Azərbaycanın yaradıcı gəncləri Beynəlxalq Ədəbiyyat Portalında

 

Edebiyyatqazeti.az xəbər verir ki, Belarusun paytaxtı Minskdə MDB üzrə Beynəlxalq Ədəbiyyat və Publisistika Portalı - "Sozvuçie" müstəqillik dövrü Azərbaycan ədəbiyyatında öz yaradıcılığı ilə fərqlənən gənclərin bir qisminin şeirlərini yayımlayıb.

Rus dilində yerləşdirilən şeirləri və onların müəlliflərini MDB və Şərqi Avropa oxucularına Azərbaycan və Belarus Yazıçılar Birliyinin üzvü, yazıçı-tərcüməçi Kamran Nəzirli təqdim edib.

“Gənclər sevir - demək, ümid var” başlıqlı təqdimatında K.Nəzirli poeziyada öz dəsti-xətti ilə seçilən gənc ədəbiyyat nümayəndələrindən Günel Eyvazlının, Nicat Məmmədovun, Faiq Hüseynbəylinin, Pərviz Seyidlinin poeziya nümunələrini MDB oxucularına təqdim edərək yazır: “Yaşadığımız çağdaş dövr yaradıcı şəxslərdən təkcə istedad, bacarıq və ağıl deyil, həm də işinə sevgi tələb edir. Sevgi - həyat, insanlıq deməkdir. Sevirsənsə, demək hər şey yaxşıdır. Gələcək üçün təhlükə yoxdur.

Mən çox şadam ki, klassik adlandıra biləcəyimiz bu mövzu müasir, kreativ gənclərimizin yaradıcılığında da əsas rola malikdir.

Bizim gənclər insanı, insanlığı, bəşəriyyəti, vətəni, torpağı, ailəni, uşaqları çox sevir.

Sizə təqdim olunan poeziya nümunələri elə məhəbbətdən qaynaqlanaraq qələmə alınıb. Sevgi - ölümsüzlüyün təminatıdır. Ümidlə söyləmək olar ki, onlar gələcək nəsillərə də ötürülə biləcək... Belə olduğu halda ədəbiyyatın, mədəniyyətin, incəsənətin, həyatımızın sabahına böyük ümid var.

Bu gün böyük məmnuniyyət hissi ilə bir neçə gənc müəllifi “Sozvuçie” oxucularına təqdim etmək istəyirəm. Bunlar - Günel Eyvazlı, Faiq Hüseynbəyli, Nicat Məmmədov və Pərviz Seyidlidir".

http://sozvuchie.by/poeziya/item/4403-azerbajdzhan-tvorcheskaya-molodezh.html

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!