kiçik, ya böyük rol – fərq etməzdi. O, indi teatra rol oynamaq üçün yox, teatrın havasını udmaq üçün gedərdi. İliklərinə qədər əmin idi ki, bu hava onu özünə qaytaracaq. Yay olduğuna görə teatr mövsümü də bağlanmışdı. Payızı gözləməkdən başqa bir əlacı yox idi.

***

Xilasın nə olacağını aydın şəkildə təsəvvür etməsə də, xilas yolu axtarırdı. Anlayırdı ki, həyatındakı işsizlik və daxilindəki boşluq uzun müddət davam edə bilməz. Artıq serial çəkilişləri başladığından, ən azı, yanvaradək bekar olacaqdı.  Axşamlar teatr jurnallarını oxuyur, filmlərə baxırdı. Şəfəq söküləndə yatır, günorta yuxudan qalxırdı. Səbinəylə az-az görüşür, görüşəndə də danışmağa söz tapmırdı.

Həbib  zəng vurub ona Biləgənli Elxan rolunu təklif elədiyi axşama qədər bütün axşamlar bir-birinin təkrarıydı.  Samir illərdir bu təklifə sevindiyi qədər heç nəyə sevinməmişdi. Tez  pyesi tapıb dəfələrlə oxudu. Bircə sözünü belə unutmadığı monoloqu güzgünün qabağında bir neçə dəfə məşq elədi. Teatra yeni təyin edilən direktor bütün təzə direktorlar kimi repertuardakı pyeslərin çoxunu ixtisara salmış,  səhnə boş qalmasın deyə üç həftə ərzində Həbibə  “Od gəlini” tamaşasını səhnəyə qoymağı tapşırmışdı. Məşqlər günü sabahdan başlayırdı. Həbib gününü pyesin əvvəlki aktyor heyətini yığmaqla keçirtmişdi. Aktyorların bir hissəsi seriallarda oynayırdı. Səhnəni atanlar da vardı. Ancaq bir həftəyə heyət  yığıldı. Samir bütün həftəni teatrda Həbibin otağında keçirdi. Aktyorları toplamaqdan tutmuş dekorasiyaya qədər Həbibə kömək elədi. Bir tərəfdən də rolunu məşq edirdi.

Məşqlərdə Samir canı-dildən çalışırdı. Bütün varlığı ilə hiss edirdi ki, Biləgənli Elxan onun səhnəyə qayıtmaq  şansıdır. Özü də öz gözündə ancaq parlaq oyunu ilə ucala bilərdi. Problemlər üst-üstə yığılırdı. Əvvəlki heyət bu pyesi on dəfələrlə oynadığı üçün onlarla bir-iki həftəlik məşqlə tamaşanı təqdim etmək olardı. Yeni aktyorların heyətə uyuşması uzun çəkirdi. Yenilərin sayı çox olduğundan köhnə heyət onlara uyğunlaşmağa məcbur olurdu. Həbib aktyorları çox yükləyirdi, bəzən məşqlər gecəyə qədər davam edirdi. Amma yenə razı qalmırdı, əsəbləşirdi, narahat olurdu. Aktyorları acılamasa da, məşqlərdən sonra Samirə ürəyini boşaldırdı. Deyirdi ki, üç həftəyə tamaşa təhvil vermək zülm işdir, gərək razılaşmayaydı. Güc-bəlayla bir həftə də vaxt aldılar. Direktor qapalı baxışda tamaşadan tam razı qaldı. Həbib nisbətən rahatlaşsa da, məşqləri davam etdirirdi. Hətta tamaşa gününə də məşq saldırdı.

Premyera günü Samirlə Həbib həyəcandan özlərinə yer tapa bilmirdilər. Samirin həyəcanı isə hamını üstələyirdi. Həbib Samiri ürəkləndirmək üçün onu xeyli təriflədi. İstəyirdi ki, Samir səhnəyə inamla və sakit çıxsın. Tamaşaya bir saat qalmış adama yüz qram araq içdilər.

Premyeraya giriş dəvətnamə ilə idi. Buna görə də zal dövlət məmurları, titullu aktyor və rejissorlar, jurnalistlərlə dolmuşdu. Səbinənin gəldiyini Həbib Samirin qulağına pıçıldadı. Tamaşa on dəqiqə gec başladı. Samir ilk dəqiqələrdə özünü çox rahat hiss edirdi. Lakin hadisələr finala doğru getdikcə Samir anbaan gərginləşirdi. Monoloqu deyəndə isə ümumiyyətlə özünü itirmişdi.

