“Qurbağa öpüşü” təqdim edildi

Sentyabrın 23-ü "BookZone" Kitab evində Parafraz Nəşrlərinin ilk kitabı, Ceylan Mumoğlunun "Qurbağa öpüşü" hekayələr toplusunun təqdimatı keçirilib.

 

Çoxsaylı oxucular, media nümayəndələri, eləcə də ədəbiyyat adamlarının iştirak etdiyi tədbiri Parafraz Nəşrlərinin rəhbəri, yazıçı, jurnalist Cavid Qədir açaraq yeni yaranan qurumun hədəfləri haqqında danışıb. Bildirib ki, Parafraz Nəşrlərinin əsas məqsədi kitab industriyasını canlandırmaq, oxucuları keyfiyyətli tərcümə və çap materialları ilə təmin etmək, gənc qələm sahiblərinə dəstək olmaqdır.

 

C.Qədir çıxışında qurumun planlarından da söz açıb, noyabrda çap olunacaq ikinci kitabın anonsunu verib.  

 

Təqdimatda həmçinin "Kitabsevərlər" hərəkatının rəhbərlərindən Səbuhi Şahmursoy, Fariz Bayramov, Rəşad Babalı, yazıçılar Dalğa Xatınoğlu, Ülviyyə Tahir, psixoloq Kamil Həmidov, "Erməni zindanında səkkiz gün" kitabının müəllifi, Xocalı faciəsinin şahidlərindən olan Dürdanə Ağayeva, "Qurbağa öpüşü" kitabının korrektoru Rəna İsayevə çıxış edərək Ceylan Mumoğlu və Parafraz Nəşrlərinə uğur arzulayıb, hazırkı vəziyyətdə kitab bazarına yeni nəfəsin gətirilməsinin vacibliyini vurğulayıblar. 

 

Tədbir çıxışlarla davam edib. 

 

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!