Milli Kitabxanadan Mikayıl Müşfiqin 110 illiyinə töhfə

Oktyabrın 5-də Mirzə Fətəli Axundzadə adına Milli Kitabxanada Mikayıl Müşfiqin anadan olmasının 110 illiyinə həsr edilmiş “Mikayıl Müşfiq. Biblioqrafiya” kitabının və “Mikayıl Müşfiq – 110” elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.

Tədbir Prezident İlham Əliyevin Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında 17 may tarixli Sərəncamına əsasən Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşıb.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı Mikayıl Müşfiqin həyat və yaradıcılığından danışıb. Bildirib ki, Müşfiqi bütün nəsillərə sevdirən və adını yaşarı edən onun ürəkdən gələn səmimiyyət dolu poeziyasının xalq ruhu ilə bağlılığı, doğma Azərbaycanımızı böyük məhəbbətlə tərənnüm etməsi, qəlbləri ehtizaza gətirməsidir. Milli Kitabxana tərəfindən tərtib edilmiş “Azərbaycanın görkəmli şəxsiyyətləri seriyasından” hazırlanmış göstəricinin görkəmli şair haqqında ilk fundamental bioqrafiya olduğunu söyləyən professor, nəşrdə “Mikayıl Müşfiqin həyat və yaradıcılığının əsas tarixləri”, “Mikayıl Müşfiq poeziyasından nümunələr”, “Görkəmli şəxsiyyətlər Mikayıl Müşfiq haqqında” bölmələri, şairin ədəbi fəaliyyətini, həyat və yaradıcılığını əks etdirən 1926-2018-ci illərdə dərc olunmuş materialların əksini tapdığını qeyd edib.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev kitabxana tərəfindən ənənə halını almış görkəmli şəxsiyyətlərin bioqrafiyasının hazırlanmasının gözəl təşəbbüs olduğunu və bu işin böyük zəhmət hesabına başa gəldiyini qeyd edib. Bildirib ki, bu seriyadan hazırlanmış növbəti bu kitab müşfiqsevərlər üçün gözəl bir töhfədir. Çox qısa bir müddət – 12 il yazıb-yaratsa da, onun əsərləri ədəbiyyat tariximizdə, xalqımızın yaddaşında və hamının qəlbində bir nəğmə kimi yaşayır.

Şairin yaradıcılığının dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirildiyini deyən nazir müavini, respublikamızda bu münasibətlə silsilə tədbirlərin keçirildiyini qeyd edib.

Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev bildirib ki, Mikayıl Müşfiq XX əsrdə yaranan və inkişaf etməkdə olan poeziyanın qüdrətli nümayəndələrindən biri olub, ədəbiyyatımızın inkişafına sanballı töhfələr verib. “Cəmi 30 il yaşasa da, Mikayıl Müşfiq xoşbəxt taleli şairdir. Fitri istedadı, ilhamı onu yaşatdı. Onun haqqında çoxlu kitablar, tədqiqat əsərləri, monoqrafiyalar yazılıb, bu o deməkdir ki, xalq yaradıcı şəxsiyyətlərini unutmur. O şəxsiyyət ki, xalq üçün yaşayır, yaradır. M.Müşfiq heç zaman unudulmayacaq, o qəlbimizdə daim yaşayacaq”, - deyə professor qeyd edib.

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Şirindil Alışanlı və digərləri unudulmaz şairin ədəbiyyatımızdakı xidmətlərindən danışıblar. Vurğulanıb ki, nakam şair Azərbaycan xalqı üçün əsl sənət xəzinəsini yadigar qoyub, eyni zamanda, böyük bir xəzinənin açarını da özü ilə əbədiyyətə aparıb. Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir. O, lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaradıb.

Tədbirdə Milli Kitabxana tərəfindən hazırlanmış “Mikayıl Müşfiq – 110” elektron məlumat bazası təqdim edilib, şair haqqında film nümayiş olunub.

 

/Azərtac/

 

 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!