Pərdə salındıqda Samir özünü çox pis hiss edirdi. Əvvəl diz çökdü, sonra üzüüstə yerə uzandı.  Həbib əlini onun çiyninə vurdu, Samir  bunu hiss eləmədi. Aktyorların bəzisi Samirə yaxınlaşmaq istəsə də, Həbibin əl işarəsi ilə geri çəkildilər. Bir azdan teatr binası da boşaldı. Həbib siqaret yandırdı, külqabı tapmayıb külünü yerə tökdü. Bir-iki dəfə Samiri hayladı. Samir onu eşitmirdi.  Həbib gəlib onun yanında yerə uzandı. Teatrın işıqlarına baxdı uzun-uzun.

Həbib sənət hissi çox yüksək olan rejissorlardan sayılırdı. Onun sözü nəinki işlədiyi teatrda, digər teatrlarda da keçirdi.  Tamaşa haqda fikirlərini dəqiq ifadə etməyi bacarırdı. Rejissorlar adətən başqa rejissorların fikirlərinə qarşı qısqanc olsalar da, hər zaman Həbibi öz tamaşalarına dəvət edir, rəyini diqqətlə dinləyirdilər.  Tamaşa Həbibin  də ürəyincə olmamışdı. Bununla belə tamaşanı qətiyyən zəif də adlandıra da bilmirdi. Həbibin barometrinə görə tamaşa ortadan bir az yuxarı idi. Samir görünür belə düşünmürdü. Həbib danışmaq, onu tamaşanın uğuruna əmin etmək istəyirdi. Rejissor üçün bu tamaşa itirilmiş deyildi, haradasa bu tamaşanı öz aktivinə də yazırdı. Növbəti premyaraya hələ iki həftə vardı. Həbib bu vaxtı son dəqiqəsinə qədər dəyərləndirəcəkdi. Lakin tamaşadan sonra Samirin düşdüyü vəziyyətlə bu, elə də asan olmayaqdı.          

Samirin oyunu Həbibi tamaşanın taleyindən daha çox narahat edirdi. Əvvəlki heyətdə olmayan Solmaz rolunun ifaçısı Samiri aşkar şəkildə üstələmişdi. Bu Samir o Samir deyildi. Doğrudur, Samir bilərəkdən pis oynamamışdı. Biri var rejissorun tapşırığını yerinə yetirmək, biri də var xarüqələr yaratmaq. Samir ancaq tələb olunanı edirdi, əvvəlki entuziazmdan, ilhamdan və istedaddan onda lap az şey qalmışdı. Həbib dünən gecə tamaşanın köhnə variantının videosuna baxanda buna tam əmin olmuşdu. Bunu Samirə deməmişdi. Heç zaman da deməyəcəkdi. Həbib bilirdi ki, Samirin yenidən teatra alışması üçün vaxt keçməlidir. Teatrın qoxusunu unutduqdan sonra möcüzə yaratmaq asan deyildi. Həbib heç zaman teatrdan ayrılmasa da, bu təəssüratına ürəkdən inanırdı. Samir canlı nümunə idi.

Həbib düşüncələrə dalıb, az qala, Samiri unutmuşdu. Samir hələ də qımıldanmırdı. Həbib narahat olmağa başladı. Səhnədən çıxıb otağına getdi. Şərab şüşəsi ilə iki qədəh götürüb qayıtdı. Samir yerindən qalxmış, dizlərini qucaqlayıb oturmuşdu. Şərabı qədəhlərə süzüb birini onun qarşısına qoydu. Sükutla şərab içirdilər. Samir qəfildən ayağa durub,  pərdələri çəkdi, zalın işıqlarını yandırdı. Sonra da Həbibin əlindən tutub dəlisov bir qışqırıqla “Qalx ayağa, öz rolumuzu oynayaq, bircə dəfə də özümüz olaq. Qorxma, boş salona oynayacağıq. Bizi heç kim eşitməyəcək. Gəl...” dedi.

Samirin nə səsi, nə də mimikası özünə oxşamırdı, gözlərində qorxunc bir ifadə vardı.  Səhnədə dayanmadan var-gəl edirdi. Sanki bir azdan monoloq deyəcəkdi. Başı o qədər özünə qarışmışdı ki, zala girib birinci sırada oturan Səbinənin ayaq səslərini belə eşitmədi. Həbib səhnəyə tərəf gələn Səbinəyə əli ilə zalda oturmağı işarə elədi.

