Yazıçı Natiq Məmmədlinin "Körpüdə ümid" romanı Türkiyədə işıq üzü görüb.
Kitab "SahilKitab" Nəşriyyat Evi tərəfindən çap olunub. Kitabın redaktoru və türk dilinə çevirəni Qönçə Aydəmirdir.
Romanda hadisələr Ümidqovan adlı məkanda və insanların arzularını həyata keçirən Ümid Piri ətrafında cərəyan edir. Qəflətən dili tutulan bir uşaq şəfa tapması üçün bura gətirilir. Üç gecə ziyarətdə qalan uşaq insanların ağıldankəm hesab etdikləri Pirdəli ilə dostlaşır və onlar maraqlı həmsöhbətə çevrilirlər. Əslində onların dilləri yox, ürəkləri danışır.
Tarixi hadisələrin kontekstində qələmə alınmış romanda Ümidqovan vətən anlayışı, yer, yurd olaraq qələmə alınıb. Roman özlərinə körpü üzərində vətən quran insanlardan, onların keçmiş və indilərindən, ümidlərindən bəhs edir.
Qeyd edək ki, roman Azərbaycan dilində 2014-cü ildə Bakıda nəşr olunub. 2015-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəsr nominasiyası üzrə "Qızıl Kəlmə" mükafatı qazanıb.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!