Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının mətbuat xidmətindən Edebiyyatqazeti.az-a gələn məlumata görə yeni teatr əlaqələrinin qurulması, yaradıcılıq mübadiləsinin təşkili və qarşılıqlı əməkdaşlığın inkişafı məqsədilə teatr daha bir beynəlxalq festivala hazırlaşır.
“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrası və teatrın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi məqsədilə teatr təmsilçilərimiz 5-14 oktyabr tarixlərində Rusiyanın paytaxtı Moskva şəhərində keçiriləcək S. V. Obraztsov adına IX Beynəlxalq Kukla Teatrları Festivalında iştirak edəcək.
Tədbirə teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadənin rəhbərliyi ilə qatılacaq təmsilçilərimiz orada repertuardakı seçkin nümunələrdən biri, dəfələrlə beynəlxalq festivallara qatılaraq mükafatlara layiq görülən “Ağ və qara” tamaşaçı ilə çıxış edəcəklər.
Tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Kamran Şahmərdan, quruluşçu rəssamı Tatyana Melnikovadır. Böyüklər üçün nəzərdə tutulan birhissəli tamaşada rolları Rauf Babayev, Rəhim Rəhimov, Lina Məmmədova, İqbal Əliyev, Cavid İbrahimov və başqaları ifa edirlər.
Qeyd edək ki, tədbir MDB ölkələrinin Mədəniyyət İli çərçivəsində təşkil olunur. V. Obraztsov adına Rusiya Dövlət Akademik Mərkəzi Kukla Teatrınında keçirilən bu ənənəvi festival çox məşhurdur və onun proqramına ən məşhur teatrların yüksək peşəkarlıqla hazırlanan səhnə işləri daxil edilir. Bu dəfə 7 ölkədən 17-dən artıq teatr kollektivinin iştirak edəcəyi tədbir sırf tamaşaların nümayiş və mükafatlandırılması ilə yekunlaşmayacaq. Belə ki, festival çərçivəsində Rusiya və digər ölkəkərin məşhur teatr mütəxəssisləri, kuklaçı və teatrşünaslarının iştirakı ilə dəyirmi masalar və ustad dərsləri də təşkil olunacaq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!