Samir şərab süzüb bir qurtum aldı.  Əlindəki qədəhi Həbibə tuşlayıb danışmağa başladı:

-Həbib, əziz dostum. Mən nəyə görə bu vəziyyətə düşmüşəm? Nə qədər çalışdım. Amma yenə alınmadı bu rol. Məni kim qarğıyıb? Niyə əvvəlki kimi oynaya bilmirəm? Niyə zal alqışlardan dağılmadı? Axı sən özün görmüsən mənim alqışlarımı. Özün görmüsən. Görmüsən mən necə aktyor idim. Mənə “Ərəblinski” deyirdilər. Amma indi kiməm? Ortabab bir aktyor. Dünyada ortabablıqdan murdar şey yoxdur. İstedadsızlıq ondan min qat yaxşıdır. Məndən utanmasan, dublyor keçirdəcəksən məni. Bu nədir axı? Nə bəladır?  Niyə görə mən Kroçenin kastinqindən keçə bilmədim?  Sənin o xahişlərinə, yalvarışlarına baxmayıb götürmədi məni. Dedi bu aktyorla çəkə bilmərəm.  Nəyə görə olur bütün bunlar? Bəlkə açıb deyəsən? Açıq deyəsən ki, sən Samiri olan gündən lənət qapısı olubsan. Bütün lənətlər gəlib səni tapıb. De, Həbib, de ki, Samir ölüb, yerində bir cəsəd qalıb. De ki, istedadım məhv olub. De ki, mən o Samiri görmürəm. Yoxdu o Samir. Qurtarıb. Tükənib. Zibilə atmaq lazımdır. Mən də gedim kələm satım, taxta-şalban alveri edim. Özümə bir iş tapım. Axı mən burda əzab çəkirəm. Alınmır axı belə. Mən məhv oluram. Özüm öz gözümdən düşürəm. Hər gün bir az ölürəm. Hər dəfə pərdə salınanda yerə çöküb iki saat halsız qala bilmərəm axı. Elə bu səhnədə şərabıma zəhər qatıb ölərəm, bir də o hala düşmərəm. Mənə nə olub? Axı sən həmişə düz danışmısan mənimlə. Dilinə yalan gəlməyib sənin. Sən müqəddəs adamsan. Mən sənə inanıram. Amma niyə mən sənin kimi mələk olmuram? Niyə belə oluram? Əvvəlkindən də yüz dəfə artıq. Alınmır, Həbib. Min dəfə məşq edirəm. Alınmır məndə. Nə edim?

Samir qəfildən danışmağa başladığı kimi qəfildən də susdu. Həbib də susurdu. Sükut uzandıqca Samir də gərginləşirdi. Sual dolu baxışlarla cavab gözləyirdi. Həbib bir-iki addım atıb Samiri sakitləşdirmək istədi:

-Samir, bu, sənətdi. Biz istəyəndə olmur. İstəməklə olmur. Çalışacaqsan. Öyrənəcəksən. Hər şey yaxşı olacaq. İnan mənə. Əvvəlkindən də yaxşı olacaq hər şey.

-Həbib, çox xahiş edirəm. Mənə qarşı dürüst ol. Düz danış mənimlə. Mən uşaq deyiləm. Gerçəyi de mənə.

-Mən sənə yalan demirəm.

-Amma doğrunu da demirsən.

-Samir..

-Həbib...

Samirin əsəbdən üzü qızarmışdı. Həbib onu heç vaxt belə görməmişdi. Səbinə ayağa qalxdı, Həbib bu dəfə də baxışları ilə onu yerinə oturtdu. Həbib Samiri qucaqlayıb dedi ki, sabah danışarıq, gedək evimizə, yorğunuq, sabah danışarıq.  Samir susdu, sonra Həbibin başını əlləri arasına alıb az qala pıçıltıyla dedi:

-Həbib, bu gecə son gecədir. Bu gecə illərdir məndən gizlətdiyin  həqiqətləri bilmək istəyirəm. İllərdir mənimlə görüşəndə dilinin ucuna gəlir o söz. Bəlkə də ürəyinin bir guşəsində saxlayırsan o sözü. Belə eləmə. Bilirsən ki, Aynadan sonra təmtək qalmışam. Səndən başqa heç kimim yoxdur dünyada. Bizim bir-birimizdən başqa heç kimimiz yoxdur, Həbib. Neynirəm o qızıl teşti ki, içinə qan qusum? Mən o şöhrəti...

