“Kitabsevərlər” Hərəkatı yenidən “Kitab al, kitab qazandır” layihəsinə start verir.
Edebiyyatqazeti.az-a gələn məlumata görə hərəkatın 21-ci kitabı, Sevinc Elsəvərin uşaqlar üçün yazdığı "Şeytan çarxı" romanıdır.
Əsərin təqdimatı oktyabrın 28-də, saat 13:00-dan 16:00-dək "Kitabevim.az" mağazalar şəbəkəsinin "28 May" filialında baş tutacaq.
Roman göy qurşağı barədə olan qədim əfsanəmiz - "Fatı qarının xalçası" - üzərində qurğulanıb. Bakı bulvarındakı "Şeytan çarxı"na minən 7 yeniyetmə qəfildən yoxa çıxır. Onların müxtəlif zaman və məkanlara səyahəti, orda başlarına gələn macəralar balaca oxucular üçün çox maraqlı və öyrədici olacaq.
Kitabın satışından əldə olunan gəlir əsasında müxtəlif bölgələrdən olan uşaqlara kitab, dərs ləvazimatı hədiyyə ediləcək.
Layihənin iki əsas şərti var:
1. Əsas şərt
Siz o uşaqlara deyil, özünüzə, övladınıza və ya yaxınlarınıza kitab alırsınız, aldığınız hər 2 kitaba görə, 1 kitab hədiyyə üçün ayrılır. Yəni özünüzə almaqla kənd uşaqlarına kitab qazandırmış olursunuz.
2. Könüllü yardım
Hər kəs istəsə təqdimat günü məktəb ləvazimatı, dərslik və uşaqlar üçün bədii kitablar da gətirərək həmin uşaqlara göndərə bilər. Dərslik və kitablar işlənmiş də ola bilər.
Kitabın qiyməti 5 manatdır.
Ünvan: Nəsimi r., Puşkin k., 32 a, AK center II mərtəbə (28 may M.)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!