Sentyabrın 24-də Azərbaycan Dillər Universitetində (ADU) məşhur rus yazıçısı, şair, dramaturq, kinossenarist və ictimai xadim Yuri Polyakovla görüş olub.
Rusiyanın “Dostluq”, “Şərəf”, “Vətən qarşısında xidmətlərinə görə” IV dərəcəli ordenlərinə layiq görülmüş Yuri Polyakov “Literaturnaya qazeta”nın redaksiya şurasının sədri, Rusiya Yazıçılar İttifaqının üzvü, RF Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri, Rusiya Dramaturqlar Gildiyasının sədridir. Onun çoxsaylı romanları, povest və pyesləri oxucular arasında böyük uğur qazanıb, bu əsərlər əsasında filmlər və seriallar çəkilib, tamaşalar hazırlanıb.
Edebiyyatqazeti.az Azərtac-a istinadən xəbər verir ki, ADU-nun rektoru, məşhur Azərbaycan yazıçısı, akademik Kamal Abdulla tədbiri açaraq, qonağı salamlayıb. O qeyd edib ki, Azərbaycan Dillər Universitetinin müəllimləri və tələbələri yazıçı ilə bu görüşü çoxdan gözləyirdi. K.Abdulla deyib: “Dünən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Yuri Mixayloviçin eyniadlı əsəri əsasında “Sinif yoldaşları” adlı tamaşanın premyerası böyük uğurla keçdi. Bu tamaşanın ərsəyə gəlməsində əməyi olmuş hər kəsə təşəkkür edirik. Qonağımızı növbəti uğuru münasibətilə təbrik etmək istəyirəm. Əminəm ki, siz bizim şəhərə tez-tez gələcəksiniz. Bir daha xoş gəlmisiniz!”
Yuri Polyakov Azərbaycana səfərindən məmnun olduğunu bildirib, premyeranın uğuru barədə təəssüratlarını bölüşüb, “Sinif yoldaşları” pyesinin ideyasının necə yaranması barədə söhbət açıb. Qonaq deyib: “Bu əsəri Azərbaycan dilinə tərcümə etmiş Etimad Başkeçidə minnətdarlığımı bildirmək istəyirəm. Bunun necə böyük zəhmət olduğunu başa düşürəm. Çünki vaxtilə mən özüm də tərcüməçiliklə məşğul olmuşam. 2016-cı ildə Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski mənim “Xalam-Bundu” əsərimi tamaşaya qoyub. Bu əsər də böyük uğur qazandı. Pyes həm Azərbaycanda, həm də postsovet məkanındakı digər ölkələrdə rəğbətlə qarşılandı. Əsərin taleyi heç də həmişə birmənalı olmur. Bəzən ona dərhal diqqət yetirirlər, bəzən isə diqqətdən kənarda qalır. Uğuru əvvəlcədən duymaq mümkün deyil”.
Y.Polyakov özünün ən populyar əsərlərindən biri olan “Süddə çəpiş” romanının Bakı Slavyan Universitetində təqdimatı zamanı həmin ali məktəbdə olması barədə xatirələrini bölüşüb. Roman on dilə, o cümlədən Azərbaycan dilinə tərcümə edilib, bu əsər əsasında film çəkilib.
Y.Polyakov rus yazıçılarının həyatı barədə söhbət açaraq diqqətə çatdırıb ki, bəzi yazıçılar öz xalqının tarixinə və məişətinə böyük maraq göstərir. O, müasir rus ədəbiyyatının inkişafına böyük töhfə vermiş sevimli müəllifləri barədə danışıb, qeyd edib ki, qələm ustalarının üzərinə böyük məsuliyyət düşür. Onlar ictimai rəyin formalaşmasına böyük təsir göstərirlər.
Sonra qonaq ADU-nun müəllim və tələbələrinin suallarına cavab verib.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!