“Ayna sənə görə intihar etdi. Bəsdir. Onun adını ağzına alma. Bəsdir. Bunu eşitmək istəyirdin?”. Həbib bu sözləri deyərkən səsinin bu qədər bərk çıxmasına özü də təəccübləndi.

Samiri sanki ildırım vurdu, arxaya doğru addım atdı, gözündə yaş parladı. Göz yaşı Həbibin hirsini soyutmadı. Ayna ilə bağlı dediyi, həqiqət olmağına həqiqət idi, amma gizli qalmalıydı. Bu sirri ancaq Samirlə Həbib bilirdi. Görünür,  Samir illərin yaddaş savaşından qalib çıxıb günahı özünə unutdurmuşdu. İndisə Həbib əzablı xatirəni onun beynindən dartıb çıxartmaqla Samirə işgəncə verirdi. Və sanki heyvani bir zövqlə onun iztirabına tamaşa edirdi. 

Səbinə sataşdı Həbibin gözünə. Ağlayırdı. Özü də hönkürtü ilə. Samir Həbibə tərəf bir-iki addım atdı, amma  müvazinətinini saxlaya bilməyib yerə oturdu. Əllərini Həbibə uzatdı, Həbib də tutdu. “Doğrudanmı, elə oldu?” deyə soruşdu Samir.                                                                                  

“Elə oldu, əlbəttə. Sən yaddaşından pozmusan, amma mənim yadımdadır. Mən cəhənnəm,  Ayna torpağın altındadı. Onu sənin laqeydliyin öldürdü. Sənin biganəliyin öldürdü. İtə də tamah salırdın. Min dəfə xəyanət edirdin. Ən pisi bilirsənmi nə idi? Sənin o ucuz yalanların. Sənin o əclaf yalanların. Sən Ayna kimi mələyi məhv elədin. Ayna səni o qədər sevirdi ki... O bu dünyada sənsiz yaşaya bilmədiyinə görə intihar etdi. Onun üçün sənsiz həyat elə ölüm idi. Səni ölənədək sevdi. Amma sən... Sən onu elə unutdun ki. İndi gəlib utanmadan onun adını çəkirsən. Bax, sən o adı çəkməsəydin, o müqəddəs adı öz murdar dodaqlarına almasaydın, mən bütün bunları sənə deməyəcəkdim. Elə bildin ki, xoşbəxt olacaqsan? Sənin üzərində Aynanın lənəti var, ay axmaq. Sən heç vaxt xoşbəxt ola bilməyəcəksən. Sən daha heç kimi sevə bilməyəcəksən. Başa düşürsən? Bu sənin lənətindir. Puç və mənasız bir ömür qarşındadır, əziz dostum”.

Həbib danışdıqca Samir əlini üzünə tutub hıçqırıqla ağlayırdı.  Səbinə daha dözmədi,  qaça-qaça gəlıb Samiri qucaqladı. Samir onu əliylə itələyib ayağa qalxdı. Həbibin üstünə yeridi:

-Yalan deyirsən. Mən böyük aktyoram. Mən çox zirvələr fəth edəcəm. Görəcəksən. Sən isə bu çürümüş teatrın küncündə öləcəksən. Tənha, yazıq bir adam kimi...

Həbib gülümsəyir, Samir isə susmaq bilmirdi:

-Sən mənim şöhrətimə heç zaman çata bilməyəcəksən. Ona görə paxıllıq edirsən. Məni Kroçenin kastinqinə çağırdın. Elə elədin ki, seçilə bilməyim. Məni sənətdən küsdürmək üçün ora çağırmışdın. Məqsədin bu idi. Bu tamaşanı da məhz mənim üçün düzüb qoşdun. Üç həftəyə tamaşa olar? Mənim bu axmaq çıxışım hamıdan çox sənə lazım idi. Mənə qurğu qurmuşdun. Heç zaman şöhrətimlə barışmadın. Şöhrətimi qısqandın həmişə. Bu mənasız teatrda beş-altı avaranın tərifinə aldandın. Məni əvvəldən gözün götürmürdü. Məndən belə  intiqam aldın. Elə bilirsən, hiss etmirdim bütün bunları? Mən teatrdan getmək istəyəndə divar kimi qabağımda durdun. Deyirdin getmə. Məhv olacaqsan deyirdin. “Məhv olacaqsan”. Sözə bax ha... Amma mən ulduz oldum. Mən sənin düzəltdiyin Samir Səhər deyiləm, mən şöhrətli Samiriyəm. Yadına gəlir, televiziyada nə demişdin? Demişdin ki, sənətin lənəti üzərində olan iki-üç istedadlı aktyor tanıyıram. Guya bilmədim ki, məni deyirsən? Guya mən lənətə düçar olmuşam. Nə axmaq şeylər fikirləşirsən sən. Get pyes yaz da bunları düşünənə qədər. Məni kastinqdən keçirtmədin, bu gün bu səhnədə də yaman günə qoydun. İndi də deyəcəksən ki, məni səhnənin lənəti tutub. Yalan danışırsan. Bunlar hamısı sənin xəyallarındır. Arzularındır. Bu sənin qarğışındı, sənin lənətindir. Sən hələ Samirini tanımırsan!

Həbib aramla danışsa da, ağzından od tökülürdü:

-Mən Samirini çoxdan tanıyıram. Sən Samir deyilsən. Samirisən. Bəli, lənətlisən sən. O ad lənətli addı. Samiri bilirsən kimdir? Əqidəsinə xəyanət edən adam. Elə bilirsən o sarsaq serialından sonra gəlib burda Elxan ola biləcəksən? Ay bədbəxt, sən çoxdan Aqşin olmusan. Sən çoxdan satılmısan! Oynadığın o Biləgənli Elxanı, o Babəki bilirsən harda asıblar? Samirə şəhərində asıblar, ay bədbəxt. Sən Babəkin qatili olan şəhərin adını daşıyırsan. Samiri... Samiri...  Ay yazıq, indi Babək çıxar səndən? Mən səndən adam düzəltmək istəyirdim. Şeytandan mələk düzəltmək istəyirdim. Səhv etmişəm. Yazıya pozu yoxmuş!

Həbib bu sözləri qəribə bir əminliklə, müqəddəs bir kitabdan əzbərləyibmiş kimi söylədi. Səbinə bütün şübhələrinə son qoymağın heyrəti içindəydi. Samir zaldan çıxanda Həbibin son sözləri qulağında cingildəyirdi.

Hər ikisi,  hətta hər üçü anlayırdı ki, bu görüş onların sonuncu görüşüdür. 

 

Epiloq

“Samiri şou”nun studiyaya  güclə sığan tamaşaçıları və qonaqları sürəkli alqışlarla aparıcını salamlayır. Samiri kulisdə ləngiyərək bu alqışları uzadır və onlardan həzz alır. Sonra təntənəli addımlarla studiyaya daxil olaraq verilişi açır:

-“Samiri şou”!!! Bəh-bəh-həh. Yenə möhtəşəm şou. Yenə möhtəşəmsiz. Ay təşəkkürlər. (Sürəkli alqışlar) Yenə əlasız. Super. Super. Super. Çox sağ olun. Yenə həmişə olduğu kimi mən Samiri bu alqışları görəndə böyük həvəslə,  şövqlə, ruh yüksəkliyi ilə demək istəyirəm ki, mən burdayam.

Müəllif verilişin təsvirini uzadıb yüz səhifə yaza da bilərdi. Lakin buna ehtiyac yoxdur. Siz verilişə tam şəkildə Yutubun “Möhtəşəm şou” kanalından da baxa bilərsiniz.

Bizdən ayrıldıqdan sonra Səbinə zaldan çıxıb teatrın foyesində ayaq saxladı. Samirin nömrəsini, şəkillərini telefondan sildi. Hər şeyi arxada qoymağın vüqarı ilə pilləkənləri sürətlə düşüb, getdi. İndi Samirlə qarşılaşmamaq üçün onun verilişi yayımlanan kanalı belə televizordan silib. Ötən günlər haqda heç kimə heç nə danışmır. O günləri heç xatırlamır da. Sanki bütün bunlar pis bir yuxuymuş...

Paolo Kroçe ilə çəkdiyi film Lakorno festivalında mükafat aldıqdan sonra Həbib İtaliyaya köçdü. İndi  Milan teatrında tamaşalar qoyur, kastinq agentliyində təlimlər keçir. İtaliya vətəndaşı olmağa hazırlaşır.

Rafiq yenə seriallarla məşğuldur. Film çəkmək sevdasından vaz keçib. Arzusu Türkiyədə serial çəkməkdir.

2015

Oktyabr-noyabr

Azərbaycan jurnalı

2016 (11)


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!